Məhkəmə qərarları › İş №2(003)-1589/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1589/2023

02.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1589/2023 02.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 2473,68 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksək məbləğdə borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan onu məlum oldu ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən aktlar əsasında mənim üçün 2473.68 manat məbləğində qaz borcu hesablanmışdır. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq, Cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Bildirir ki, cavabdeh təşkilat qaz xəttinə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin mənim qanunsuz hərəkət və yaxud hərəkətsizliyim nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, qeyd olunan ünvan ona məxsus olsa da o, həmin ünvanda yaşamamış, həmin evi müvəqqəti yaşamaq üçün qohumlarına vermişdir. O, sonradan bilmişdir ki, qeyd olunan ünvanda sayğacdan kənar qaz xəttindən istifadə etmişlər. Ümumiyyətlə həmin evdə qohumları yay aylarında yaşamışlar. Qeyd olunan ünvanda o, yaşamamış, aktlar tərtib edilərkən həqiqətən də təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Ümumiyyətlə həmin evdə qohumları yay aylarında yaşamışlar. O, 2020-ci ildən sonra həmin evdə mütəmadi yaşamağa başlamışdır. Aktlar tərib olunan dövrdə onun evdə 2 qaz avadanlığından - PQ4 qaz peçindən və QSSQ-dan istifadə olub. Onun mənzilində dəmir soba olmayıb. Belə ki, iş materiallarında olan dəymiş ziyanın hesablanmasına dair tələbnamələrdən görünür ki, ziyanın hesablanması zamanı əksəriyyət halda onun evində 2 qaz avadanlığının olması nəzərə alınmaqla hesablamalar aparılmışdır. Bundan başqa zərər hesablanarkən qaz avadanlığlarının günlük istifadə saatlarını hədindən çox götürməklə hesabama aparmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddanın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamələrin surətlərindən görünür ki, abonent kodu **********00330 sayla qeydiyyata alınmış abonent İddiaçı sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və ona ümumilikdə 2365,2 manat dəymiş ziyanın hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00640 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2022-ci ilin fevral ayınadək ümumilikdə 2473,68 (2365,2 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 108,48 (aparılmış ödənişlər nəzərə alınmaqla) manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək aktlar tərtib edilmiş, cavabdehə ümumilikdə aktlar əsasında (2019–cu ilin mart ayından 2020-ci ilin mart ayınadək) 2365,2 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin aktlara görə hesablanmış borcun silinməsini tələb edir. İddiaçı həqiqətən də aktların tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, aktlarda dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi hissəsində iddia tələbini qəbul etməklə cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında İddiaçı 2365,2 manat ziyan hesablasa da iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni idiaçının məhz 2365,2 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanmasına zamanı ziyanın hesablanmasına əsas olmuş qaz avadanlıqlarından dəmir sobanın olmasının qeyd oluan ünvanda mövcud olaması sübut olunmamaışdır. Belə ki, iş materiallarında olan “dəymiş ziyanın hesablanmasına dair tələbnamələrdən” görünür ki, ziyanın hesablanması zamanı əksəriyyət halda iddiaçının mənzilində 2 qaz avadanlığının olması nəzərə alınmaqla hesablanmalar aparılmışdır. mışdır. Bundan başqa Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktlara əsaslanmaqla itirilmiş qazın bərpası üçün 2365,2 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Bundan başqa iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsədə ona ziyan hesablanarkən əksəriyyət halda qaz avadanlıqlarının orta günlük iş rejimi 4 saat göstərilsədə, bir qisim tələbnamələrdə bu 6-24 saat olaraq hesablanmışdır. Məhkəmə orta günlük iş rejiminin 4 saat olaraq 30 günə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı təşkilatın nümayəndələri tərəfindən hər həftə aparılan yoxlamalar nəzərə alınaraq, itirilmiş təbii qazın bərpasına dair zərərin hesablanma müddəti bir ədəd PQ4 qaz sobası və QSSQ üzrə günlük orta iş rejimi 4 saat olmaqla hesablanmalıdır. Odur ki, araşdırılan 11 akt üzrə 32,40 (1.2x4x30=144 kub, 1.5x4x30=180 metr olmaqla 32,4 manat (324 x 0,10),manat hesablanmaqla, cəmi 356,4 (32,40 manat x 11 akt) manat məbləğində borcun iddiaçıya hesablanması ədalətli və ağlabatandır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00330 olan) hesablanmış 2008,8 (2365,2-356,4) manat məbləğində borc silinməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının silinməsini xahiş etdiyi borcun 108,48 manatı onun tərəfindən təbii qazdan istifadəyə etdiyi üçün sayğac göstəricilərinə əsasən hesablanmış borcdur. Qeyd olunan qanunvericiliklərin tələblərinə əsasən, məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtı-vaxtında tam icra etmədiyindən idia tələbi həmi hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 40,08 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00330) hesablanmış 2008,8 manat məbləğində borc iddiaçının hesabından silinməli iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00330) hesablanmış 2008,8 manat məbləğində borc silinsin. 40,08 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar