Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1323/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə onun adına rəsmiləşdirilmiş **********00080 saylı abonent hesabına hesablanmış 3720,28 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. "Azəriqaz” İB-nin Xəzər rayon Şöbəsinin əməkdaşları xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qeyd olunan ünvan üzrə quraşdırılmış sayğaca onun məlumatı və iştirakı olmadan baxış keçirmiş və aktlar tərtib edilmişdir. Bütün bu aktlardan heç bir şəkildə məlumatlandırılmamışdır. "Azəriqaz” İB-nin Xəzər rayon Şöbəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə ünvan üzrə quraşdırılmış qaz sayğacına məlumatı olmamasına baxmayaraq ******* saylı akt tərtib edərək "sayğaca gələn qaz xəttindən qeyri-qanuni qoşulma edərək sınıq vasitəsi ilə təbii qazdan sayğacdan kənar istifadə" qeyd edilmişdir. Daha sonra "Azəriqaz” İB-nin Xəzər rayon Şöbəsinin əməkdaşları xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ünvan üzrə quraşdırılmış qaz sayğacına məlumatı olmamasına baxmayaraq 422546 saylı və ******* saylı aktlar tərtib edərək, "abonentin təbii qazdan qeyri-qanuni istifadə olunması qeyd edilmişdir. Qeyd edir ki, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, mütəmadi olaraq ödənişlərini etmiş və sayğaca müdaxiləsi mümkünsüzdür. "Azəriqaz” İB-Xəzər rayon Şöbəsinin əməkdaşları bütün bu hərəkətləri barədə abonentə məlumat verilmədən akt tərtib etmişlər. Belə ki, sayğac çöl şəraitində olduğundan sayğaca müdaxiləsi mümkün deyildir. Cavabdeh İB-nin ərazi üzrə idarəsinə şikayət etdiyi zaman isə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hesab edir ki, 3720,28 manat məbləğində borcun hesablanması tamamilə qanunsuz va əsassız olduğundan həmin borc məbləği silinməlidir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının əməkdar artistidir, bu günə kimi vətənə, millətə tövhələr vermişdir. Heç bir zaman dövlətdən oğurluq etməyi özünə yaraşdırmaz. Göründüyü kimi 3720,28 manat borcun qaz sayğacına sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi bildirilir, halbuki qeyd olunan qanunvericiliyin tələblərinə görə qaz sayğacının çöl şəraitində olması nəzərə alınaraq müdaxiləsi mümkünsüz olması və ona nazarat edilməsinə görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh daşıyır. Buna görə də itirilmiş qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsinin tələb olunmasının əsassız hesab edilməsi barədə iddia tələbində iddiaçı haqlıdır. Belə ki, istehlakçı olan iddiaçının təqsirindən sayğacdan kənar qeyriqanuni istifadə aşkar olunmasına dair cavabdeh hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın əsaslarına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, borc məbləğinin 990,72 manat hissəsi 2(003)-3760/2018 saylı qətnamə ilə öz təsdiqini tapmışdır. Ümumi 3720,28 manat iddia məbləğindən 990,72 manat çıxıldıqda yerdə qalan 2729,56 manat borc məbləği mübahisələndirə bilər. Bu xüsusun nəzərə alınaraq iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 yanvar 2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə "sayğaca gələn qaz xəttindən qeyri-qanuni qoşulma edərək sınıq vasitəsi ilə təbii qazdan sayğacdan kənar istifadə" edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin 31 yanvar 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* nömrəli akta əsasən 25920 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə "abonent qazdan sayğacdan kənar qeyri-qanuni istifadə" edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* nömrəli akta əsasən 5112 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə "abonent qazdan qeyriqanuni istifadə" edildiyi aşkar olundu. İş materiallarında olan Cavabdeh İB-nin 30 aprel 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* nömrəli akta əsasən 1512 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********00080 saylı abonentin saldosundan görünür ki, abonentin 2024-cü ilin yanvar ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 3110,40 manat, aprel ayı üzrə 613,44 manat, may ayı üzrə isə 181,44 manat olmaqla ümumilikdə 3905,28 manat borcu mövcud olmuşdur. Qeyd olunan abonentin saldosundan həmçinin görünür ki, 2024-cü il üzrə abonent tərəfindən ümumilikdə 185 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 0413140, ******* və ******* nömrəli aktlara əsasən qaz sayğacına baxış keçirilən zaman abonentin - sayğaca gələn qaz xəttindən qeyri-qanuni qoşulma edərək sınıq vasitəsi ilə təbii qazdan sayğacdan kənar, abonentin qazdan sayğacdan kənar qeyri-qanuni və abonentin qazdan qeyri-qanuni istifadə istifadə etməsi qeyd olunmuşdur. Bu səbəbdən iddiaçıya ümumilikdə 3905,28 manat borc hesablanmışdır. Həmçinin iddiaçı tərəfindən 2024-cü il üzrə təbii qazdan istifadəyə görə cəmi 185 manat ödəniş etmişdir. Hazırda iddiaçı bildirir ki, qaz sayğacına tərəfindən hər hansı bir müdaxilə edilməmiş və həmin borc əsassız olaraq hesablanmışdır. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən, qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Göründüyü kimi aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçının sayğacı kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktlar və həmin aktın tərtib edilməsinə əsas iddiaçı tərəfindən - sayğaca gələn qaz xəttindən qeyriqanuni qoşulma edərək sınıq vasitəsi ilə təbii qazdan sayğacdan kənar istifadə, abonentin qazdan sayğacdan kənar qeyri-qanuni və abonentin qazdan qeyri-qanuni istifadə istifadə etməsinin göstərilməsini nəzərə alaraq məhkəmə eyni zamanda hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müəyyən edilir ki, aktlar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir. Bundan başqa cavabdeh, iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 3905,28 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, istinad edilən aktlara əsasən iddiaçıya 2024-cü il ərzində 3905,28 manat borc hesablansa da iddiaçı tərəfindən həmin il ərzində 185 manat ödəniş etdiyindən, eləcə də hazırki tələbində həmin məbləğin ümumi borcdan çıxıldıqda yerdə qalan 3720,28 manat hissəsinin silinməsini tələb etdiyindən iddia tələbi təmin edilməklə 3720,28 məbləğində borc silinməlidir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır). Məhkəmə həmçinin cavabdeh tərəfin etirazının dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər əsassız olmuşdur. Belə ki, cavabdeh tərəf etirazında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3760/2018 nömrəli, 12 noyabr 2018-ci il tarixli qətnaməsinə istinad etməklə iddiaçının həmin qətnamə ilə öz təqsidini tapmış 990,72 manat borc hissəsinin hazırda mübahisələndirilən ümumi 3720,28 manat iddia məbləğindən çıxılmaqla yerdə qalan 2729,56 manat borc məbləğinin mübahisələndirilə bilməsini göstərmişdir. Halbuki qeyd olunan qətnamədən görünür ki, iddiaçı 30 may 2017-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 213 manat sayğac pulu və 990,72 manat borcu mübahisələndirmişdir. Hazırda isə iddiaçı 2024-cü il ərzində hesablanmış borc məbləğinin mübahisələndirmişdir. Göründüyü kimi cavabdehin etirazında istinad etdiyi borc məbləğinin hazırda mübahisələndirilən aktlara əsasən hesablanmış borcun məbləğinə aidiyyəti olmamış, həmçinin abonentin saldosundan müəyyən edildiyi kimi ümumiyyətlə iddiaçının hazırda mübahisələndirilən aktlara qədər hər hansı akt üzrə borcu mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00080) İddiaçı hesablanmış 3720,28 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, eləcə də iddia tələbi təmin edildiyindən, 57,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00080) İddiaçı hesablanmış 3720,28 (üç min yeddi yüz iyirmi manat, iyirmi səkkiz qəpik) manat məbləğində borc silinsin. 57,20 (əlli yeddi manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-1323/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1323/2025
10.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver