Məhkəmə qərarları › İş №2(003)-1750/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1750/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1750/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” X2 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” X5 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X5 (bundan sonra - “xxxxxxxxxxx” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli, A0208970 nömrəli müqaviləyə əsasən Gala-Violet yataq dəsti, DOSHEK URETAN üçün 1977 manat ödənilməmiş hissə, 577 manat cərimə borcu olmaqla cəmi 2554 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2584 manat alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən o, alqı-satqı qiyməti 4200 (dörd min iki yüz) (yəni 24 ay x 175 + 0 manat ilkin ödəniş) manat olan GalaViolet yataq dəsti, DOSHEK URETAN almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 2223 (iki min iki yüz iyirmi üç) manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 2554 (iki min beş yüz əlli dörd) manat borcu qalmışdır. Hazırda mövcud olan 2554 (iki min beş yüz əlli dörd) manat borcdan, 1977 (min doqquz yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 577 (beş yüz yetmiş yeddi) manat dəbbə pulu borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək xxxxxxxxxxx” X3 1977 manat borcu olduğunu bildirdi, lakin dəbbə pulunun hədsiz dərəcədə yuxarı olduğunu bildirərək, iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, A0208970 nömrəli müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdeh ümumi dəyəri 4200 manat olan Gala-Violet yataq dəsti, DOSHEK URETAN satmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, A0208970 nömrəli müqavilə üzrə 1977 manat ödənilməmiş hissə, 577 manat cərimə ödəməlidir. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Cavabdeh məhkəməyə ünvanlandığı ərizədən görünür ki, “xxxxxxxxxxx” MMC-nə 1977 manat borcu olduğunu etiraf edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, A0208970 nömrəli müqaviləyə əsasən Gala- Violet yataq dəsti, DOSHEK URETAN üçün 1977 manat ödənilməmiş hissə, 577 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericiliyin normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə müqavilələr üzrə öhdəlik lazımınca icra edilmədiyindən Cavabdeh xx.xx.2017-ci il tarixli, A0208970 nömrəli müqavilə üzrə Gala-Violet yataq dəsti, DOSHEK URETAN üçün 1977 manat ödənilməmiş hissə iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, qeyd edilən borc cavabdeh tərəfindən etiraf edilmişdir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2017-ci il tarixli, A0208970 nömrəli müqaviləyə əsasən 1977 manat əsas borca münasibətdə 577 manat cərimə borcunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq xx.xx.2017-ci il tarixli, A0208970 nömrəli müqavilə üzrə 60 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, A0208970 nömrəli müqaviləyə əsasən Gala-Violet yataq dəsti, DOSHEK URETAN üçün 1977 manat ödənilməmiş hissə, 60 manat cərimə borcu olmaqla cəmi 2037 (iki min otuz yeddi) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2067 (iki min altmış yeddi) manat alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar