Məhkəmə qərarları › İş №2(003)-140/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-140/2024

02.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-140/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən 10000,0 (on min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh Bakı şəhəri, Binə qəsəbəsi, F.Aynulov küçəsi, ev 3A-dan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövləy Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binə qəsəbəsi, F.Aynulov küçəsi, ev 3A onun mülkiyyətindədir. Hazırda o, oğlu və onun ailə üzvləri ilə birlikdə yaşayır. X7 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Cavabdeh X14 onun qızıdır. O, iddiaçı ilə bir neçə dəfə mübahisə etdiyindən bəzən evi tərk edərək başqa evdə yaşamışdır. Hazırda o, çox vaxt Bakı şəhəri, Binə qəsəbəsi, F.Aynulov küçəsi, ev 3A-də yaşayır, lakin hər dəfə iddiaçı ilə mübahisə edərək evdə söz-söhbət yaradır. Qızının davranışları onda əsəb yaradır, tez-tez onun mülkiyyətindən əsassız pay tələb edir. Evi tərk etdikdən sonra müəyyən müddət başqa yerdə yaşadıqdan sonra evə qayıtması da evdə yenidən mübahisələr yaradır. Ona dəfələrlə şifahi evi tərk etməsi və qeydiyyatdan çıxması üçün kompensasiya təklif etsə də o, bununla razılaşmamışdır. Cavabdehə kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi üçün ona ödənilməli olan pul kompensiyasının məbləğini müəyyən edərkən nəzərə alınmalıdır, mülkiyyətlərində olan mənzil Bakı şəhərinin kənar məkanı olan Binə qəsəbəsində yerləşir. Bu qəsəbədə olan mənzillər orta kirayə haqqı Bakını digər rayonlarında yerləşən mənzillərdən müqaisədə ucuzdur, oxşar yerdə olan və oxşar şəraitə malik olan iki otaqlı mənzillin kirayə haqqı 200-250 manat civarındadır. Cavabdehin oxşar şəraitə malik başqa mənzildə davamlı surətdə uzun müddət yaşaması üçün daha yüksək olan 10000,0 manat kompensasiyanın verilməsi ağlabatan məbləğdir. Yəni həmin ərazidə eyni xüsusiyyətli mənzilin aylıq kirayə haqqı bir il üçün 2400-3000 manat, iki il üçün 4800-6000 manat təşkil edir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi üçün daha çox, yəni 10000,0 manat məbləğində kompensasiya təklif edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 3 ildən artıq müddətə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binə qəsəbəsi, F.Aynulov küçəsi, ev 3A-ya istifadə hüququnu itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdeh onun qızıdır. Uşaqlıq illərində onlarla birgə yaşamışdır, lakin ailə həyatı qurması səbəbi ilə yaşayış yerini dəyişmişdir, yəni ailə quraraq mübahisəli mənzildə uzun müddətdir yaşamır, daimi olaraq başqa yerdə yaşayır. Odur ki, yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi zəruridir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, cavabdeh 1 ildən çoxdur mübahisəli mənzildən köçübdür, həmçinin həmin mənzildə ona aid əşyalar da yoxdur. iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı həqiqətən ailə həyatı qurmaqla ata evini uzun müddətdir ki, tərk edib. Lakin iddiaçının rəsmi nikahı yoxdur və yaşadığı ailədə dəfələrlə mübahisələr olub, cavabdehi evdən qovublar, polisə müraciət edərək sığınacağa yerləşdirilib. Hal-hazırda kirayədə yaşayır. Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamaq niyyətindədir və ona aid əşyalar da həmin evdədir. Hazırda cavabdeh hamilədir, yaxın müddətdə uşağı olacaq. Bu səbəbdən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixli 1811 saylı arayışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsi, 3A saylı evdə İddiaçı, X5, Cavabdeh, X6, X2 və X3 qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı X16 ilə xx.xx.1981-ci il tarixdə Zəngilan rayonu VVAQ şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 52 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Hüsiyeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X16 xx.xx.2010-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeyidləri kitabında xx.xx.2010-cu il tarixdə 805 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh, Dadaş-zadə Lamiə Firdofsi qızı və X15 Bakı şəhəri,Xəzər rayonu, Mərdəkan qəsəbəsi,Ramin Qasımov küçəsi 33 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh Allahverdiyeva dalə Elman qızının ünvan 1 ünvanında yaşayıb yaşamamasını müəyyənləşdirmək məqsədilə tərəflərindən həmin ünvana təkrar baxış keçirildi. Baxış zamanı Cavabdeh atası X4, qonşular X17, X18 və X19 vətəndaş Allahverdiyeva dalə Elman qızının ailə həyatı qurduğunu və hazırda hansı ünvanda yaşaması haqqında məlumatlarının olmadığını bildirdilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş №0189468 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsi, 3A saylı ev İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X1 zərərçəkmiş şəxs Cavabdeh vurduğu ziyanı tam şəkildə aradan qaldırdığına, zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxs Cavabdeh heç bir şikayəti və tələbi olmamaması əsasına görə iş üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan ********* nomrəli cinayət işinin icraatina xitam verilməsi qərara alınmışdır. Beləliklə, cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamaması iddiaçının izahatı ilə yanaşı, işin digər halları ilə sübuta yetirildi. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsi, 3A saylı ev mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin evə qeydiyyata alınmış Cavabdeh iddiaçının qızıdır. Cavabdeh həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçüb getmiş və həmin mənzildə yaşamır. Evdə ona məxsus hər hansı əmlak yoxdur. Həmçinin məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh ailə quraraq mübahisəli mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Bundan başqa, mənzil iddiaçının mülkiyyətində olduğundan, cavabdehin həmin mənzildə yaşamasa da formal olaraq qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu pozduğuna görə onun mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Buna görə də, cavabdehin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə məlum olmuşdur ki, cavabdeh uşaqlıq illərini mübahisəli evdə keçirmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məclləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddət də yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mənzilə istifadə hüququnu əldə etmiş şəxs uzun müddət həmin mənzildən istifadə etməmiş və başqa yerdə yaşamışdır. Mülkiyyətçi tərəfindən ona qarşı iddia qaldırıldıqda isə o, həmin mənzildə yaşayacağını qeyd edərək, iddianın təmin edilməməsini tələb etmişdir. Halbuki, istifadə hüququna malik olan şəxs davamlı surətdə başqa yerdə yaşayır. Digər tərəfdən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenumunun qərarına əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmə tədqiq edilmiş və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Cavabdeh daimi yaşamaq üçün başqa ünvana köçüb getdiyi vaxtdan, həmçinin də iddiaçıya məxsus evdə yaşamadığından, cavabdehin mübahisəli mənzildən istifadə etməsini zəruri edən əsas aradan qalxdığından cavabdeh həmin evdən istifadə hüququnu itirmişdir. Odur ki, cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququnu itirmiş hesab edilməli, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsi, 3A saylı evə istifadə hüququ itirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar