Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-167/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhəri 8 saylı Notariat ofisinə qarşı “müqavilələrin etibarsızlığı və pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 4Ə- 253 nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin, 12 saylı mənzili bağlı mülkiyyət hüquq müəyyənedici sənədlərin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqqi şəxsi, 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 və Cavabdeh5 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, Cavabdeh1 ilə xx.xx.2019-cu il il tarixdə rəsmi olaraq nikah qurmuş və birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Süleyman adlı övladları doğulmuşdur. O, Cavabdeh1 ilə birgə nikah dövründə aldıqları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin, 12 saylı mənzilində yaşayırdı. Cari ilin əvvəllərindən başlayaraq Cavabdeh1 mütəmadi olaraq yaşadıqları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin, 12 saylı mənzilini satıb şəhərə yaxın yerdə mənzil almağı ona təklif edirdi və o, əvvəlcə razı olmasa da, cavabdehin həyat yoldaşı olduğuna və israrla ondan mənzili satıb şəhərdə yeni mənzil almağı bildirdiyinə görə razılaşıb. Sonradan cavabdeh bildirib ki, evi atası (iddiaçının qaynatası) Cavabdeh2 70000 manata satmaq barədə razılaşıblar, lakin alqı-satqı zamanı böyük məbləğdə vergi və digər xərclər olduğuna, bağışlama müqaviləsi əsasında isə çox az məbləğdə xərc çıxdığını, ondan notariusa gedib bir neçə sənədi imzalamağı xahiş edib. Danışıqlarına görə qaynatası Cavabdeh2 evi öz adına keçirib banka girov qoyub kredit götürüb onlara 70000 manat pul verməli idi və onlar həmin pulun üstünü düzəldib şəhərə yaxın yerlərin birində mənzil almalı idilər. O, cavabdehlərə inanıb onlarla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən 8 saylı notariat ofisinə gedib orada bilmədiyi bir neçə sənədə imza atıb evə qayıtmışdır. Düşünmüşdür ki, şəhərə yaxın yerdə mənzil almaq bir gənc ailə olaraq özünün və övladlarının gələcəyi üçün əlverişlidir. Sonradan qaynatası Cavabdeh2 onlara məxsus mənzili öz adına keçirdikdən sonra mənzilə görə ödəməli olduğu 70000 manat pulu ödəmədiyinə görə o, dəfələrlə cavabdeh həyat yoldaşı Cavabdeh1 mənzilin dəyəri olan pulu almağı və yeni mənzil almağı israrla tələb etməyə başlamış və buna görə də ailələrində problemlər yaşamağa başlamışlar. Bu zəmində ona aydın oldu ki, əslində cavabdehlər qabaqcadan planlı şəkildə düşünüb yaşadıqları mənzili satıb yeni mənzil almaq adı ilə onu aldadıb birgə nikah dövründə əldə etdikləri ümumi-birgə mülkiyyəti olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin, 12 saylı mənzili formal olaraq qaynatasının adına keçirməklə onu həmin mənzildə olan 1/2 hissədə payından məhrum etmişlər. Buna görə də, dəfələrlə əmlakının geri qaytarılmasını cavabdehlərdən geri tələb etsə də, cavabdehlər onu evdən qovacağı ilə hədələmişlər və sondə nəticə etibarı ilə onu qanuni mülkiyyətimdən məhrum etmişlər. Bundan sonra hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmişdir. Bundan sonra vəkilinin sorğusuna əsasən 8 saylı notariat ofisinə müraciət olunmuş və oradan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin, 12 saylı mənzilin bağılanması ilə bağlı notariat işinin surəti alınmışdır. Hesab edir ki, qeyd olunan daşınmaz əmlak ümumi-birgə əmlak olduğundan həmin əmlaklın özgəninləşdirilməsi zamanı cavabdehlər onun etibarından sui-istifadə etməklə və onu aldatmaq yolu ilə ümumi-birgə mülkiyyətdə olan əmlak payını qanunsuz olaraq ələ keçirmişlər. Buna görə də, Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 4Ə-253 nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi qanunvericiliyin tələbləri (etibardan sui-istifadə, aldatma yolu ilə müqavilənin bağlanması) pozulmaqla bağlandığı əsası ilə etibarsız hesab edilməlidir. İddiaçı tərəf tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 4Ə-253 nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və birgə nikah dövründə yəni xx.xx.2021-ci il tarixdə əldə edilmiş bir ədəd "AZSAMAND LX' markalı **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-də özgəninləşdirilməsinə dair müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin, 12 saylı mənzilinə münasibətdə və "AZSAMAND LX' markalı **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə münasibətdə 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf tələbin artırılması barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 4Ə-253 nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və birgə nikah dövründə, yəni xx.xx.2021-ci il tarixdə əldə edilmiş bir ədəd "AZSAMAND LX' markalı **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-də özgəninləşdirilməsinə dair xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli müqavilələrin və həmin müqavilələrin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınar və daşınmaz əmlaklara münasibətdə 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Bildirdi ki, hazırkı mülki işin hazırlıq mərhələsində məlum olmuşdur ki, Cavabdeh1 adında qeydiyyatdan keçən “AZSAMAND LX” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçının qanunamüvafiq qaydada razılığını almadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsində Cavabdeh4 xeyrinə özgəninləşdirmişdir. Cavabdeh1 ilə birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə bir ədəd "AZSAMAND LX” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə edildiyindən iddiaçı tərəf olaraq tərəflərindən xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcmi artırılaraq birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin, 12 saylı mənzilininin bağışlanmasına dair 4Ə-253 nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsininin etibarsız hesab edilməsi ilə yanaşı, həmin mənzilə və "AZSAMAND LX” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə münasibətdə iddiaçının 1/2 hissədə pay hüququnun tanınması xahiş edilmişdir. Həmçinin, tərəflərindən Bakı şəhəri Qaradağ rayon məhkəməsinə MTT qismində "AZSAMAND LX” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması haqqında müraciət olunmuş və həmin müraciətləri məhkəmənin e-MTT(002)-65/2022 saylı, xx.xx.2022ci il tarixli qarardadı ilə təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-2021/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh1 məxsus “AZSAMAND LX” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh1 qadağan edilmişdir. Lakin hazırkı mülki iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh qeyd olunan avtomobilin guya birgə nikah dövründə satıldığını bildirirək məhkəməni yanıltmağa çalışmışdır. Buna görə də, qeyd olunan iddia tələbində yenidən dəqiqləşdirilmə aparılmasına zərurət yarandığından və cavabdehin qeyd olunan avtomobilin özgəninləşdirilməsinə dair verdiyi məlumatın dəqiqləşdirilməsi üçün tərəfindən AR DİN-nin BDYPİ-ə müvafiq sorğu göndərilsə də, həmin sorğuma alınmış AR DİNnin BDYPİ-nin cavab məktubunda Cavabdeh1 tərəfindən onun adında qeydiyyatdan keçmiş “AZSAMAND LX” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 adına özgəninləşdirildiyi qeyd edilsə də, özgəninləşdirməyə əsas olmuş alqı-satıqı müqaviləsinin surətinin verilməsindən imtina olunduğundan həmin avtomobilin hansı dəyərdə özgəninkiləşdirildiyini müəyyən etmək mümkün olmamışdır. Buna görə də tərəfindən Xəzər rayon məhkəməsi qarşısında sübutların təmin edilməsinə dair vəsatət qaldırılaraq cavabdeh tərəfindən satılmış avtomobilin alqısatqısına dair sənədlərin BDYPİ-dən götürülməsi xahiş olunmuş, məhkəmə tərəfindən həmin sənədlərin götürülməsi haqqında BDYPİ-ə sorğu göndərilmiş, həmin sorğuya xx.xx.2022-ci il tarixdə alınmış xx.xx.2022-ci il tarixli 160667-1222 nömrəli BDYPİ-nin cavab məktubundan məluma olmuşdur ki, qeyd olunan avtomobil son olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh4 tərəfindən Cavabdeh5 adına özgəninləşdirilmişdir. Həmçinin, həmin sənədlərdən görünür ki, “AZSAMAND LX” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən xx.xx.2021-ci il tarixdə 5000 manata Cavabdeh1 satılmış, sonradan həmin avtomobil xx.xx.2022-ci il tarixdə 5200 satılmış və son olaraq qeyd olunan avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh4 tərəfindən 1500 AZN-ə Cavabdeh5 iddiaçının razılığı olmadan satılmışdır. İlkin 1-ci və 2-ci alqı-satqı müqavilələrindən də görünür ki, qeyd olunan avtomobilin dəyəri 5000-5200 manat təşkil edir və həmin qiymət onun tərəfindən dəvət edilmiş qiymətləndircinin rəyindəki “AZSAMAND LX’ markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 adına özgəninləşdirildiyi vaxt həmin avtomobilin 5200AZN bazar dəyərinə uyğun gəlir. Həmçinin, məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçının Cavabdeh1 ilə faktiki nikah münasibətləri pozulduğu dövrdə “AZSAMAND LX” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iki dəfə iddiaçının razılığı alınmadan özgəninləşdirilməsi, habelə sonuncu dəfə avtomobilin birdən-birə 5000 AZN-dən qəsdən aşağı qiymətə 1500 manata satılması ilə, hər iki cavabdehlərin birgə nikah dövründə əldə edilmiş hər iki əmlaklara münasibətdə bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin bağlanması zamanı iddiaçının mənzilə münasibətdə aladadılmasını, avtomobilə münasibətdə isə müqavilələrin iddiaçının razılığı alınmadan bağlanılıdğını sübuta yetirmiş olurlar. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzil Cavabdeh2 evinin satılması ilə əldə edilən vəsait hesabına alınmışdır. Mübahisəli mənzilin Cavabdeh2 bağışlanmasında iddiaçı özü razılıq vermişdir. Bundan başqa, iddiaçı ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci ildə 8 saylı notariat ofisində bilmədiyim bir neçə sənədə imza atdım. Halbuki iddiaçı anlaqlı və tam fəaliyyət qabiliyyəti olan şəxs olduğu üçün hansı sənədlərə imza atdığını bilməməsi ilə bağlı söylədiyi fikirlər inandırıcı görünmür. Eyni zamanda iddiaçının qeyd etdiyi kimi Cavabdeh1 iddiaçı başqa müqavilə bağlamaq adı ilə aldatmış olsaydı belə iddiaçının notariat ofisində aldadıldığını anlamaması mümkünsüz olardı. Bununla yanaşı, Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Məsələn, əgər həmin mənzil aidiyyəti olmayan bir şəxsə bağışlanılsaydı, MM-in 339.2-ci maddəsinin konteksində aldadılmadan bəhs etmək mümkündür. Çünki, nəzərə alsaq ki, bağışlama müqaviləsi əvəzsiz, iki tərəfli əqddir, əmlakın yaxın qohumdan savayı şəxsə əvəzsiz qaydada mülkiyyətə verilməsi inandırıcı olmazdı. İddiaçı öz tələbini əsaslandırmalı və sübut etməli olduğu halda bunu etməmişdir. AR Mülki Məcəlləsinin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarlı hesab olunur. Mövcud müqavilə notariat qaydasında təsdiqləndiyi üçün onun etibarlılığı şübhə doğurmamalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzili onun atası almışdır. Bunu iddiaçıda bilirdi. Ona görə də o notariat orqanında öz razılığı ilə mübahisəli mənzilin atasına bağışlanmasına razılıq vermişdir. İddiaçı bağışlanmaya razılıq verəndə onun bütün hüquqları ona izah ilunmuşdur. Bundan başqa qeyd olunan "AZSAMAND LX" markalı **-TR- *** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə 1500,0 manata dostu Cavabdeh4 satmışdır. O, qeyd olunan avtomobili satanda avtomobilin mühərriki xarab idi. Sadəcə Ağasəlim həmin avtomobilin öz adına rəsmləşdirilməsini sonradan etdi. Cavabdeh2 məhkəməyə göndərdiyi etiraz ərizəsində iddia tələbini qəbul etməyərək bildirir ki, xx.xx.2022-ci il tarixli məktubla onlara məlum olmuşdur ki, gəlini İddiaçı ona və oğluna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə etirazını əsaslandırmazdan öncə ilk növbədə məlumat üçün qısa olaraq bildirmək istəyir ki, oğlu Cavabdeh1 İddiaçı ilə xx.xx.2019-cu ildə ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx.xx.2020-ci il təvəllüdlü bir azyaşlı övladları var. Onlar keçmiş həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 saylı evin 12 saylı mənzilində yaşayırdılar. Həmin mənzil 04 avqust 2021-ci ildə onun adına olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0226 ha olan torpaq sahəsinin satılması nəticəsində əldə olunan vəsait hesabına 09 avqust 2021-ci ildə oğlunun adına alınmışdır. Həmin mənzilin oğlunun adına alınmasına da səbəb o olmuşdur ki, hesab eləmişdir ki, yaşlı insandır, hər an vəfat edə bilər. Yeganə vərəsəsi oğlu Elvindir. Həm sənədləşməni öz adına aparıb, öldükdən sonra da mirasın açılması, çıxarış alınması və s. bu kimi işlərlə məşğul olub əziyyət çəkilməməsi üçün, razılaşmışlar ki, mənzili oğlu Elvinin adına alsınlar, ancaq, əgər mənzilə sərəncam vermək istəsə, mübahisə olmayacaqdır. Lakin bu ilin əvvəllərindən başlayaraq gəlininin keçmiş həyat yoldaşına və oğluna qarşı münasibəti dəyişmişdir. Buna səbəb olan hal isə bundan ibarətdir ki, gəlini həmin evin oğlunun adına olduğuna görə keçmiş həyat yoldaşının onları evdən çıxaracağını düşünərək oğlu ilə mübahisələr yaşamağa başlamışdır. Daha sonra ümumi razılığa gəlmişlər ki, qeyd edilən mənzil onsuz da onun tərəfindən alındığından, elə onun mülkiyyətinə qaytarılsın. Buna gəlini Cavidan razı olmuş və heç bir mübahisəsiz bağışlama müqaviləsi notarial qaydada rəsmiləşdirilmişdir. Buna baxmayaraq, oğlu ilə gəlini arasındakı mübahisələr davam etmiş nikah münasibətləri faktiki olaraq pozulmuşdur. Gəlini öz istəyilə azyaşlı nəvəsi ilə birlikdə ata evinə getmişdir və bu günədək orada qalır. Aşağıda qeyd edilən əsaslara görə hesab edirəm ki, iddia ərizəsi əsassızdır: Belə ki, həmin bağışlama müqaviləsinin bağlanmasına mübahisəli mənzil onsuz da onun evinin satılması ilə əldə edilən vəsait hesabına alındığından, gəlini özü razılıq vermişdir. Hətta, belə demək mümkünsə, mənzilin həyat yoldaşı, yəni, oğlu Elvinin mülkiyyətində olması belə iddiaçını narahat edirdi. Çünki, daim oğlu ilə mübahisələrinin mahiyyəti belə olmuşdur ki, iddiaçının qaynanası, yəni onun keçmiş həyat yoldaşı onları mənzildən çıxaracaqdır. Çünki, daha aydın desə, onun mülkiyyətində olan və 04 avqust 2021-ci il tarixdə satılan torpaq sahəsi keçmiş həyat yoldaşına atasından qalma evinin satılması hesabına alınmışdır. Buna görə, gəlini Cavidan mübahisəli mənzilin əslində ona və qaynanasına məxsus olduğunu bildiyi üçün və qaynanası ilə yola getmədiyi üçün mənzildən qovulacağı barədə əsassız düşüncələrə qapılmışdır. Bundan başqa, iddiaçı ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci ildə 8 saylı notariat ofisində bilmədiyi bir neçə sənədə imza atmışdır. Halbuki iddiaçı anlaqlı və tam fəaliyyət qabiliyyəti olan şəxs olduğu üçün hansı sənədlərə imza atdığını bilməməsi ilə bağlı söylədiyi fikirlər inandırıcı görünmür. Eyni zamanda, iddiaçının qeyd etdiyi kimi Cavabdeh1 iddiaçı başqa müqavilə bağlamaq adı ilə aldatmış olsaydı belə iddiaçının notariat ofisində aldadıldığını anlamaması mümkünsüz olardı. Bununla yanaşı, Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Məsələn, əgər həmin mənzil aidiyyəti olmayan bir şəxsə bağışlanılsaydı, MM-in 339.2-ci maddəsinin konteksində aldadılmadan bəhs etmək mümkündür. Çünki, nəzərə alsaq ki, bağışlama müqaviləsi əvəzsiz, iki tərəfli əqddir, əmlakın yaxın qohumdan savayı şəxsə əvəzsiz qaydada mülkiyyətə verilməsi inandırıcı olmazdı. Lakin, burada mübahisəli mənzilin onun mülkiyyətində olan torpaq sahəsinin satılmasından əldə edilən vəsait hesabına alındığını nəzərə alsaq, mənzilin elə onun adıma rəsmiləşdirilməsi də müqavilənin etibarlılığının təsdiqidir. İddiaçı öz tələbini əsaslandırmalı və sübut etməli olduğu halda bunu etməmişdir. AR Mülki Məcəlləsinin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarlı hesab olunur. Mövcud müqavilə notariat qaydasında təsdiqləndiyi üçün onun etibarlılığı şübhə doğurmamalıdır. Odur ki, İddiaçı bağışlama müqaviləsinə şəxsən razılıq verdiyi üçün həmin müqavilə etibarlı hesab edilməlidir. Bununla yanaşı, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzil onun adına olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0226 ha olan torpaq sahəsinin 04 avqust 2021-ci ildə satılması nəticəsində əldə olunan vəsait hesabına 09 avqust 2021-ci ildə alındığı üçün həmin mənzil nikah dövründə alınmasına baxmayaraq ər-arvadın birgə mülkiyyətində olan əmlak hesab edilə bilməz. Belə ki, AR Ailə Məcəlləsinin 34.1 -ci maddəsində göstərilmişdir ki, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Mülki Məcəllədə əqdlərin bağlanmasının yazılı və şifahi forması nəzərdə tutulmuşdur. Yazılı və notarial qaydada bağlanmalı olan əqdlərin dairəsi Mülki Məcəllədə konkret olaraq nəzərdə tutulmuşdur. Bağışlama müqaviləsinə münasibətdə yalnız daşınmaz əmlakın bağışlanması zamanı yazılı və notarial qaydaya riayət olunması tələb olunur. Burada isə bağışlamanın predmeti onun tərəfindən 70 min manat pul vəsaiti olmuşdur. Həmin pul vəsaitini oğlu Cavabdeh1 bağışlamışdır. Həmin pulun 65 min 500 manatına həmin mənzil, qalan hissəsi ilə oğluna avtomobil alınmışdır. Mülki Məcəllədə yalnız məbləği 3 min manatdan çox olan borc müqaviləsinin yazılı qaydada bağlanması tələb olunmuşdur. Lakin pulun bağışlanmasının yazılı qaydasına riayət edilməsi Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Həmçinin pul vəsaitini bağışladığı şəxs oğlu olduğu üçün heç bir yazılı müqavilə bağlanmamışdır. Gəlini də bu faktı təsdiq edə bilər. Həmin torpaq sahəsinin 04 avqust tarixində 70500 manat məbləğinə satılması və oğlunun adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzilin 09 avqust tarixində 61500 manat məbləğinə alınması bu mənzilin onun verdiyi pul vəsaiti hesabına alınmasını təsdiq edir. Mənzil oğluna verdiyi pul vəsaiti hesabına alındığına görə oğlunun, yəni Cavabdeh1 ayrıca mülkiyyəti hesab edilməli, həmin əmlak ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilmədiyi, yəni, iddiaçının həmin mənzil üzərində sərəncam vermək hüququ olmadığı üçün bağışlama müqaviləsinin bağlanması zamanı onun razılığının olub-olmamasının əhəmiyyəti qalmır. Hal hazırda isə həmin əmlak onun xüsusi mülkiyyətindədir. Hesab edir ki, həmin mənzil onun mülkiyyətində olduğundan həmin əmlakın bölgüsünə dair mülki işə bu məhkəmədə baxıla bilməz. Hesab edir ki, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı yekun məhkəmə aktı qəbul edildikdən sonra məhkəmə aktının nəticəsinə uyğun olaraq həmin iddianın qaldırılması mümkün ola bilər. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 8 saylı Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbinin təmin edilməməsi, Cavabdeh1 hazırda adında qeydiyyatdan keçən "AZSAMAND LX" markalı **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə münasibətdə 1/2 hissədə pay müəyyən edilməsi hissəsində iddia tələbinin rədd edilməsi, S.Orucov küçəsi 15 saylı evin, 12 saylı mənzilə % hissədə payın müəyyən edilməsi hissəsində ərizənin baxılmamış saxlanılması barədə ədalətli və qanunauyğun qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli avtomobil qanuni şəkildə əldə olunmuş və özgəninkiləşdirilmişdir. Müqavilənin ləğv olunması üçün əsas yoxdur. Avtomobili əldə edərkən xəbəri olmayıb ki, mülkiyyətçi ilə həyat yoldaşı arasında münaqişə var. Qeyd oluana avtomobili 1500,0 manata Cavabdeh5 satmışdır. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh5 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli avtomobil qanuni şəkildə əldə olunmuş və özgəninkiləşdirilmişdir. Həmin avtomobili 1500,0 manata Ağasəlimdən almışdır. Avtomobilin işlək vəziyyətə gətirilməsi üçün onun tərəfindən 1500,0 manat xərc çəkilmişdir. Müqavilənin ləğv olunması üçün əsas yoxdur. Qeyd olunan avtomobil onyn tərəfindən alınarkən nasaz vəziyyətdə olmuşdur.İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhəri 8 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri 8 saylı Notariat ofisi əmktubla məhkəmətə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən əmlakı X1. iş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh1 satmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 Cavabdeh1 mülkiyyətində olmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Bakı şəhəri 8 saylı notariat ofisində yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş, əri Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh2 satmışdır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Baş X8 İdarəsinin xx.xx.2022-ci il arixli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Azsamand LX” minik markalı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş, bundan sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh4, xx.xx.2022-ci il tarixdə Cavabdeh5 adına özgəninkiləşdirilmişdir. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2019-cu il il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh1 birgə nikah dövründə, yəni xx.xx.2021-ci il tarixdə “Azsamand LX” minik markalı avtomobili, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı mülkiyyət hüququ ilə əldə etmişdir. “Azsamand LX” minik markalı avtomobil xx.xx.2022-ci il tarixdə özgəninkiləşdirilmiş, ünvan 3 isə xx.xx.2022-ci il tarixdə onun tərəfindən bağışlanmdır. Hazırda iddiaçı avtomobilə dair bağlanmış alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmin daşınar və daşınmaz əmlaka dair ½ hissədə pay hüququnun müəyyən edilməsini xahiş edir. İddiaçı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair öz tələbini onunla əsaslandırmışdır ki, müqavilə etibardan suiistifadə, aldatma yolu ilə bağlanmışdır. Belə ki, qaynatası olan Cavabdeh2 mübahisəli mənzili mülkiyyətinə aldıqdan sonra ipotekaya qoyaraq əldə edilən vəsaiti onlara təqdim edəcəyinə dair razılaşmış, lakin razılaşmanın şərtlərini pozmuşdur. İşə məhkəmə iclasında baxılması, iş üzrə halların tədqiq olunması zamanı mübahisəli daşınmaz əmlak Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsi ev 15, 12 saylı mənzilin bağışlanması zamanı qanunvericiliyə zidd olan hər hansı hal aşkar edilməmiş, iddiaçı müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə əsas verəcək hər hansı halın mövcudluğuna dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi”nə dair hissəsində iddiaçıların dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Qeyd edilən Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Göründüyü kimi, bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmadı. Buna görə də iddia qeyd edilən hissədə əsassızdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. İş üzrə müəyyən olundu ki, iddiaçı öz sərbəst iradəsini ifadə edərək birgə nikah dövründə əldə olunmuş əmlakın bağışlanmasına dair razılıq vermiş, müqavilənin formal xarakter daşıması, yaxud əqd bağlanması məqsədilə aldadılmasına dair öz dəlillərini sübuta yetirə bilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia göstərilən hissədə əsassızıdır. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə avtomobilə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və pay hüququnun müəyyən edilməsi hissəsini araşdıraraq qeyd edir ki, iddia həmin hissədə də əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Belə ki, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, avtomobil özgəninkiləşdirilərkən onun razılığı alınmamışdır. Halbuki, nə Mülki Məcəllədə, nə də “Notariat haqqında“ Azərbaycan Respublikası Qanununda və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların alqı-satqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur. Bundan başqa, Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir və rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (144.1 və 650-ci maddələr). Lakin hazırda Azərbaycan Respublikasında mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun olaraq müvafiq orqanda həyata keçirilir və Əsasnamədə özgəninkiləşdirilmə zamanı satıcının ərinin (arvadının) razılığı tələb olunmadığı üçün nəqliyyat vasitələrinin alqı-satqısı zamanı belə razılıq tələb olunmur (1.2 və 1.6-cı bəndlər). Odur ki, mövcud vəziyyətdə nəqliyyat vasitələrinin alqı-satqısı zamanı ərin (arvadın) razılığının alınmaması əsası ilə həmin müqavilələrin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Bu baxımdan, məhkəmə hesab edir ki, avtonəqliyyat vasitələrinin alqı-satqısının mövcud rəsmi qaydasının qüvvədə olduğu dövrdə Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən ehtimal edilməlidir ki, birgə mülkiyyətdə olan belə əşyalara dair sərəncamlıq birgə mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Tələbin digər, yəni tərəflərin mübahisələndirilən əşyalara münasibətdə paylarının müəyyən edilməsi hissəsinə münasibətdə isə, məhkəmə qeyd edir ki, mübahisə edilən daşınar və daşınmaz əşyalar üçüncü şəxslərin mülkiyyətində olduğundan, onlara dair iddiaçının pay hüququnun müəyyən edilməsi qanuna müvafiq deyildir. Odur ki, iddia həmin hissələrdə də təmin edilməməlidir. Lakin məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli avtomobil tərəflərin birgə nikahı olan dövrdə əldə edilmiş və ailənin faktiki dağılması ərəfəsində özgəninkiləşdirilmişdir. İddiaçıya izah edilir ki, mübahisə edilən avtomobilə dair mülkiyyət hüququ olmasa da, həmin avtomobilin satışından əldə edilmiş vəsait ər-arvadın ümumi birgə mülkiyyəti sayıldığında, iddiaçı avtomoblin satışından əldə olunmuş pula dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iddianın məhkəmə xərclərinə dair hissəsini araşdıraraq qeyd edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və işin məhkəmə iclasında tədqiq olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhəri 8 saylı Notariat ofisinə qarşı “müqavilələrin etibarsızlığı və pay hüququnun müəyyən edilməsi” nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-167/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-167/2023
09.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver