Məhkəmə qərarları › İş №2(003)-1509/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1509/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1509/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.09.2018-ci il tarixli müqaviləyə əsasən Demir Dokum markalı kombi üçün 261 manat ödənilməmiş hissə, 26 manat cərimə pulu, 24.11.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32653 olan Samsung Galaxy J8 markalı telefon və aksesuar üçün 459 manat ödənilməmiş hissə, 45 manat cərimə borcu, cəmi 791 manat və 30 manat dövlət rüsumu, cəmi 821 manat alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə «xxxx» MMC arasında bağlanmış 22.09.2018-ci il tarixli və 24.11.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh Demir Dokum markalı kombi, İMEİ kodu **********32653 olan Samsung Galaxy J8 markalı telefon və aksesuar almış və nəticədə 791 manat borc yaranmışdır. Cavabdeh 22.09.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1191 manat olan Demir Dokum markalı kombi almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 930 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 287 manat olmaqla ondan 261 manat ödənilməmiş hissə, 26 manat cərimə, 24.11.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 954 manat olan İMEİ kodu **********32653 olan Samsung Galaxy J8 markalı telefon və aksesuar almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 495 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə ümumilikdə 504 manat olmaqla ondan 459 manat ödənilməmiş hissə, 45 manat cərimə borcu hesablanmışdır. Cavabdeh cəmi 1425 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 22.09.2018-ci il tarixdə 00306281 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1191 manat olan Demir Dokum markalı kombi Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 66 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 24.11.2018-ci il tarixdə 00386702 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 954 manat olan İMEİ kodu **********32653 Samsung Galaxy J8 markalı telefon və aksesuar markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 53 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 22.09.2018-ci il tarixli müqavilə üzrə 261 manat ödənilməmiş hissə və 26 manat dəbbə borcu, 24.11.2018-ci il tarixli müqavilə üzrə 459 manat ödənilməmiş hissə, 45 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər iki müqavilə üzrə 720 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 71 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 720 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 71 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22.09.2018-ci il tarixdə 00306281 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 261 manat ödənilməmiş hissə, 26 manat cərimə, 24.11.2018-ci il tarixdə 00386702 saylı alqı-satqı müqaviləsinə əsasən 459 manat ödənilməmiş hissə, 45 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 22.09.2018-ci il tarixdə 00306281 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 261 manat ödənilməmiş hissə, 26 manat cərimə, 24.11.2018-ci il tarixdə 00386702 saylı alqı-satqı müqaviləsinə əsasən 459 manat ödənilməmiş hissə, 45 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat manat, ümumilikdə 821 (səkkiz yüz iyirmi bir) manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar