Məhkəmə qərarları › İş №2(003)-1625/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1625/2023

24.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1625/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 olmaqla, cavabdeh Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 31 saylı Notariat Kontoru tərəfindən X4 adına açılmış vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, 1959-cu il tarixdə iddiaçının atası X3 dövlət tərəfindən torpaq sahəsi verilib və orada onun tərəfindən fərdi ev tikilmişdir. X28 isə 1960-cı il tarixdə ora köçmüş və atası ona yaşamaq üçün yer vermişdir. Evin iddiaçının atası tərəfindən tikilməsi faktını evə verilmiş texniki pasport təsdiq edir. Həmçinin, fərdi evə dair ev kitabında (domovoy) iddiaçı və ailəsinin 1959-cu il tarixdə həmin ünvana köçməkləri öz təsdiqini tapır. Əmisi isə həmin evə 1960-cı ildə köçmüşdür. 1960-cı il tarixdə evə köçən şəxs həmin evi 1959-cu ildə tikə bilməzdi. Bununla da evin 1959-cu il tarixdə iddiaçının atası tərəfindən tikildiyi məlum olur. İddiaçı və ailə üzvləri həmin evdə daimi qeydiyyatdadır, əmisi oğlu Hüseynov Böyükağa onun və ailə üzvlərinin əsas vərəsə olmaqlarına baxmayaraq, onların iştirakı olmadan Kərimin adına vərəsəlik işi açılmış və Böyükağa isə atasının ölümündən 30 il keçdikdən sonra vərəsə kimi tanınmış və sonradan həmin evə qanunsuz çıxarış almışdır. İddiaçının, onun bacısının və qardaşının həmin evdə qeydiyyatları olmasına baxmayaraq, notariat işinin materiallarında onların imzaları yoxdur. Həmçinin, notariat işinin sənədlərində Kərimin və atası Rüstəmin adları səhv qeyd olunmuşdur. İddiaçının babasının adı Qəmbərəli olmasına baxmyaraq, əmisinin adı X10 qeyd edilmişdir. Hazırkı mübahisəli notariat işinin tərtibi zamanı iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Bu səbəbdən X4 adına verilmiş vərəsəlik şəhadətnaməsi ləğv edilməlidir. Belə ki, 31 saylı notariat kontorunda açılmış vərəsəlik işi ilə bağlı iddiaçının və ailə üzvlərinin qeydiyyatda olmaqlarına baxmayaraq onların iştirakı təmin edilməmiş və qanunun tələbləri pozulmuşdur. Onların xəbəri olmadan onlara məxsus olan fərdi evə vərəsəlik şəhadətnaməsinin verilməsi və çıxarışın alınması qanunun tələblərinin ciddi pozulmasıdır və bununla bağlı müvafiq araşdırma aparılmalıdır. Bundan başqa, həmin vərəsəlik işində onların sənədləri əlavə olunmamış, lakin vərəsəlik işinin içində qeydiyyatda olan şəxslərin siyahısında iddiaçının və ailə üzvlərinin adları vardır. 31 saylı Notariat Kontorunda açılmış vərəsəlik kontorunda vərəsəlik işinin açılmasına səbəb Bakı şəhəri Texniki İnventar Bürosu tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş qeydiyyat vəsiqəsi olmuşdur. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən AR VK 4 saylı Vəkil Bürosuna verilmiş sorğuya cavabdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Kalinin küçəsi 1 saylı fərdi evdə 1959-cu il tarixdən 10 nəfər yaşayır. Bu qərarla evi tikən kimi isə X23 tanınmışdır, halbuki evin ilkin texniki pasportu iddiaçının atası X2 adına olmuşdur, bununla bağlı hüquqları təsdiq edən sənəd təqdim edilir. Bundan başqa, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavabdan müəyyən olunur ki, keçmiş Kirov rayonu Kalinin küçəsi 1 saylı fərdi yaşayış evi keçmiş Orconikidze Xalq deputatları soveti icraiyyə komitəsinin 16 saylı xx.xx.1989-cu il tarixli qərarına, xx.xx.1989cu il tarixli 560 saylı forma 2 arayışına əsasən ilkin olaraq xx.xx.1989-cu il tarixdə X14 adına qeydiyyata keçirilmişdir. Qərara əsas olmuş sənədlərin qərardan sonra qəbul edilməsi sual doğurur. X11 etiraz ərizəsində evə faktiki sahibliyi 1990-cı ildən etdiyini qeyd etsə də, bununla bağlı hər hansı bir sübutu əlavə edə bilməmişdir. Halbuki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 1 saylı evə iddiaçı faktiki sahiblik edir. 30 ildən sonra verilən vərəsəlik şəhadətnaməsi iddiaçının hüquqlarının pozulması ilə verilmişdir və bu fakt təqdim olunan sənədlərdən sübuta yetirilir. X4 atasının 1990-cı il tarixdə vəfat etməsinə baxmayaraq atasının ölümündən sonra miras əmlakı notarial kontora müraciət etməklə qəbul etməmiş, hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. İddiaçının babasının adı Qənbər Əli olduğu halda sənədlərdə miras qoyan şəxsin adı X10 qeyd edilmişdir. Əgər burada texniki səhv olmuşdursa, bununla bağlı məhkəmə qərarı vərəsəlik işinin materiallarına əlavə edilməli idi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkilinin izahatına oxşar məzmunda izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi X5 iddia ərizəsinin rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, B.K.Hüseynovun oğludur. X8 hazırkı iddia tələbi ilə müraciət etməsinə subyektiv hüququ yoxdur. X15 X26in qardaşı Hüseynov Rustamın qızıdır. Mübahisə predmeti olan əmlak X7nun adına mülkiyyət hüququ ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən qeydə alınmış əmlakdır. Həmin qeydiyyata əsas o olmuşdur ki, Orconikidze rayon İcraiyyə Komitəsinin 16 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə X7 evi tikən şəxs kimi tanınmış və Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma Bürosuna ev üzərində hüquqların babasının adına qeydə alınmasına icazə verilmişdir. Həmin dövrdə də X7 öz ailə üzvləri ilə həmin evdə yaşamışdır. Qeyd edilən ailə üzvlərinə İddiaçı aid olmamışdır. Hal-hazırda xx.xx.1989-cu ildə babasının adına mülkiyyət hüququ haqqında aparılmış həmin qeydiyyatın qanunsuz olmasına dair heç bir məhkəmə aktı mövcud deyildir. X7 1990-cı il tarixdə vəfat etdikdən sonra atası evə sahiblik etmiş, evdə yaşamış, onu mütəmadi təmir etdirmiş, vəziyyətini yaxşılaşdırmış, kommunal xərcləri ödəmiş, yəni mirası faktiki qəbul etmişdir. Atası evə sahiblik etməyə faktiki 1990-cı il tarixdə babası vəfat etdikdən sonra başlamış, 2019-cu ildə atasının 1-ci növbə vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tam qanuni şəkildə verilmişdir. İddiaçı isə X26in qardaşı Rustamın qızı olmaqla babasının birinci dərəcəli varisi hesab edilə bilməz. İddiaçı evdə qeydiyyatda olması isə onu birinci dərəcəli vərəsələr sırasına daxil etmir. İddia ərizəsinə əlavə edilmiş ev kitabı isə evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd deyildir və habelə, iddiaçının atası ilə eyni dərəcəli vərəsə olduğunu sübuta yetirmir. Digər cavabdeh Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X16 xx.xx.2023-cü il tarixli məktubla iddiaya qarşı münasibətini bildirərək qeyd etmişdir ki, miras qoymuş mərhum X14 1-ci dərəcəli vəsərələrinin dairəsi müəyyənləşdirilmiş və aydın olmuşdur ki, oğlu X11 və qızı X19 miras qoyanın 1-ci növbə vərəsələridir. X15 miras qalmış əmlakda qeydiyyatda olsa da, mərhum əmisinin 1-ci dərəcəli vərəsəsi olduğu halda qanunla ona hər-hansı payın düşməsi qeyri mümkündür. Məhkəmə, tərəflərin fikrini tədqiq edib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, ev 1 (yeni adı Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, ev 7) saylı 88.40 kv.m olan yaşayış sahəsi xüsusi mülkiyyət əsasında **********41-10301 reyestr nömrəsi ilə X4 adına qeydiyyatdan keçirilmişdir. -Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, ailə təsərrüfatının başçısı olaraq X14 ailə tərkibi bu cürdür: X12-arvadı, X11-oğlu, X19-qızı və X20-oğlu. -Bakı şəhəri Orconikidze rayonu Kirov qəsəbə Soveti tərəfindən 16 fevral 1990-cı il tarixdə verilmiş İİİ-İГ seriyalı 463836 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölümün qeyd edilməsi kitabında xx.xx.1990-cı il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. -xx.xx.2019-cu il tarixdə verilmiş, reyestrdə 2V-163 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X23 vərəsəsi X11 miras əmlakdan tam hissədə pay almalıdır. -X19 tərəfindən notariat ofisinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, miras qalmış əmlakdan payı qəbul etməkdən imtina etmişdir. -Yeni Suraxanı qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş AZ seriyalı 033251 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1999-cu il tarixdə xarici qanitirmə səbəbindən Bakı şəhəri Suraxanı rayonunda vəfat etmişdir. Bu barədə ölümün qeyd edilmə kitabında 2000-ci ilin aprel ayının 4-də 28 nömrə ilə qeyd edilmişdir. -Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 219449 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə ürək-damar çatışmazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölümün qeyd edilmə kitabında xx.xx.2006-cı il tarixdə 996 nömrə ilə qeyd edilmişdir. -xx.xx.1989-cu il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X14 adına verilmişdir. - Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X9 xx.xx.2023-cü il tarixli məktubu və əlavə edilmiş sənədlərdən aydın olur ki, miras qoymuş mərhum X14 1-ci dərəcəli vəsərələri X11 və qızı X19 olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılır. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə vərəsələr ölənin bacıları və qardaşları hesab olunur. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi keçmiş Orconikidze rayonu Xalq deputatları Soveti İcraiyyə Komitəsinin 16 nömrəli xx.xx.1989-cu il tarixli qərarına və xx.xx.1989-cu il tarixli 560 nömrəli forma 2 arayışına əsasən ilkin olaraq xx.xx.1989-cu il tarixdə X14 adına qeydiyyatdan keçmişdir. Daha sonra X23 həmin yaşayış sahəsinə çıxarış almadan 1990-cı il tarixdə vəfat etmişdir. Mərhumun birinci dərəcəli vərəsələrindən X20 və X12 vəfat etdiklərindən, X19 isə öz payından X4 xeyrinə imtina etdiyindən notarius tərəfindən X6 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən miras əmlakda tam pay alması barədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında da yaşayış sahəsi çıxarışla X4 adına qeydiyyatdan keçirilmişdir. Beləliklədə müəyyən olunur ki, miras qoyan mərhum K.Hüseynovun 1-ci növbə vərəsələri (oğlu B.Hüseynov və qızı S.Əliyeva) olduğundan və İddiaçı 2-ci növbə vərəsəyə aid olması səbəbindən qanunvericiliyin tələbinə uyğun olaraq notariat ofisi tərəfindən B.Hüseynova qanun üzrə vərəsəliyə dair şəhadətnamə haqlı olaraq verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 olmaqla, cavabdeh Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar