Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1423/2020 01.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Abdulla Murad Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X11, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və onun nümayəndəsi X15 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna(müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10)qarşı mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna(müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsində yerləşən 8 saylı evdən iddiaçıya miras pay kimi çatmalı olan 1/5 hissədə payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 8 saylı ev mərhum atası X8 məxsus olmuş və onun 1992-ci ildə vəfatından sonra onun 5 övladı olmaqla miras əmlak kimi onlara keçmişdir. X1 və X3 1/5 hissədə payları barədə xx.xx.1992–ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və onların adlarına qeydə alınmışdır. Miras əmlakın 3/5 hissəsi isə mərhum atası X6 adına olmaqla açıq saxlanılmışdır. Lakin o və digər vərəsələr mirası faktiki qəbul etsələr də, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Belə ki, onların – yəni vərəsələr arasında miras əmlak barəsində əvvəllər heç bir mübahisə olmamış, vərəsə kimi öz paylarından sərbəst şəkildə istifadə etmişlər. Lakin sonradan bacısı Ruqiyyə Nəcəfova miras əmlakın ona və digər vərəsələrə çatan hissəsindən istifadə etməsinə mane olmuşdur. Buna görə də aralarında miras əmlakla bağlı mübahisə yaranmışdır. Bundan sonra R.Nəcəfova ona və digər 2 vərəsəyə çatmalı olan və mərhum atasının adında açıq pay kimi qalan miras əmlakın 3/5 hissəsinin onun və X3 arasında bölüşdürülməsi üçün ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişlər. Həmin məhkəmənin xx.xx.2018–ci il tarixli, 2(003)–3621/20l 8 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 8 saylı evə dair Nəcəfqulu Rzaqulu oğlunun adına açıq qalmış 3/5 hissə R.Nəcəfova və A.Nəcəfovun arasında bərabər bölüşdürülməklə R.Nəcəfovaya 3/10 hissədə, A.Nəcəfova 3/10 hissədə payı müəyyən edilmişdir.O, həmin qətnamədən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və həmin iş üzrə icraat dayandırılmışdır. Qeyd edir ki, o, mərhum atası Nəcəfqulu Rzaqulu oğlunun adına açıq qalmış 3/5 hissədə payının olan l/5 hissəni faktiki olaraq qəbul etmiş, idarə etmiş, daima ora–gedib gəlmiş, orada təmir işləri aparmış və digər vərəsələrlə birlikdə mirasın qəbulunda iştirak etmişdir. Lakin miras əmlakda olan payını rəsmi olaraq qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddət ərzində notariat kontoruna müraciət etməmişdir. Belə ki, o, mirası qəbul etmək üçün qanunda müddətin nəzərdə tutulduğunu heç vaxt bilməmişdir. Həmçinin miras əmlakla bağlı atasının vərəsələri olan övladları arasında bir dəfə də olsun mübahisə və ya anlaşılmazlıq olmamış, həmişə aralarında mehriban münasibətlər olmuşdur. Lakin sonradan bacısı Ruqiyə Nəcəfova atasından qalan miras əmlakın ona çatan hissəsinə də iddia irəli sürmüş və buna görə də miras əmlakla bağlı mübahisə yaranmışdır. Gecikdirilmiş müddətin uzadılması üçün Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət etsə də, müddətin uzadılmasından imtina olunmuşdur. Qeyd edir ki, atasından miras qalan əmlakda olan onun payının qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət yuxarıda qeyd etdiyi əsaslara istinad edilməklə üzrlü hesab edilməli və uzadılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, mərhum atası X5 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 8 saylı evdən ona miras pay kimi çatmalı olan 1/5 hissədə payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə tərəfindən gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılmalıdır. İddiaçı nümayəndəsi X17 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, babaları sağ olanda da, öldükdən sonra da onlar həmin bağdan istifadə ediblər. Qeyd olunan bağa tez-tez gedibgəliblər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddiaya etiraz edərək bildirmişdir ki, atası Nəcəfqulu Nəcəfov l992-ci ildə rəhmətə getmişdir. Onun rəhmətə getməsindən 28 ilə yaxın müddət ötür. Bu qədər müddətin ötməsinə baxmayaraq iddiaçı atasının öldüyü vaxtı və bununla bağlı mirasa vərəsəliyin açıldığı vaxtı bilsə də qanunla nəzərdə tutulan müddət daxilində vərəsə kimi qeydiyyata alınması üçün müraciət etməmişdir və bununla da mirasın qəbulu üçün qanunda nəzərdə tutulan müddəti buraxmışdır. Bu nöqteyi nəzərdən müddət institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətləri subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasmı təmin etmək məqsədi daşıyır. Belə ki, hüquqların məcburi müdafiəsi üçün müddət məhdudiyyətlərinin olması tərəflərin qanunla qorunan hüquq və maraqlarının pozulmasının qarşısını alır və eyni zamnda onları öz hüquqlarının vaxtında həyata keçirilməsinə və müdafiəsinə məcbur edir. Buraxılmış müddətin bərpa edilməsi üçün qanunda nəzərdə tutula bilən heç bir hal mövcud deyildir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi X22 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə müraciət edərək məhkəmə iclasınən onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)–3621/2018 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə dair Nəcəfqulu Rzaqulu oğlunun adına açıq qalmış 3/5 hissə X4 və X3 arasında bərabər bölüşdürülməklə X4 3/10 hissədə, X3 3/10 hissədə payı müəyyən edilsin. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019cu il tarixli 2(003)–1385/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X2 cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsə kimi tanınma və miras əmlakdan payın ayrılması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11009/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(003)–1385/2019 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan АZ-İ seriyalı, 068720 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Nəcəfqulu Rzaqulu oğlu, anası X9. İşə əlavə edilmiş AZ-İ seriyalı 979786 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəcəfqulu Rzaqulu oğlu xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 33/3531 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X7 1998-2005ci illər ərzində xx.xx.2001-ci il tarixdə girişi, xx.xx.2001-ci il tarixdə çıxışı barədə məlumat qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun İddiaçı ünvanlanmış məktubundan aydın olur ki, Bakı şəhəri 7 saylı xüsusi notariat ofisi İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, X5 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 8 ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissənin qəbulu ilə bağlı Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2018–ci il tarixli 2(003)–3621/2018 saylı qətnaməsində ərizəçinin xeyrinə qərar qəbul edilmədiyi üçün, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 8 saylı fərdi yaşayış evi iddiaçının atası Nəcəfqulu Rzaqulu oğlunun mülkiyyətində olmuşdur. İddiaçının atası Nəcəfqulu Rzaqulu oğlu xx.xx.1992-ci il tarixdə ölmüşdür. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 8 saylı fərdi yaşayış evinin mülkiyyətçisi olmuş Nəcəfqulu Rzaqulu oğlunun xx.xx.1992-ci il tarixdə ölməsi ilə həmin mənzilə dair vərəsəlik açılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi – vərəsənin miras qoyanla birgə yaşadığı haqqında mənzilistismar sahəsinin arayışını, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlarını və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Belə ki, göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İddiaçı isə mirasın yalnız bir hissəsinə sahiblik etməsinə dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş, əmlaka sahiblik və ya əmlakı idarə etməmiş, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkət etməmiş, bununla da miras əmlakı qəbul etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə vermədiyindən, əmlaka sahiblik və ya əmlakı idarə etmədiyindən, habelə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmədiyindən, bununla da miras əmlakları qəbul etmədiyindən, onun mövcud iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən, gecikmənin səbəbi isə üzrlü səbəblərlə əlaqədar olmadığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz. Odur ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məсəlləsinin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçı tərəfindən miras əmlak qəbul edilmədiyindən, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna(müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10) qarşı mərhum atası X5 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsində yerləşən 8 saylı evdən iddiaçıya miras pay kimi çatmalı olan 1/5 hissədə payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılmasıbarədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1423/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1423/2020
01.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver