Məhkəmə qərarları › İş №2(003)-1665/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1665/2021

19.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1665/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi Hüseynov Ağahüseyn Ədalət oğlunun, Cavabdeh nümayəndəsi X4 oğlunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1402 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanına məxsus qaz sayğacına dair əsassız olaraq ******* saylı xx xxxxxx 2018-ci il tarixli akt tərtib edilmişdir. Onun bu aktdan xəbəri olmamış və iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonra ona məlum olub ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş akt əsasında sayğacda nasazlıq aşkar edilmiş və guya bu sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Həmin akt əsasında onun 1402 manat məbləğində qaz borcu hesablanmışdır. Onun həmin qaz sayğacına müdaxilə etmək niyyəti olmamışdır. Həmin aktda qeyd olunan sayğacın plasmas borusunun deşik vəziyyətdə olmaması isə ona aydın olmayan səbəbdən baş vermişdir. Buna baxmayaraq Cavabdeh İB tərəfindən ona əsassız olaraq 1402 manat məbləğində borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Cavabdeh 604 manat cərimə olunmağı barədə aktı ona versələrdə ümumilikdə 1402 manat borcu olduğunu bildirmişdilər. O digər aktı cavabdehdən tələb etsə də yalnız bir aktın olduğunu ona bildirdilər. Halbuki, o heç vaxt qaz sayğacına müdaxilə etməmiş və bu qədər cərimə məbləğinin hardan yarandığı ona məlum deyil. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablanmışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən ona əsassız hesablanmış 1402 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, istehlakçıya məxsus ünvana baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni istifadə olunur. Bununla bağlı müvafiq akt tərtib olunaraq, dəymiş ziyan hesablanmış və istehlakçının hesabına yönəldilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, İddiaçı verilən qaz xətti üzrə abonent kodu **********30123 sayla qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktın surətindən görünür ki, **********30123 sayla qeydiyyata alınmış İddiaçı məxsus ünvanda xx xxxxxx 2018-ci il tarixli ******* saylı əsas akt üzrə 6042 kub metr ziyan hesablanmışdır. Qeyd olunan abonent saldosundan görünür ki, **********30123 sayla qeydiyyata alınmış ünvanda aktlar üzrə cəmi 1402.80 manat borc yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə araşdırması zamanı istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, cavabdeh tərəf borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1402 manat borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan cox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə habelə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 1402 (bir min dörd yüz iki) manat borc silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar