Məhkəmə qərarları › İş №2(003)-1436/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1436/2021

19.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1436/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) qarşı mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 750 km.m torpaq sahəsindən ona miras pay kimi çatmalı olan 1/3 hissədə payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbini üzrlü sayılaraq uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 750 km.m torpaq sahəsi mərhum atası X7 məxsus olmuş və onun 07 iyun 2010-cu il tarixdə vəfatından sonra onun üç övladı olmaqla miras əmlak kimi onlara keçmişdir. O, bacısı X6 və qardaşı X10 vərəsə olaraq mirası faktiki qəbul etsələr də, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Lakin sonradan bacısı X6 miras əmlakın ona və digər vərəsəyə çatan hissəsindən istifadə etməklərinə mane olmuşdur. Buna görə də aralarında miras əmlakla bağlı mübahisə yaranmışdır. Belə ki, o, mirası qəbul etmək üçün qanunda müddətin nəzərdə tutulduğunu heç vaxt bilməmişdir. Həmçinin miras əmlakla bağlı atasının vərəsələri olan övladları arasında əvvəllər mübahisə və ya anlaşılmazlıq olmamışdır. Lakin sonradan bacısı X6 atasından qalan miras əmlakın ona çatan hissəsinə də iddia irəli sürmüş və buna görə də miras əmlakla bağlı mübahisə yaranmışdır. Gecikdirilmiş müddətin uzadılması üçün Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət etsəm də, müddətin uzadılmasından imtina oldunmuşdur. Qeyd edir ki, atasından miras qalan əmlakda olan onun payının qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət yuxarıda qeyd etdiyi əsaslara istinad edilməklə üzrlü hesab edilməli və uzadılmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddiaya etiraz edərək bildirmişdir ki, mərhum atası X11 ölən günədək onunla birlikdə yaşamışdır. Qardaşı miras əmlakdan onun xeyrinə imtina etmişdir. İddiaçının uzun müddət idi ki, atası ilə münasibətləri pis idi. Ümumiyyətlə iddiaçı atasının mülkiyyətində torpaq sahəsinin olmasını bilirdi. Lakin o bu müdət ərzində həmin torpaq sahəsinə gəlməmişdir. İddiaçı özü də bilirdi ki, qeyd olunan torpaq sahəsi ataları tərəfindən qeyri-rəsmi olaraq ona verilmişdir. O, həmin torpaq sahəsinə mütəmadi gedib gəlmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə müraciət edərək məhkəmə iclasınən onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X11, anası X9r. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Asəf X1 arasında 28.09.1990-cı ildə nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada Zeynalova soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07 iyun 2010-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 11.02.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,3/626C saylı sahə xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun İddiaçı ünvanlanmış məktubundan aydın olur ki, Bakı şəhəri 7 saylı xüsusi notariat ofisi İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, 07.06.2010-cu il tarixdə ölmüş mərhum X7 ayrılmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 750 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən (Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 750 km.m torpaq sahəsi iddiaçının atası X5 mülkiyyətində olmuşdur. İddiaçının atası X5 07 iyun 2010-cu il tarixdə ölmüşdür. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 750 km.m torpaq sahəsinin mülkiyyətçisi olmuş X5 07 iyun 2010-cu il tarixdə ölməsi ilə həmin torpağa dair vərəsəlik açılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. İş materiallarından görünür ki, iddiaçının atası iddia tələbində qeyd edilən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 626C saylı sahə ünvanında torpaq sahəsi ilə bağlı mülki hüquqlar sonuncunun adına dövlət reystrində qeydiyyata alınmışdır. İddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etsə də, bu müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının miras kimi qəbul etmək istədiyi torpaq sahəsinin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən və iddiaçı bü müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinə dair sübutlar təqdim etmədiyindən iddia təmin edilməməlidir. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi –əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlarını və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Belə ki, göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İddiaçı isə mirasın yalnız bir hissəsinə sahiblik etməsinə dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş, əmlaka sahiblik və ya əmlakı idarə etməmiş, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkət etməmiş, bununla da miras əmlakı qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən, gecikmənin səbəbi isə üzrlü səbəblərlə əlaqədar olmadığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məсəlləsinin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) qarşı mərhum atası X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 626C saylı ünvanda olan torpaq sahəsindən iddiaçıya miras pay kimi çatmalı olan 1/3 hissədə payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar