Məhkəmə qərarları › İş №2(003)-1555/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1555/2023

31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1555/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun fərdi yaşayış evinə əsassız hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı onun arvadıdır. Onlar birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahə 3/332 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Onlar işlətdikləri qaz sərfiyyatına görə vaxtlı-vaxtında ödəniş edirlər. Cavabdeh Birliyin əməkdaşları tərəfindən ona məxsus fərdi evin sayğacı xx.xx.2023-cü il tarixdə dəyişdirilmişdir. Lakin, bir müddət sonra- yəni, xx.xx.2023-cü il tarixdə onların ünvanına məktub gəlmiş və məktubda yazılmışdır ki, fərdi evdə qaz sərfiyyatına görə 1036,80 manat borc yaranmışdır (abonent kodu: **********01188). Tərtib edilmiş akt da məktub vasitəsilə göndərilmişdir. Həmin borcla əlaqədar Mərdəkan qəsəbəsində yerləşən cavabdeh Birliyin müvafiq qurumuna şifahi müraciət edildikdə onlara 1036,80 manat borcun mövcud olduğu bildirilmişdir. Onlar artıq bir ildən çoxdur ki, cavabdeh Birliyə qaz sayğacının üzərində qoruyucu qutunun olmaması barədə məlumat verilmişdir (qutu əvvəldən də qoyulmamışdır). Lakin, onların müraciətləri təmin edilməmişdir. Hesab edir ki, hazırkı borc cavabdeh Birliyi təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır. Tərtib edilmiş akt onların iştirakı olmadan yazılmışdır. Onlar tərəfindən sayğaca heç bir müdaxilə olmamışdır. Evdən kənarda, açıq havada quraşdırılmış sayğaca görə iddiaçı məsuliyyət daşıya bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablayıcı mexanizminin plastmas qapısının üzərinə vurulmuş zavod plombunun kənar təsir nəticəsində sındırılması aşkar edilmişdir. -**********01188 saylı abonent kodu üzrə verilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahə 3/332 ünvanında yerləşən fərdi evdə **********961 saylı ZENNER G5T SMART tipli sayğac quraşdırılmışdır. Ünvanda PQ- 4 tipli 4 gözlü qaz plitələri işlədilir. 2023-cü ilin yanvar ayında akt əsasında ünvana 1036,80 manat məbləğində borc yazılmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, sayğaca kənar müdaxilə nəticəsində təbii qazdan istifadə qaydalarının pozulması barədə İddiaçı adına tərtib edilmiş akt əsasında iddiaçının abonent hesabına 1036,80 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən təbii qaza müdaxilə nəticəsində qaz itkisinin yaranması faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğaca müdaxilə nəticəsində qaz itkisinin yaranması halına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmin halın mövcudluğu müəyyən edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərərin də iddiaçının abonent hesabına hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, cavabdeh təşkilata dəymiş zərər, iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında dəymiş zərərlə bağlı hər hansı bir vəzifəsi yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, iddiaçının abonent hesabına cavabdeh tərəfindən hesablanmış 1036,80 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Hazırkı iddia qiyməti 1036,80 manat təşkil etdiyinə görə dövlət rüsumunun məbləği 30,36 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********01188) hesablanmış 1036,80 manat məbləğində borc silinməli, cavabdehdən 30,36 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********01188) hesablanmış 1036,80 (bir min otuz altı manat, səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30,36 (otuz manat, otuz altı qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar