Məhkəmə qərarları › İş №2(003)-1543/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1543/2023

06.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1543/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə İddiaçı Fəraməz oğlunun Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Fəraməz oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış ünvanında yerləşən evə (abonent kodu **********300000) hesablanmış 2049,08 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bu ünvana cavabdeh təşkilat tərəfindən X-2075 nömrəli müqavilə əsasında qazın alqı-satqısına dair müqavilə əsasında məişət qazı verilmişdir. Evdə bir “iran sobası”, “4 gözlü qaz sobası” movcuddur. Əvvəlcə bu ünvanda oğlu ailəsi ilə birlikdə yaşamış və həmin qaz cihazlarından istifadə etmişdir. Oğlu Nəcəf zərurətlə əlaqədar yaşayış yerini dəyişmiş və həmin ünvana özü köçüb yaşamağa başlamışdır. 2016-cı ildə qaz xəttini kəsərək bildirmişlər ki, cavabdeh təşkilata 1000 manat borc yaranmışdır. Bu borcun 200 manatını ödədikdən sonra ona smart kart verdilər və 2022-ci ilin mart ayına kimi cavabdeh təşkilatla bağladığı müqavilə əsasında qazdan istifadə etmişdir. 2022-ci ilin mart ayında zərurətlə əlaqədar Masallı rayonuna getmiş, rayondan qayıtdıqdan sonra fərdi yaşayış evinə aid olan qaz sayğacının dəyişdirildiyini, onun əvəzinə mexaniki qaz sayğacının qoyulduğunu görmüşdür. Həmin qaz sayğacı işləmədiyi üçün cavabdeh təşkilatı təmsil edən və Mərdəkan qəsəbəsində yerləşən qaz idarəsindəki səlahiyyətli şəxslərə müraciət etdikdən sonra onlar bildirdilər ki. 2049,08 manat borcu vardır. Həmin borcu əsassız hesab edir və bildirir ki, bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır. Bundan başqa hal-hazıra kimi əsassız olaraq borca görə tutmalar davam etdirilir. Abonent kodu **********00000 olmaqla qeydiyyata alınmışdır. "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları yaşadığı fərdi yaşayış evinin qaz xəttinin, yəni sayğaca qeyri-qanuni istifadə aşkar olunması səbəbindən onun 2049,08 qəpik qaz sərfiyyatına görə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verib əlavə olaraq bildirdi ki, əvvəllər həmin evdə iddiaçının oğlu yaşamış və oğlu tərəfindən 2016-cı ildə kənar xəttdən istifadə edilib, lakin 2018-ci ildə həmin ünvanda yaşayış olmamışdır. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək məhkəmədən iddanın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı X4 arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2019-cu il tarixli, X-2075 saylı müqavilədən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı İddiaçı Fəraməz oğlu arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, 03-10739 saylı müqavilədən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktdan görünür ki, istehlakçıya məxsus ünvanda “İtron” tipli “G 4” markalı qaz sayğacı istismar müddəti bitdiyi üçün çıxarılaraq “Mexaniki” tipli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktdan görünür ki, istehlakçıya məxsus ünvanda “Zenner” tipli “G 4” markalı qaz sayğacı çıxarılaraq “İtron” tipli “G 4” markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənimləmə Agentliyi Bakı Filialının 06 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, sözügedən ünvanda qaz xətti üzərində istismarda olmuş G-4 tipli sonradan ödənişli ******* nömrəli qaz sayğacı xx.xx.2015-ci il tarixdə çıxarılaraq G-4 tipli öncədən ödənişli (smart-kart tipli) 1402AZ**********27 nömrəli yeni qaz sayğacı ilə əvəz edilmiş və müvafiq olaraq "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" (bundan sonra - akt) ******* nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın mexaniki göstəricisinin 3353 olduğu qeyd olunmuşdur. Abonent saldosu (fərdi hesab) təhlil edilən zaman ******* nömrəli qaz sayğacı çıxarılanadək 2012-ci ilin fevral, mart, noyabr və dekabr aylarında, 2013-cü ilin mart ayından dekabr ayınadək olan müddətlərdə (sentyabr ayı istisna olmaqla), 2014-cü ilin isə yanvar, fevral, aprel, may və iyul aylarında qaz paylayıcısı tərəfindən istehlakçıya verilən qazın dəyəri qaz sayğacının göstəricilərinə əsasən hesablanmamışdır. Həmçinin sözügedən qaz sayğacı çıxarılan zaman (xx.xx.2015-ci il) mexaniki göstəricisi 3353 olsa da, 2014-cü ilin dekabr ayında 12375, 2015-ci ilin yanvar və fevral aylarında isə müvafiq olaraq 1200 və 2800 olaraq qeyd olunmuşdur. Qeyd olunanlara əsasən qaz paylayıcısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin və həmin Qaydalara əlavə edilmiş (2 nömrəli əlavə) qaz paylayıcısı ile istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin 2.15-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, qaydaların həmin bəndlərinə uyğun olaraq qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı ve hər ay istehlakçıya hesab təqdim etməli (göndərməli), istehlakçıya verilen qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmalıdır. 2015-ci ilin mart ayında quraşdırılmış G-4 tipli öncədən ödənişli 1402AZ**********27 nömrəli qaz sayğacı xx.xx.2016-cı il tarixdə sayğacın işlək vəziyyətdə olmaması səbəbinden G-4 tipli öncədən ödənişli 1502AZ**********11 nömrəli yeni qaz sayğacı ile əvəz edilmiş ve müvafiq olaraq ******* nömrəli akt tərtib edilmişdir. Çıxarılan sayğacın mexaniki göstəricisi (2304) əsasında hesablanmış 230.40 manat məbləğində qazın dəyəri istehlakçının fərdi hesabına (abonent saldosu) əlavə edilmiş və nəticədə istehlakçının hesabında 867.2 manat məbləğində borc yaranmışdır. 2016-cı ilin may ve noyabr, 2018-ci ilin isə yanvar ayında qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının aşkar edilməsi səbəbindən Cavabdeh Bakı X6 Departamenti tərəfindən qanunsuz xətlər qazpaylayıcı şəbəkədən ayrılmış ve sözügedən tarixlər üzrə müvafiq olaraq 172.8 manat, 254,4 manat ve 845,2 manat məbləğlərində dəymiş zərər hesablanmışdır. Araşdırma materiallarına əsasən 2016-cı ilin may və 2018-ci ilin yanvar aylarında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının aşkarlandığı zaman tərtib edilmiş 090678 ve ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əlavə edilmiş foto çəkilişlərin eyni tarixdə çəkildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən qaz paylayıcısı tərəfindən dəymiş zərərin hesablanması zamanı səhvə yol verilerek qaydaların 5.2-ci bəndinin tələbləri pozulmuşdur. Həmin Qaydaların 5.2-ci bəndinə uyğun olaraq istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilənləri nəzərə alaraq, sözügedən ünvanda qaz xətti üzərində istismarda olmuş G-4 tipli sonradan ödənişli ******* nömrəli qaz sayğacı çıxarılanadək (xx.xx.2015-ci ) 2012-ci ilin fevral, mart, noyabr və dekabr aylarında, 2013-cü ilin mart ayından dekabr ayınadək olan müddətlərdə (sentyabr ayı istisna olmaqla). 2014-cü ilin isə yanvar, fevral aprel, may ve iyul aylarında qaz sayğacının göstericilərinə əsasən hesablanmamış qazın deyerine, eyni zamanda 2016-cı ilin may va noyabr. 2018-ci ilin ise yanvar ayında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının aşkarlaması nəticəsində hesablanmış dəymiş zərərlərə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılması və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi üçün İB-ə xx.xx.2022-ci il tarixli AERA 20-3208/22 nömrəli məktubla sorğu göndərilmişdir. İB-nin Bakı X6 Departamentinin xx.xx.2022-ci il tarixli cavab məktubunda məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış qazın alqısatqısı müqaviləsinin 5.2-ci bəndinə əsasən tərəflərin məhkəməyə müraciət edə biləcəkləri və hal-hazırda işin məhkəmə qaydasında mübahisələndirilmə ərəfəsində olduğu bildirilmişdir. Qeyd olunanlar qaydalara uyğun olaraq istehlakçı (İddiaçı) ilə qaz paylayıcısı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03-10739 nömrəli qazın alqı-satqısı müqaviləsinin 5.2-ci bendine esasən məsələnin həll olunması üçün İB-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, 090678 saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar “rezin” boru ilə qazdan istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış, dəymiş ziyan 1728 kub metr müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, dəfələrlə kənar xəttin kəsilməsinə baxmayaraq abonent sayğacdan kənar təbii qazdan istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış, dəymiş ziyan 2544 kub metr müəyyən edilmişdir. İş materiallarında olan 26 yanvar 2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış, dəymiş ziyan 4226 kub metr müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna 2015-ci il üzrə 354.30 manat, 2016-ci il üzrə 427.20 (172.8+254.4) manat, 2018-ci il üzrə 845.20 manat və 2022-ci il üzrə 9.48 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə, cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Buna qədər isə tərtib edilmiş xx.xx.2016-ci il tarixli, 090678 saylı, xx.xx.2016-ci il tarixli, ******* saylı və 26 yanvar 2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan müvafiq olaraq 1728 kub metr, 2544 kub metr və 4226 kub metr müəyyən edilmişdir. Verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna 2015-ci il üzrə 354.30 manat, 2016-ci il üzrə 427.20 (172.8+254.4) manat, 2018-ci il üzrə 845.20 manat və 2022-ci il üzrə 9.48 manat borc hesablanmışdır. Göründüyü kimi iddiaçıya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi ilə bağlı tərtib edilmiş aktlara əsasən 2016-ci il üzrə 427.20 (172.8+254.4) manat, 2018-ci il üzrə 845.20 manat və 2022-ci il üzrə 9.48 manat borc hesablanmışdır. İddiaçı isə tələbində 2049,08 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibətdə aşağıdakı maddi hüquq normalarının tətbini mümkün hesab edir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə ilk öncə 2016-cı il üzrə tərtib edilmiş aktlara münasibətdə qeyd edir ki, həmin aktlar üzrə hesablanmış borc iddiaçı tərəfindən ödənilməlidir və iddia tələbi həmin hissədə əsassız olmuşdur. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, 2016-cı il üçün iddiaçı tərəfindən kənar xəttdən istifadə edilib, lakin 2018-ci ildə həmin ünvanda yaşayış olmamışdır. Məhkəmə qeyd edilənlərə münasibətdə hesab edir ki, iddiaçı 2018-ci il ərzində mübahisəli evdə yaşayış olmadını bildisə də, bu barədə hər hansı sübut təqdim etməmiş, bununla yanaşı 2016 və 2018-ci illər ərzində iddiaçının ünvanı üzrə təbii qazdan istifadəyə dair ödənişləri olmamışdır, belə olan halda da hesab edilir ki, qeyd edilən illər üzrə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edərək, cavabdehə ziyan vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, həmin illər üzrə tələb edilən borc əsaslı olmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, 2018-ci il üzrə tərtib edilmiş akta əsasən dəymiş ziyan 4226 kub metr müəyyən edilmiş, lakin ödənilməli olan məbləğ 845.20 manat hesablanmışdır. Halbuki həmin məbləğ 422.6 manat müəyyən edilməli idi. Belə ki, müəyyən edilmiş dəymiş ziyan, yəni 4226 kub metr, Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 qəpiyə vurulmalıdır. Bu zaman iddiaçı tərəfindən cavabdehə dəymiş zərərin 422.6 manat məbələğində olması müəyyən edilir. Cavabdeh tərəf isə itirimiş qazın dəyərini 845.20 manat hansı əsasla hesablaması barədə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən artıq hesablanmış 422.6 manat 845.20 manatdan çıxılmalı və əsassız hesablanmış 422.6 manat silinməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bununla yanaşı məhkəmə iclasında müəyyən edilmişdir ki, 2015-ci ilin mart ayında quraşdırılmış G-4 tipli öncədən ödənişli 1402AZ**********27 nömrəli qaz sayğacı xx.xx.2016-cı il tarixdə sayğacın işlək vəziyyətdə olmaması səbəbinden G-4 tipli öncədən ödənişli 1502AZ**********11 nömrəli yeni qaz sayğacı ilə əvəz edilmiş və müvafiq olaraq ******* nömrəli akt tərtib edilmişdir. Çıxarılan sayğacın mexaniki göstəricisi (2304) əsasında hesablanmış 230.40 manat məbləğində qazın dəyəri istehlakçının fərdi hesabına (abonent saldosu) əlavə edilmiş və nəticədə istehlakçının hesabında 867.2 manat məbləğində borc yaranmışdır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göründüyü kimi iddiaçıya hesablanmış 867.2 manat borc əsassız olmuşdur. Belə ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, təchiz edilir, quraşdırılır və dəyişdirilir. Eləcə də cavabdeh tərəf həmin borcun yaranma əsası barədə hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2018-ci il üzrə iddiaçının abonent hesabına hesablanmış 422.6 manat, eləcə də sayğacın əvəz edilməsinə görə hesablanmış 867.2 manat borc olmaqla ümumilikdə 1289.8 (min iki yüz səksən doqquz manat, səksən qəpik) manat məbləğində borc silinməli, qalan hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, eləcə də iddia tələbi qismən təmin edildiyindən, 25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 26 yanvar 2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında İddiaçı Fəraməz oğluna (abonent kodu **********300000) hesablanmış 422.6 (dörd yüz iyirmi iki manat altı qəpik) manat məbləğində borc və xx.xx.2016-cı il tarixdə sayğacın işlək vəziyyətdə olmaması səbəbindən G-4 tipli öncədən ödənişli 1502AZ**********11 nömrəli yeni qaz sayğacı ilə əvəz edilməsi nəticəsində istehlakçı - İddiaçı Fəraməz oğluna (abonent kodu **********300000) hesablanmış 867.2 (səkkiz yüz altımış yeddi manat, iki qəpik) manat məbləğində borc olmaqla ümumulikdə 1289,8 (min iki yüz səksən doqquz manat, səksən qəpik) məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar