Məhkəmə qərarları › İş №2(003)-1296/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1296/2022

18.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1296/2022 18.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana Cavabdeh tərəfindən ona (abonent kodu: **********01740) əsassız hesablanmış 9453,46 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına müxtəlif vaxtlarda aktlar tərtib edilməklə əsassız olaraq böyük miqdarda borc hesablanmışdır. Hansı ki yay aylarında 180,0 manat borc yazılıb. Fərdi evdə yay vaxtı bu qədər qaz istifadəsi qeyri mümkündür. Möhtərəm hakim qeyd edir ki, sözügedən aktlardan heç bir xəbəri olmamışdır və aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum oldu ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında onun üçün ümumilikdə 9453,46 manat məbləğində qaz borcu hesablanmışdır. Belə ki, Cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Bildirir ki, cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Odur ki, həmin borcun silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, qeyd olunan ünvan ona məxsus olsada o, həmin ünvanda yaşamır. Həmin ünvanda qaz sayğacı olmamışdır. O, sadəcə 2020-ci ilin aprel ayından qeyd olunan ünvanda ara-ara yaşayıb. Həmin vaxtda orda sayğac olmadığından onun tərəfindən 2020-ci ilin aprel ayında sayğacdan kənar qaz xətdindən istifadə etmişdir. Bundan sonra onun mənzilinə sayğac qoyulmuşdur. Halhazırda da onun sayğacı düzgün işləmir. Belə ki, 2020-ci ilin may ayından onun mənzilinə qz sayğacı qoyulsa da syğacın aylıq göstəriciləri çox olur. Yuxarıda göstərilənlərə əsasən ona aktlar əsasında və sayğac göstəricilərinə əsasən hesabalanmış 9453,46 manat borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının abonent saldosu üzrə borcu ümumilikdə 9403,46 manatdır. Həmin borcun 6858,5 manatı aktlar əsasında, qalan 2544,96 hissəsi isə idiaçının qazdan istifadə etdiyinə görə apardığı ödənişlər nəzərə alınmaqla sayğaca hesablanmış bocdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********01740 sayla qeydiyyata alınmış abonent koduna (abonent Muradova (Orucova) Solmaz Adıbala qızı) 2022-ci ilin mart ayınadək ümumilikdə cəmi 9403,46 (6858,5 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 2544,96 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, iddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. İş materiallarında olan aktlardan görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27.08.2018-cı il tarixli ******* saylı akt əsasında 133.20 manat, 27.09.2018-cı il tarixli ******* saylı akt əsasında 115.20 manat, 30.11.2018-cı il tarixli ******* saylı akt əsasında 284.40 manat, 08.12.2018-cı il tarixli ******* saylı akt əsasında 142.20 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 66.60 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, 31.05.2019cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, 30.12.2019cu il tarixli ******* saylı akt əsasında 295.20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 157.40 manat borcu yaranmışdır. Aktların tərtibində istehlakçı İddiaçı aktları imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 6858,5 manat məbləğində borc hesablanmışdır. Bundan sonra cavabdeh təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. İddiaçı 2020-ci ilin aprel ayında sayğacdan kənar qaz xətdindən idtifadə etdiyini bildirir. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla hesablanmış borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinəəsasən qazpaylayıcı şəbəkəyəqanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədənayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edilənləri və iddiaçı tərəfindən yuxarıda göstərilən və onun tərəfindən 2020-ci ilin aprel ayında bir dəfə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini, onun sayağaca qanunsuz qoşulma kimi iddiaçının qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə verdiyi izahatında 2020-ci ilin aprel ayında bir dəfə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini bildirdiyindən, məhkəmə 2020-ci ilin aprel ayında akt əsasında hesablanmış 157,40 manat borcun silinməsi hissəsində iddiaçının tələbini əsaslı hesab etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aktlar əsasında sayğacdan kənar qaz xəttinə görə 2013-2020-ci illərdə cəmi aktlar əsasında 6858,5 manat məbləğində borc hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sayğacdan kənar qaz xətdindən istifadəyə görə aktlar hesablanmış hesablanmış 6701,1 (6858,5 – 157,40) manat borc silinməlidir. Bundan başqa abonentin saldosundan görünür ki, təbbi qazdan istifadəyə görə iddiaçıya hesablanmış 9403,46 manat borcun 2544,95 manatı (ödənişlər nəzərə alınmaqla) təbii qaza görə sayğac göstəricisinə əsasən hesablanmış borcdur. Məhkəmə iddia tələbini həmin hissəsinə qiymət verərək hesab edir ki, 2544,95 manat borc abonentin istifadə etdiyi təbii qaza görə sayğac göstəricisinə əsasən hesablandığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 87,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********01740) hesablanmış 6701,1 manat məbləğində borc silinməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********01740) hesablanmış 6701,1 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 87,0 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar