Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1474/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Səfərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi döyüşlərdə iştirak faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi döyüşlərdə iştirak faktının müəyyən edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edirərək onun Ağdərə, Laçın, Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirakının təsdiqlənməsi və Xəzər rayon Hərbi Komissarlığına onun hərbi biletində yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X2 ərizəyə etiraz edərək döyüşlərdə iştirak faktının müəyyən edilməsi yolverilməzdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.201*-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İşin araşdırılmış hallarından görünür ki, ərizəçi, ərizəsini Ağdərə, Laçın, Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etməsi ilə əsaslandırmış və bu döyüşlərdə iştirak etməsi barədə məlumat olmadığından bu faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bu kimi hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi isə yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş üzrə icraata xitam verildiyindən məhkəmə hesab edir ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ərizəçi tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi döyüşlərdə iştirak faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna ödənilmiş 100 manat (1713**3721 nömrəli) məbləğində pul Ərizəçi (fin: xxxxxxx) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət (elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1474/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1474/2025
01.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver