Məhkəmə qərarları › İş №2(003)-1354/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1354/2021

22.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1354/2021 22.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMCnin təsisçisi Cavabdeh ilə aralarında Bakı şəhəri 12 saylı Notariat Kontorunda bağlanmış 19.10.2018-ci il tarixli “müəssisədəki payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.03.2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “xxxx” MMC tərəfindən inşa edilmiş binadan həyat yoldaşının adına mənzil almışdır. Bir müddət sonra o, həmin binada komendant vəzifəsinə işə düzəlmiş və hazırki vaxta qədər orada işləyir. “xxxx” MMC-nin təsisçisi Cavabdehdur. 2018-ci ilin oktyabr ayında Cavabdeh onu yanına çağıraraq ondan hansısa sənədlərə imza atmağı tələb etmiş, imzalamayacağı halda onu komendant vəzifəsindən azad edəcəyi ilə hədələmişdir. Həmin vaxt o, ailəsinin yeganə qazanc gətirən şəxs olduğuna və işini itirməmək üçün cavabdehin tələbləri ilə razılaşmağa məcbur olmuşdur. 19.10.2018-ci il tarixdə onlar Bakı şəhəri 12 saylı Notariat Kontoruna getmişlər. Orada sənədləri “xxxx” MMC-nin sahibi Cavabdeh əvvəlcədən hazırlatdırmışdı. O, həmin sənədləri ona göstərməyərək, imzalamağı tələb etmişdir. Cavabdeh onu inandırmışdır ki, “bu sənədlərdə onun ziyanına heç bir məsələ yoxdur, sadəcə ad dəyişikliyi olur, şirkətin faktiki sahibi olaraq o, qalır”. O, həmin vaxt imzaladığı müqavilənin mahiyyətini bilmədən və hüquqi nəticəsini qabaqcadan görmədən cavabdehin təsiri altında müqaviləni imzalamağa məcbur olmuşdur. Bir müddət sonra Cavabdeh şirkətdə az-az görünməyə başlamışdır, bütün məsuliyyəti və şirkətin işlərini onun üzərinə ataraq binanı tərk etmişdir. Bundan sonra o, onun həqiqi niyyətini başa düşmüşdür. Buna görə də cavabdehin ona məcburi qaydada imzalatdırdığı müqaviləni araşdıranda ona məlum olmuşdur ki, 19.10.2018-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontorunda imzaladığı müqavilə Cavabdeh “xxxx” MMC-də olan 4 payının ona satılması və özünün təsisçilikdən çıxması ilə bağlı olmuşdur. Onun isə müqavilənin bu məzmunda olmasından heç bir məlumatı olmamışdır. Həmçinin ona məlum olmuşdur ki, “xxxx” MMC-nin Cavabdeh təsisçi olduğu dövrdə yaranmış borcları olmuş, cavabdeh həmin borclarından yayınmaq və məsuliyyəti üzərindən atmaq üçün belə bir plan qurmuş, “xxxx” MMC-də olan paylarını 19.10.2018-ci il tarixli “müəssisədəki payın alqı-satqı müqaviləsi”ni ona məcburi qaydada imzalatmış, nəticədə özü məsuliyyətdən yayınmaqla onu öz vəziyyətinə salmışdır. Cavabdeh 2012-ci ildə binaya lift alınması üçün podratçı şirkətə işlərin qarşılığında mənzil vəd etmiş, daha sonra mənzil verilmədiyi üçün liftlər quraşdırılmamışdır. Liftlər quraşdırılmadığı üçün bina istismara qəbul edilməmişdir. Həmçinin hazırda “xxxx” MMC-nin 10.000 manatdan artıq vergi borcu da vardır. Cavabdeh bütün bu öhdəliklərini öz üzərindən atmaq üçün onu aldadaraq 19.10.2018-ci il tarixli müqaviləni imzalamağa sövq etmiş və nəticədə onu çətin vəziyyətə salmışdır. O, dəfələrlə cavabdehdə müraciət edərək 19.10.2018-ci il tarixli “müəssisədəki payın alqı-satqı müqaviləsi” əsasında “xxxx” MMC-də olan və formal olaraq onun adına keçirilmiş payının onun adına keçirilməsini tələb etsə də, o, bundan imtina etmişdir. Cavabdeh ona qarşı etdiyi və yuxarıda göstərdiyi hərəkətləri qanunazidd olmaqla, müqavilə münasibətlərinin etibarsızlığı üçün əsasdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və əlavə olaraq izahatında cavabdehlə payların alqı-satqısını edərkən sözügedən MMC-nin su borcunun olmasını, liftlərin quraşdırılmadığını bilmiş, eyni zamanda sonradan 2019-cu ilin aprel ayından isə vergi borcunun da olduğunu oyrənmişdir. 2019-cu ilin iyun ayından da möhürü də təhvil almışdır. Mövcud borclarla bağlı cavabdehə bildirdikdə sonuncu ona özünə aid torpaq sahəsinin olduğu, həmin torpaq sahəsinin satışından borclarını verəcəyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini etiraf etməməklə onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının müqavilənin nədən ibarət olduğunu bilmişdir, ona qarşı heç bir təzyiqlər göstərilməmişdir. Özünün də qeyd etdiyi kimi, MMC-nin borclarının olmasını da bilmişdir. Həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, 1 il müddətə iddia müddəti ötürldüyündən iddianın bu əsasla da rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 19.10.2018-ci il tarixli müəssiədəki payın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əlkbər Hüseynov 13.10.2008-ci il tarixdə qeydiyata alınmış “xxxx” MMC-nin nizamnamə kapitalında miqdarı 100 manat olan 100 faizlik 4 payını nominal qiymətinə İddiaçı vermişdir. İş materiallarında olan xxxx MMC-dəki payçıların və balansda olan mənzillərin siyahısının surətindən görünür ki, həmin cəmiyyətin balansında göstərilən 600 m2 - Q/Y, 162 m2 - zirzəmi və 1572m2 –yaşayış sahələrinin gələcəkdə qaz və su sayğacları ilə təmin etməsi və balansda olan mənzillərlə bağlı dövlət orqanları qarşısında olan öhdəlikləri yerinə yetirməsi və binanın istismara verməsi barədə “xxxx” İnşaatçı MMC-nin direktoru İddiaçı öz üzərinə öhdəlik götürmüşdür. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal da müəyyən edilməmişdir. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin araşdırılmış hallarından aydın olur ki, tərəflər arasında 19.10.2018-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Bundan əlavə, işin faktiki halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan müəssisədəki payın verilməsinə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Eynui zamanda Mülki Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. İddiaçının, iddia tələbinin onunla Cavabdeh arasında bağlanmış 19.10.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair hissəsinə dəlili ondan ibarətdir ki, o, adıçəkilən müqaviləni cavabdehin onun aldatması nəticəsində bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd edilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə qeyd edir ki, əqdin aldadılma nəticəsindən bağlandığı sübuta yetirilmir. Belə ki, cavabdeh rəf özünə məxsus paylarını qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya satmış, notariat orqanı tərəfindən bütün hüquq vəzifələr izah edilmiş, hər iki tərəf də öz iradə ifadəsini bildirməklə əqdi imza etmişlər. Yəni həmin vaxt iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Bununla da, əqdin etibarsızlığına əsas verən qanunvericiliklə nəzərədə tutulmuş hal mövcud olmamışdır. Belə ki, Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması olmamışdır. Cavabdeh tərəfin isə sonradan MMC-nin borcları ilə hər hansı pul bəbləğini iddiaçıya ödəyəcəyi ilə bağlı hər hansı razılaşmanın olması halı təkzib edilməklə sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər arasında bağlanmış 19.10.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud olmadığından iddia tələbi təmin edilməməlidir. Bundan başqa, məhkəmə əqdlərin etibarsızlığı ilə bağlı hüququn həyata keçirilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bunla bağlı məhkəmə hesab edir ki, qeyd edilən müddət hazırki halda iddiaçının müəyyən zaman ərzində öz hüququndan istifadə etməsini, etmədiyi halda isə həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Hazırki halda isə işin müəyyən edilmiş faktiki halları və iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı tərəfindən bu hüququn həyata keçirilməsini bildiyi vaxtdan, yəni müqavilənin bağlandığından iddia tələbi ilə müraciət edilən günədək qanunla nəzərədə tutulmuş həmin müddət də ötürülmüşdür. Bu baxımdan da iddia tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müəssisədəki payın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar