Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1456/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Abbasova Ruhiyə Həbib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «cərimənin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 46 ünvanında yerləşən fərdi yaşayış evinə (kod: **********00000) əsassız olaraq hesablanmış 4000,0 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən STS **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac vasitəsilə o, uzun müddət təbii qazdan istifadə etmiş və tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. Qardaşı xx.xx.1963-cü il təvəllüdlü X4 anadangəlmə əqli xəstədir. Ona daima isti lazım olduğundan bütün günü evdə olan qaz peçinin yanında oturur. Bir müddət sonra 2022-ci ilin oktyabr ayının sonlarına yaxın qaz pulu ödəməyə pul çatdırılmadığına görə evə xətdən kənar qaz xətti çəkmişlər. Həmin qaz xətti 30 dekabr 2022-ci il tarixdə X2 əməkdaşları tərəfindən aşkar edildi və bu barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib olundu. Həmin akta əsasən hesablanmış dəymiş ziyan 34560 kub metr, yəni günlük istifadə 4 kub metr olmaqla 24 saat 365 günə vurularaq hesablandı və nəticədə evinin abonent koduna (**********00000) 4000,0 manat cərimə hesablandı. Əlbəttə ki, o bilir ki, qanunsuz olaraq qaz xətti çəkməkdə səhv etmiş, amma bu o demək deyil ki, cavabdeh ona istədiyi cəriməni yaza bilər. Abonent saldosundan da göründüyü kimi o, hər ay istehlak etdiyi qazın dəyərini artıqlaması ilə ödəmişdir. Buna görə də hesab edir ki, onun bu məbləğdə cərimə olunmağı heç bir məntiqə, qanuna, əsaslanmadan həyata keçirilmişdir. Belə ki, onun qanunsuz qaz xəttindən qeyd etdiyi müddət ərzində həmin məbləğ dəyərində qaz istifadə etməyi mümkün deyil. Belə ki, həmin qaz xətti aşkar olunanda dərhal ləğv edilmişdir. Qısacası həmin qaz xəttindən onun evinə cəmi 2 ay qaz daxil olmuşdur. Eyni zamanda, tərtib olunmuş saxta akta əsasən cərimənin hesablanması hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Göründüyü kimi, Cavabdeh Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan, eyni zamanda mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək məhkəmədən iddanın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın bərpasına dair eyni tarixli tələbnamənin surətlərindən görünür ki, abonent kodu **********00000 sayla qeydiyyata alınmış abonent İddiaçı sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və ona 34560,0 kub metr dəymiş ziyan hesablanmışdır. Həmin aktdan görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 kub metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00640 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2022-ci ilin dekabr ayında akt üzrə 4147,20 manat cərimə hesablanmışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, iddiaçıya həmin akt əsasında 4147,20 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin akta görə hesablanmış borcun silinməsini tələb edir. İddiaçı həqiqətən də aktın tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, bu istifadənin cəmi 2 ay baş tutduğunu, akt üzrə dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsini qəbul etməklə cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş akt əsasında İddiaçı 4147,20 manat ziyan hesablasa da, iş üzrə həmin halların məhkəmədə tədqiq olunması zamanı cavabdeh tərəf Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni iddiaçının məhz 4147,20 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, borcun hansı normativ hüquqi akta əsaslanmaqla, hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı təbii-qazdan məhz 12 ay qeyri-qanuni istifadə edilməsi sübut olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsaslanmaqla itirilmiş qazın bərpası üçün 4147,20 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Bundan başqa, işdə olan abonent saldosu və GASREP saldosundan görünür ki, 2022-ci ilin aprel ayından etibarən dekabr ayınadək təbii qazdan istifadəyə görə hər hansı ödəniş həyata keçirilməmişdir. Məhkəmə 2022-ci il üzrə iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilmiş ayların may ayından dekabr ayınadək olmaqla, 8 ay olaraq hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Bundan başqa, məhkəmə bir aya görə itirilmiş təbii qazın hesablanması qaydasını araşdıraraq hesab edir ki, dəymiş ziyan hesablanarkən istehlakçı tərəfindən həyata keçirilmiş ödənişlər əsas götürülməklə GASREP saldosu üzrə orta aylıq ödənişlər nəzərə alınmalıdır. Saldodan isə görünür ki, təbii qazdan istifadəyə görə orta aylıq ödənişlər təqribən yaz-yay aylarında 20,0 manat, sentyabr-oktyabr aylarında 45,0 manat, noyabrdekabr aylarında 65,0 manat təşkil edir. Məhkəmə itirilmiş təbii qazın dəyərinin göstərilən məbləğlər əsas götürülməklə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, araşdırılan akt üzrə may, iyun, iyul və avqust aylarına görə 4x20=80 manat, sentyabr və oktyabr aylarına görə 2x45=90 manat, noyabr və dekabr aylarına görə 2x65=130 manat hesablanmaqla, cəmi 300,0 manat məbləğində borcun iddiaçıya hesablanması ədalətli və ağlabatandır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00000 olan) hesablanmış 3847,2 (4147,20 - 300,0) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 58,47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00000) hesablanmış 3847,2 manat məbləğində borc iddiaçının hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00000) hesablanmış 3847,2 manat məbləğində borc silinsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə borc 300,0 manat müəyyən edilsin. 58,47 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-1456/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1456/2023
25.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver