Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-139/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 7376,77 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. ünvan 1-də yerləşən yaşayış sahəsi (abonent kodu **********10020) təbii qazla təmin edilmiş və buradə akt tərtib edilmişdir. Aktın iştirakı zamanı onun iştirakı təmin edilməmişdir. Cavabdeh əməkdaşları yaşadığı fərdi yaşayış evinin qaz xəttinin kəsiləcəyi və sayğacın qeyri-qanuni işlədiyi bildirilmiş və 7367,77 manat qaz sərfiyyatına görə borc hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, o yaşadığı fərdi yaşayış evində yalnız bir dəfə qeyri-qanuni olaraq sayğac xətdinə müdaxilə etmişdir və bununla bağlı Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən 2015-ci il tarixdə akt tərtib edilmiş və həmin akt üzrə cərimə olunmudur. Tərfindən akt üzrə hesablanmış olan cərimə borcu ödənilmişdir. Lakin bundan sonrakı dövr ərzində onun tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulma halının olmamasına baxmayaraq, onun yaşadığı evə əsassız olaraq eyni məzmunlu aktlar tərtib edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddiaçı tərəfindən qaz xəttinə qeyriqanuni qoşulduğu və bunun nəticəsi olaraq aktların tərtib edildiyini bildirdi və iddianın rədd ediməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan abonent saldosundan görünür ki, ünvan 1 ünvanına **********10020 nömrəli sayğac quraşdırılmışdır. Abonent saldosundan görünür ki, abonentə 2015-ci ilin fevral ayında akt tərtib edilmiş və 122,40 manat cərimə hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan görünür ki, 2016-cı il üçün 781,60 manat, 2017-ci il üçün 1905 manat, 2018-ci il üçün 2615,60 manat, 2019-cu ilin üçün 1200,60 manat, 2020-ci il üçün 1130,60 manat aktlar üzrə borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB tərəfindən ünvan 1 saylı yaşayış evində **********10020 saylı abonent hesabında sayğacdan kənar qaz xəttinin olduğu müəyyən edilmiş və abonentə cərimə hesablanmışdır. Bu halın mövcud olması iddiaçı tərəfindən etiraf edilmişdir. Həmin tərtib edilmiş akt üzrə hesablanmış borc 122,40 manat olmuşdur. Lakin sonradan iddiaçı eyni məzmunlu aktlar tərtib edilmiş və nəticədə iddiaçıdan tələb edilən borc məbləği 7376,77 manat olmuşdur. İddiaçı digər aktların hansı əsaslarla tərtib edildiyini ona məlum olmadığını bildirmiş, cavabdeh tərəfindən bu halları təkzib edəcək sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri və iddiaçı tərəfin 2015-ci il tarixdə qeyri-qanuni qazdan istifadə etməsi ilə bağlı hesablanmış 122,40 manat borcu qəbul etməsini iddiaçının qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf həmin hissədə iddia tələbini qəbul etməklə cavabdehin bu hissədə sübutetmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. İddiaçının, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 7376,77 manat borcun silinməsi hissəsinə münasibtədə məhkəmə hesab edir ki, həmin borcun mövcudluğu və həmin borcun iddiaçının təqsiri üzündən yarandığını sübutetmə yüklülüyü cavadehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18.03.2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda hesablanmış borcun hansı əsaslarla hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi cavabdeh orqanın üzərinə düşdüyündən və həmin borcun hesablanması üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz xəttinə qeyri-qanuni qoşulma və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********10020) əsassız olaraq hesablanmış 7254,37 (yeddi min iki yüz əlli dörd manat 37 qəpik) (7376,77-122,40=7254,37) manat məbləğində borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********10020) əsassız olaraq hesablanmış 7254,37 (yeddi min iki yüz əlli dörd manat 37 qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-139/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-139/2022
10.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver