Məhkəmə qərarları › İş №2(003)-1754/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1754/2023

09.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1754/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana dair hesablanmış (**********00270 saylı abonent) 1969,92 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ İB tərəfindən ona məxsus ünvan 2 ünvanda qaz itkisinin yarandığı müəyyən edilmiş, 1969,92 manat məbləğində borc hesablanmışdır. O, vaxtı-vaxtında qaz borcunu ödəmişdir. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 1969,92 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. "Azəriqaz” İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, o, iddiaçının oğludur. O, anası ilə birlikdə yaşayır və istifadə etikləri qazın sərfiyyatı hər zaman sayğac tərəfindən qeydə alınmışdır. Onlar heç vaxt sayğaca müdaxilə etməmişlər. Sayğacın üzərində hər zaman xüsusi plomblar olmuş və həmin plombları qırmadan sayğaca müdaxilənin edilməsi mümkünsüzdür. xx.xx.2023-cü il tarixdə ünvanları quraşdırılmış sayğac cavabdehin əməkdaşları tərəfindən dəyişdirilmişdir və bununla bağlı akt tərtib edilmişdir. Daha sonra isə müəyyən etmişlər ki abonent hesabına borc yazılmışdır. Səbəbi müəyyənləşdirəndə onlara məlum olmuşdur ki, guya onlar tərəfindən sayğaca daxil olan giriş-çıxış xətləri tərs quraşdırılmış və buna görə onlara borc yazılmışdır. Onlara təqdim olunmuş fotoşəkillərdən görünür ki, ünvanlarına quraşdırılmış sayğac tərsinə çevirilmiş və giriş-çıxış xətlərinin yerləri dəyişdirilmişdir. Qeyd etmişdir ki, həmin müdaxiləni cavabdehin əməkdaşları qaz sayğacını dəyişdirən zaman özləri etmişdir. Belə ki, onların sayğacının ön hissəsi hər zaman şəkildə olduğu kimi deyil əks istiqamətdə olmuş və giriş xəttinin üzərində xüsusi plomb olmuşdur. Əgər onlar tərəfindən sayğacın xətləri dəyişdirildiyi halda bu zaman plombu qırmaq lazım olardı və cavabdehin əməkdaşları bu halı dərhal müəyyən edə bilərdilər. Belə ki, ünvanlarında olmuş sayğac əvvəl mexaniki olmuş və hər ay cavabdehin əməkdaşı sayğacın göstəricilərini qeyd etməklə onlara qəbz təqdim etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, iddiaçının ünvanına quraşdırılmış sayğac dəyişdirildiyi zaman həmin sayğacın giriş və çıxış xətlərinin yerlərinin dəyişdirildiyi müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Həmin akt əsasında dəymiş zərər hesablanmış və iddiaçının abonent hesabına köçürülmüşdür. Həmçinin izahatında qeyd etmişdir ki, sayğacın giriş-çıxış xətləri dəyişdirildiyi zaman sayğacın içərisində olan qurğular təbii qazın axını müəyyən edə bilmir və bu zaman qazın sərfiyyatı qeydə alınmır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, həmin tarixdə iddiaçının ünvanına quraşdırılmış G-4 seriyalı ******* nörməli mexaniki sayğac yenisi ilə dəyişdirilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, həmin tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı Buzovna qəsəbəsi, Qələbə küçəsi, ev 12 mənzil 17 ünvanına quraşdırılmış sayğaca baxış keçirmişlər və baxış nəticəsində sayğacının giriş və çıxış birləşmələri tərs quraşdırıldığı müəyyən edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, yuxarıda qeyd olunan akt əsasında itirilmiş qazın həcmi 16416 m3 müəyyən edilmişdir. İş materiallarında olan iddiaçının adına olan **********00270 saylı abonent hesabından görünür ki, iddiaçının abonent hesabına akt əsasında 2023-cü ilin yanvar ayında 1969,92 manat (16416 m3 x 0.12 manat) məbləğində borc yazılmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını, istehlakçının təqsiri nəticəsində zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) onun vəsaiti hesabına həyata keçirilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ünvanına quraşdırılmış sayğacın zədələnməsinin onun təqsiri nəticəsində baş verməsi sübuta yetirilmədən həmin sayğaca müdaxilə səbəbi ilə dəymiş ziyanın əvəzinin tələb edilməsi əsassızdır. Odur ki, fiziki şəxs olan iddiaçının ünvanına quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımaqla yanaşı, iddiaçının abonent hesabına borcun hesablanmasına cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsinə əsas olmuş halları (sayğaca müdaxilə edilməsini, həmin müdaxilənin istehlakçı tərəfindən olmasını) sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni Cavabdeh üzərinə düşür. Belə ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçının ünvanına quraşdırılmış mexaniki sayğac xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş və həmin tarixdə həmin sayğacın giriş və çıxış xətlərinin yerlərinin dəyişdirilməsi müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçının abonent hesabına 1969,92 manat məbləğində borc hesablanmışdır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat təqdim etməlidir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. İddiaçının adına olan abonent saldosundan görünür ki, sözügedən aktın tərtib edildiyi tarixədək iddiaçının ünvanında olan sayğac tərəfindən istifadə edilmiş təbii qazın sərfiyyatı qeydə almışdır. Bu hallar abonent saldosunda öz əksini tapmışdır. Hazırda isə iddiaçının ünvanına quraşdırılmış sayğaca müdaxilə edilməsi, həmin müdaxilənin iddiaçının təqsiri nəticəsində baş verməsi, həmçinin bu halın hansı müddətdə baş verməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına borcun hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikdə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh tərəfindən İddiaçı adına olan **********00270 nömrəli abonent hesabına hesablanmış 1969,92 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci bəndində əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddia tələbinin təmin edilmiş borc məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 39,7 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı adına olan **********00270 nömrəli abonent hesabına hesablanmış 1969,92 manat məbləğində borc silinsin. Cavabdehndən 39,7 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar