Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-167/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh Xəzər Qaz İstismar şöbəsinə və Cavabdeh Bakı X2 Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.01..2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 31 yanvar 2023-cü il tarixdə onun məlumatı olmadan, ona xəbər verilmədən adına Cavabdeh Bakı X3 Departamentinin Xəzər Rayonu üzrə ərazi nümayəndələri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və dəymiş zərər kimi 4977.68 manat məbləğində borc qeyd etmişlər. Guya ki o təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Əvvəla qeyd etmək istəyir ki, heç vaxt mənzilində qeyri-qanuni qazdan istifadə olunmamış, əgər kənar xətt çəkilmiş olsaydı illər öncə aşkar olunardı. Ondan əlavə Azəriqazın əməkdaşlarının hərəkətlərindən açıq aydın görünür ki, saxtakarlıq etmişlər. Çünki Qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə şəkli çəkib borunu kəsib xx.xx.2023-cü il tarixdə öz əməkdaşlarının hal şahidliyi ilə birlikdə akt tərtib edib imzalamışlar. Halbuki etdikləri hərəkət doğru və qanuni olsaydı həmin aktı hal şahidləri kimi qonşuları (sakinləri) və onun tərəfdən imzalanmalı, öz əməkdaşları yox və onlar qaz borusunu kəsəndən sonra onun idarəyə müraciəti qeydə alınaraq qaz borusunu yenidən bərpa etməzdilər. Əlavə olaraq qeyd etmişdir ki, aktla birlikdə göndərilən şəkillərin tarixi 12 yanvar 2023-cü il qeyd olunmuşdur, lakin akt tərtib olunub 31 yanvar 2023-cü il tarixdə. Əgər qaz idarəsinin əməkdaşları 12 yanvar 2023-cü il tarixdə kənar xətt aşkar etmişdirlərsə nə səbəbə görə 12 yanvar 2023-cü il tarixdə yox, məhz 31 yanvar 2023- cü il tarixdə akt tərtib etmişlər. Şüvəlan qəsəbəsində hamısı həyət evləridir və qaz sayğaclarının quraşdılan hissələri hamısı bir birinə oxşayır. Bundan əlavə onlar həmin ünvanda yerləşən evə bağ evi kimi gedib-gəlirlər, yəni həmin evdə daimi yaşayış yoxdur. Əgər qaz idarəsinin əməkdaşları onun həyətində qaz borusunu kəsməyə gəlmişdirsə, ev sahibi olaraq ona heç bir məlumat verilməmişdir, onun izahatı alınmamışdır. Buda onun vətəndaş olaraq bütün hüquqularını pozur. Məhkəmə baxışına hazırlıq iclasında iddiaçının razılığı ilə iş üzrə cavabdehlər Cavabdeh Xəzər Qaz İstismar şöbəsinə və Cavabdeh Bakı X2 Departamenti əsl Cavabdeh ilə əvəz edilmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş 31.01.2.023-cü il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında onun abonent hesabına yazılmış 5004,68 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında həmçinin bildirdi ki, onun məlumatı olmadan evinə baxış keçirilmiş və akt yazılmış, cərimə olunmuşdur. O, sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etməmişdir. Əvvəllər ona qonşusuna görə borc yazılmışdır. O bu barədə Cavabdeh şikayət etmiş və həmin borc silinmişdir. Hazırda da eyni qaydada o cərimə edilmişdir. Baxış zamanı iştirak etməmiş, akt ona təqdim edilməmişdir. 2023-cü ilin yay aylarında onun məlumatı olmuşdur ki, ona borc yazılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -iddiaçının adına olan abonent saldosundan (abonent kodu **********00080) görünür ki, iddiaçının abonent hesabına akt əsasında 2023-cü ilin mart ayında 5028,48 manat borc yazılmışdır. - xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə istehlakçı İddiaçı ünvanına (Şüvəlan qəsəbəsi, ünvan 1onentin təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. - dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünü ki, yuxarıda qeyd olunan akt əsasında 41904 m3 (41904 m3 x 0.12 manat= 5028,48 manat ) həcmində dəymiş zərər hesablanmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-2874/2023 saylı qərarına əsasən iş üzrə məhkəmə-trassoloji ekspertizası təyin edilməsi, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Röyal Talıbov məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə təqdim edərək bildirmişdir ki, kommunal xidmət (qaz, su, elektrik) xətlərinə hər hansı qanunsuz qoşulmaların, həmçinin fotoşəkillərdə əks olunmuş xətt vasitəsilə təbii qazdan istifadə edilməsinin mümkün olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza faliyyətinin vəzifəsinə aid deyil. Əvvəllər qanunsuz (sayğacdan kənar) qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparması metodiki baxımdan mümkün deyil. Göstərilən səbəblərə görə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən ekspertizanın aparılmasından imtina edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. Həmin Qaydaların 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar iddiaçının yaşadığı ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının yaşadığı ünvana baxış keçirilən zaman onun və ya onun ailə üzvlərindən olan şəxsin iştirakı təmin olunmamış, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt onların iştirakı ilə tərtib edilməmiş, həmin akt istehlakçıya (iddiaçıya və ya onun ailə üzvlərindən olan şəxsə) təqdim edilməmiş, ünvana baxış keçirilməklə evdə olan qaz qurğuları müəyyən edilməmişdir. Bununla da müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt «Qazdan istifadə Qaydaları»nın tələblərinə riayət olunmaqla tərtib edilməmişdir. Ona görə də həmin aktın etibarlı hesab edilməsinə əsaslar mövcud deyil. Göstərilən səbəblərə görə məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməlidir. O, cümlədən həmin akt əsasında dəymiş ziyanın hesablanması əsassız olmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, akta əlavə edilmiş fotoşəkillərdə əks olunan dəmir parçasının (qaz xəttindən daravazanın üzərində olan talvarın turbasına bərkidilmiş dəmir parçanın) qeyri-qanuni xətt olmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamış, yəni həmin xətt vasitəsilə hansı formada ünvanda yerləşən evə təbii qazın çatdırılmasının mümkünlüyü barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də akta əlavə edilmiş fotoşəkillərdə əks olunan dəmir parçanın qeyri-qanuni xəttin olması da şübhə doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız edilməli və iddiaçının adına olan **********00080 nömrəli abonent hesabından 5004,68 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız edilsin və İddiaçı adına olan **********00080 nömrəli abonent hesabından 5004,68 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-167/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-167/2024
28.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver