Məhkəmə qərarları › İş №2(003)-1707/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1707/2022

07.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1707/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı evə cavabdeh X5 tərəfindən ona (abonent kodu **********00050) hesablanmış 4732 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz şayğacına akt tərtib edilməklə əsassız borc hesablanmışdır. İddiaçının sözügedən aktdan xəbəri olmamışdır, akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonra ona məlum olmuşdur ki, X5 tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Sözügedən aktlar əsasında ona 4732 manat məbləğində qaz borcu hesablanmışdır. Akt tərtib olunmuş mənzildə heç vaxt təbii qazdan qanunsuz istifadə olunmamış, lakin buna baxmayaraq əsassız olaraq borc hesablanmışdır. Onun heç vaxt həmin qaz sayğacına müdaxilə etmək niyyəti belə olmamışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı onun atasıdır. Onlar Ağdam rayonundan məcburi köçkün düşərək Mərdəkan qəsəbəsi “Kristal” düşərgəsində məskunlaşmışlar. Məskunlaşdıqdan sonra bir müddət təxmini 70 ailə olaraq ümumi bir sayğacdan istifadə etmişlər. İşlətdikləri qaz sərfiyyatına görə xərc dövlət tərəfindən ödənilmişdir. Ümumi sayğacdakı əsassız borc 70 ailə arasında bölüşdürülməklə onlara 3360,40 manat borc hesablanmışdır. Atası bir otaqlı evdə yaşayır və heç vaxt bu qədər borc yarada biləcək qaz istehlak edə bilməzdi. 2017-ci ildə hər bir ailə üçün fərdi olaraq sayğac quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra qanunsuz və əsassız olaraq iki akt əsasında 1371,60 manat borc yazılmışdır. Belə ki, cavabdeh tərəfindən 29 mart 2019-cu ildə ona məxsus sayğacın çıxış plasmas borusunun deşilməsi müəyyən edilməklə ******* saylı akt tərtib edilmişdir. Bir il sonra 30 mart 2020-ci ildə guya kənar xətt müəyyən edilməklə ******* saylı akt tərtib edilərək barəsində iki akt üzrə yüksək məbləğdə, yəni 1371,60 manat borc hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək bildirmişdir ki, “Kristal” düşərgəsi ünvanı üzrə yerləşən mənzillərə təbii qaz həmin düşərgə üçün quraşdırılmış ümumi sayğacdan verilmiş, həmin düşərgədə yerləşən mənzillər qaz sayğacı ilə təmin edildiyi zaman düşərgə üçün qoyulmuş ümumi sayğacın göstəriciləri düşərgə üzrə mənzillərin sayına bölünməklə onlara təbii qazdan istifadəyə görə borc hesablanmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktı və sayğacın çıxış plastmas borusunun deşik olması aşkar olunmuş, bunun əsasında xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktlar tərtib olunmuş, müvafiq olaraq dəymiş ziyan hesablanmaqla istehlakçı hesabına daxil edilmişdir. Həmçinin iddiaçının təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş şahid X6 öz ifadəsində bildirmişdir ki, o, X9 İdarəsinin əməkdaşıdır. İddiaçının qonşuluğunda yaşayır. Foto şəkildə əks olunan qaz borusu vasitəsi ilə verilən təbii qaz əvvəllər düşərgə sakinlərinin ümumi istifadəsində olsa da artıq neçə illərdir ki, istifadəsiz qalmışdır. İddiaçı İ qrup əlildir və onun göstərilən məbləğdə borc hesablanacaq qazın istehlak etməsi mümkün deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında xx.xx.2019-cu il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki yaşayış evində “Smart” tipli “G 4” markalı qaz sayğacı “əvəzetmə dəlik” səbəbi ilə çıxarılaraq qaz sayğacı yeni “Smart” tipli “G 4" markalı STS**********1 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşikdir və həmin akta əsasən 4860 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyindən həmin akta əsasən hesablanmış 8856 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00050 sayla qeydiyyata alınmış abonent koduna 4732 manat qaz sərfiyyatına görə borcu vardır. Məhkəmə, sayğacın çıxış plastmas borusu deşilməsi səbəbindən cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən cavabdeh tərəfindən 485,99 manat borc hesablanmışdır. Bu aktla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 485,99 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Məhkəmə, təbii qazdan qeyri-qanuni istifadə edilməsi səbəbindən cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən cavabdeh tərəfindən 885,60 manat borc hesablanmışdır. Bu aktla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına yerində baxış keçirilmədən, istehlakçının iştirakı təmin olunmadan və həmin akta bilavasitə iddiaçıya aid olması sübut olunmayan fotoşəkil əlavə edilməklə Cavabdeh İB-nin tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçının iş materiallarına əlavə edilmiş fotoşəkildə əks olunmuş boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyini əsas gətirərək iddiaçıya borc hesabladığını bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi halı müəyyən edilməmiş və ya həmin halın mövcüdluğu barədə cavabdeh tərəfindən hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid də ifadəsində fotoşəkildə əks olunmuş borunun əvvəllər düşərgədə yaşayan məcburi köçkünlərin ümumi istifadəsində olmasını və uzun müddət istifadəsiz qalmasını bildirmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş aktlar iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyəqanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədənayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə onu da qeyd edir ki, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçıdan tələb edilən 3360,4 manat (4732-485,99-885,60=3360,4) manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə borcun hansı göstəricilərə əsasən hesablanması, hesablanmış borcu təsdiq edən aktların mövcud olmamasından cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatdan 10 000 manatadək olmaqla iddia tələbi təmin edildiyindən cavabdehdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına 67.32 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent koduna (abonent kodu **********00050) hesablanmış 4732 manat məbləğində borc silinsin. Cavabdehndən 67.32 manat dövlət rüsumu alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar