Məhkəmə qərarları › İş №2(003)-1385/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1385/2024

18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1385/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 2928 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən istifadəsində olan sayğaca görə akt yazmışlar. Həmin aktda qeyd olunmuşdur ki, sayğacdan kənar qeyri qanuni qazdan istifadə etmişdir. Buna görə ona akt yazmışlar və aktın nəticəsində ona 2928 manat borc yazılmışdır. O, cavabdehə müraciət etmiş və bundan sonra ona bildirmişlər ki, o, qeyri qanuni qazdan istifadə edir. Guya sayğaca o müdaxil etmişdir. Ona görə ona 2928 manat cərimə hesablanmışdır. Bu absurddur. Qaz sayğacında hər hansı bir müdaxilə olmamışdır. Bu müdaxilənin onunla heç bir əlaqəsi yoxdur. Ayda bir dəfə özləri sayğacı yoxlayırlar. Əgər müdaxil etmişdirsə öz evinə çəkməli idi. Onun evinə sayğacdan kənar heç bir qeyri qanuni xətt çəkilməmişdir. Çünki, hər ayda bir dəfə qaza baxış keçirməli idilər. Lakin, cavabdeh illərə uyğun ona cərimə hesablamışdır. Əgər qanunsuz qazdan istifadə etmişdirsə bunu baxış keçirərkən görməli idilər. Onun təqsiri sübut olunmadan ona saxta akt tərtib edərək cərimə hesablamışlar. O, həmin sayğaca cavabdeh deyildir. Eyni zamanda, o, mütəxəssis deyildir ki, qaz sayğacına müdaxilə edə bilsin. Ən geci hər ay sayğaca baxış keçirmişlər. Müdaxilə etmiş olsa idi bunu asanlıqla müəyyən etmək olardı. O, istifadə etdiyi qaz sayğacına müdaxilə etməmiş və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə ödəmişdir. Bütün bunlar qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq İstehsalat birliyinin əməkdaşları onun bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Ə.Hacıyev iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçı yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən bu barədə 2023-cü ilin oktyabr ayında müvafiq akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Abonent təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. Odur ki, tərtib edilmiş akt əsaslıdır və həmin akt əsasında dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 24408 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -İddiaçı adına olan **********00400 kodlu abonent saldosundan görünür ki, həmin abonent hesabına akt əsasında 2023-cü ilin oktyabr ayında 2928,96 manat məbləğində borc yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktın tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Bundan başqa yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Bu barədə akt tərtib edilməli və aktın 1 (bir) nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə göndərilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq istehlakçıdan tələb etməlidir. Hazırki halda talanması iddia edilən qazın məbləği 5.000 manatdan aşağı (2928,96) olduğundan cavabdeh inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aktın surətini ENə göndərməli və yalnız istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın qərarı ilə müəyyən edildikdən sonra dəymiş ziyanın ödənilməsini tələb edə bilərdi. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın iddiaçının təqsiri ucbatından baş verməsini cavabdeh Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Eyni zamanda istehlakçı olan iddiaçının qazın talanmasında təqsirli olması barədə inzibati xəta haqqında müvafiq orqanın qərarı ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh Birlik tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin aktlara görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 2928 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci bəndində əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvanda abonent hesabına (abonent kodu **********00400) hesablanmış 2928 manat məbləğində borc silinməli və cavabdehdən dövlət rüsumuna görə 49,28 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00400) hesablanmış 2928 (iki min doqquz yüz iyirmi səkkiz) manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 49,28 (qırx doqquz manat, iyirmi səkkiz qəpik) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar