Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-174/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi ilə, İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsi iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, «Neft Kəmərələri» İdarəsinin istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik magistral neft kəmərinin 0,5 km-də, kəmərdən 48 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, «Neft Kəmərələri» İdarəsinin istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik magistral neft kəmərinin 0,5 km-də, kəmərdən 48 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən «Neft Kəmərələri» İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarxli 685 saylı fərmanında, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı qərarında ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Buzovna- Ramana neft kəmərinin 0,5 km-də, kəmərdən 35 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, köhnədən inşa edilmiş evə bitişik yeni tikinti işlərinin aparılması aşkar edilmişdir. Tikinti aparan şəxsə tikinitinin dayandırılması və sökülməsi barədə şifahi və yazılı xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, «Neft Kəmərələri» İdarəsinin istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik magistral neft kəmərinin 0,5 km-də, kəmərin mühafizə zonasında tikinti işlərinin aparılmasının, iri tonnajlı nəqliyyat vasitələrinin saxlanılmasının, tikinti materiallarının yığılmasının və satışının yolverilməz və qanuna zidd olması barədə Cavabdeh xəbərdarlıq edilmiş və o, həmin xəbərdarlığı imzalamışdır. Eyni zamanda, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/2744 saylı rəyindən görünür ki, SOCAR-ın «Neft Kəmərələri» İdarəsi Abşeron İstehsalat Bölümü tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, 18 №-li bildirişə və tərtib edilmiş sxemə əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərələri» İdarəsinin balansında olan Buzovna-Ramana Dş-250 mm-lik neft kəməri arasında məsafə 35 metr təşkil edir. «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın 6.3 bəndinə əsasən Buzovna-Ramana Dş-250 mm-lik neft kəmərinin 5-ci kilometrliyində yerləşən Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində Cavabdeh məxsus köhnədən inşa edilmiş ev həmin neft kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli 2 saylı Qərarının 16-cı bəndində nəzərdə tutulur ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 67.3-ci və 67.4-cü maddələrinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulur ki, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik magistral neft kəmərinin 0,5 km-də, kəmərdən 48 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin hesabına sökülərək o, həmin ərazidən çıxarılmalı və həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılması cavabdehə qadağan edilməlidir. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 102 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin istismarında olan Buzovna-Ramana Dş- 250 mm-lik magistral neft kəmərinin 0,5 km-də, kəmərdən 48 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin hesabına sökülərək o, həmin ərazidən çıxarılsın və həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılması cavabdehə qadağan edilsin. İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin xeyrinə, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri hesabına 102 (bir yüz iki) manat tutularaq, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-174/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-174/2021
23.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver