Məhkəmə qərarları › İş №2(003)-1713/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1713/2024

11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1713/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 4147,2 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh İB tərəfindən ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilməklə ona cərimə yazılmışdır. O, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Bununla bağlı o, müvafiq olaraq Cavabdeh İB-nin Xəzər rayon şöbəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən ona bildirmişlər ki, onun tərəfindən qaz sayğacına müdaxilə edildiyi üçün ona 4147,20 manat cərimə yazılmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 5702,4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, evdə yaşayış olmamışdır. Hərdən bir evə gələrək evin istililklə təmin etmişdir. Ev köhnə evdir. Evdə sayğac quraşdırılmışdır. Qaz olmayan zamanlarda qaz balonundan istifadə edilmişdir. Sayğac nasaz olduğundan qaz sızıntısı baş verirdi. Lakin, Birliyin əməkdaşları onu yenisi ilə əvəz etmirdilər. Yalnız 3-4 ay keçdikdən sonra yoxlanış aparılaraq sayğac yenisi ilə əvəz edilmişdir. Qaz sızan zaman sayğacın ödənişi kart vasitəsilə aparılırdı. Daha sonra mexaniki sayğac quraşdırılmışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən bu barədə 2022-ci ilin dekabr və 2023-cü ilin mart ayında müvafiq aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Abonent təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. Odur ki, tərtib edilmiş aktlar əsaslıdır və həmin aktlar əsasında dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına hesablanmışdır. İddiaçı özü də etiraf edir ki, qaz sızıntısı olan zaman 4-5 ay qazdan istifadə etmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, o, həmin evdə nəzarətçi kimi qalmışdır. İddiaçı hərdən bir evə gəlmişdir. Evdə işıqdan istifadə edilmişdir. Evdə qaza aid hər hansı bir avadanlıq yoxdur. O, evin bir otağında qalaraq evə nəzarət etmişdir. İddiaçı və ailəsi adətən şənbə və bazar günləri evə gəlib baş çəkmişlər. Əvvəllər evdən oğurluq edildiyinə görə iddiaçı onu nəzarətçi kimi evə baxmaq üçün dəvət etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidin ifadəsini dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 34560 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 12960 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -İddiaçı adına olan **********00190 kodlu abonent saldosundan görünür ki, həmin abonent hesabına akt əsasında 2022-ci ilin dekabr ayında 4147,2 manat və 2023-cü ilin mart ayında 1555,2 manat məbləğində borc yazılmışdır. ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixdə “ZENNER G4T MEXANİKİ” tipli **********7 saylı sayğac quraşdırılmışdır. Ünvanda samovar və qızdırıcı radiator peçi işlədilir. - İddiaçı tərəfindən təqdim olunmuş, ona məxsus evə dair "xxxx" ASC-nin abunə haqqında çıxarışından aydın olur ki, həmin evdə 2022-2023-cü ilin bütün aylarında işıq enerjisindən istifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə görə Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (xx.xx.2022-ci ildən qanuni qüvvəyə minmiş). Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktın tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Bundan başqa yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Bu barədə akt tərtib edilməli və aktın 1 (bir) nüsxəsi cinayət işi başlanılması məsələsinə baxılması üçün cinayət təqibi orqanına göndərilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Eyni zamanda qanunvericiliyə edilmiş dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixindən sonra tərtib edilmiş aktlarların bir surəti inzibati xəta ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli idi. Hazırki halda talanması iddia edilən qazın məbləği 5.000 manatdan aşağı (4147,2 və 1555,2) olduğundan cavabdeh inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aktın surətini EN-ə göndərməli və yalnız istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın qərarı ilə müəyyən edildikdən sonra dəymiş ziyanın ödənilməsini tələb edə bilərdi. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın iddiaçının təqsiri ucbatından baş verməsini cavabdeh Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Eyni zamanda istehlakçı olan iddiaçının qazın talanmasında təqsirli olması barədə inzibati xəta haqqında müvafiq orqanın qərarı ilə müəyyən olunmamışdır. Lakin, məhkəmə hesab edir ki, abonentin saldosuna nəzər yetirdikdə görünür ki, sayğacdan kənar təbii qazdan istifadəyə görə akt yazıldığı zamanlarda- müvafiq 2022-ci ilin noyabr ayında həmçinin həmin ilin dekabr ayında və 2023-cü ilin yanvar, fevral, mart, aprel və may aylarında abonentin sərf məbləği göstərilməmiş, yəni sərfiyyat sıfır olmuşdur. Lakin həmin evə dair "xxxx" ASC-nin abunə haqqında çıxarışından aydın olur ki, qeyd edilən dövr ərzində elektrik enerjisindən daimi olaraq istifadə edilmişdir. Bu hal isə həmin evdə yaşayışın olmasına dəlalət edir. Məlumdur ki, təbii qazdan pik istifadə zamanı qış ayları hesab edilir. Lakin, həmin aylarda abonentin sərf məbləği 0 kimi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əvvəlki dövrlərin orta gündəlik qaz sərfi nəzərə alınmaqla (2022-ci ilin noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel aylarında 80 manat, 2023-cü ilin may ayında isə 20 manat hesablanmaqla) 500 manat məbləğində pul saxlanılmaqla iddiaçının abonent hesabına hesablanmış 5202,4 manat məbləğində pul silinməlidir. Nəzərə alınmalıdır ki, yeni sayğac abonentin ünvanına xx.xx.2023-cü il tarixdə qoşulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh Birlik tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin aktlara görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 5202,4 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci bəndində əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvanda abonent hesabına (abonent kodu **********00190) hesablanmış 5202,40 manat məbləğində borc silinməli, cavabdehdən 72,02 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00190) hesablanmış 5202,40 (beş min iki yüz iki manat, qırx qəpik) manat məbləğində borc silinsin. İddia ərizəsi qalan hisssədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 72,02 (yetmiş iki manat, iki qəpik) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar