Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1805/2021 09.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin icra edilməməsi qanunsuz hesab edilməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.05.2019-cu il tarixli tapşırıq müqaviləsinin tələblərin icra etməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməsi, cavabdehin ödənilməmiş 250 manat xidmət haqqı və imtina zamanı ödənilməli olan 1000 manat olmaqla, ümumilikdə 1250 manat pul alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaxın tanıdığım şəxs ona müraciət edərək, 2018-ci ilin avqust ayında cavabdehə köməklik göstərilməsinə məsləhətlər verilməsinl xahiş etmişdir, cavabdehin 31.08.2018-ci il tarixdə məhkəmə iclasında cavabdeh müşayət edərək, cavabdehlə məhkəmədən sonra işin hallarını müzakirə etdilər, məhkəmə cavabdehə qarşı yönəlmiş iddianı qismən təmin edib, 7200 ABŞ dollarını ödənilməsini qət etdi. Bundan sonra həmin qətnamədən apellyasiya şikayətinin tərtibi ilə bağlı müraciət edilsə də, şikayətin tərtib edilməsini 200 manat, məhkəməyə müşayiət edərək vəsatət və sorğu zərurəti şifahi məsləhətlər olmaqla ümumi 500 manat ödəniləcəyini qeyd etdi. Eyni zamanda məhkəmədə təmsil edə bilməyəcəyimi bunun üçünsə tanıdığı vəkil vasitəsilə işin aparılmasını təklif etsə də, cavabdeh belə bir razılığı qəbul etmədi. Üzərindən xeyli müddət keçdikdən sonra 2019-cu ilin may ayında cavabdeh yenə ona müraciət edərək, onun işlərində köməklik göstərilməsini xahiş etmişdir. Cavabdehin Bank vasitəsilə ödənilmiş pul vəsaitinə dair mübahisədən başqa vərəsəlik hüququna dair şəhadətnamə verilməsi işi də var idi. 12.05.2019-cu il tarixdə cavabdeh onunla tapşırıq müqaviləsi bağlayaraq, 500 manat xidmət haqqı, 1000 manat mükafat məbləği, imtina zamanı 1000 manat ödəniləcək məbləğ müəyyən edilməklə işə başlanıldı. Lakin cavabdeh müqavilənin tələbində göstərildiyi kimi etibarnamə və pul verilməsini qərəzli olaraq ləngidirdi, Nəhayət, cavabdehin Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün vəkilin tələb etdiyi məbləğ çox olduğundan müqavilədə nəzərdə tutulmayan xidməti göstərərək, şifahi məsləhətlər əsasında zəruri arayışlar aldıqdan sonra 17.05.2019-cu il tarixdə dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizə tərtib edib, Özü ilə razılaşdırıb təqdim etdi. Həmin xidmət üçün 100 manat pul ödənişi edildi. Bundan sonra cavabdeh xeyli müddət sənədlərin təqdim edilməsini ləngitdi. Nəhayət sənədlər təqdim edildi, sonra isə 7 saylı Notariat Kontoruna müvafiq ərizə göndərildi. Notariat Kontorunda 08.07.2019-cu il tarixdə zəng edildikdən sonra yenə də etibamamə verilməsi məsələsini qoysa da, etibarnamə verilmədi, 150 manat pul isə 23.07.2019-cu il tarixdə təqdim edildi. Pulu təqdim edərkən ərə gedəcəyini bildirib, başının qatışıq olacağını qeyd etdi. Bu başının qatışıqlığı, onun zəngindən sonra 10.10.2019-cu ilə qədər davam etdi. 10.10.2019-cu il tarixdə yanında bir nəfər Əjdər adlı şəxslə gələrək, bu onun əridir deyərək onu da tərəf kimi təqdim etdi. O Ali Məhkəmənin kassasiya şikayətinə əlavə olaraq bir səhifəlik yazı əlavə edib imzalatdırıb, məhkəməyə təqdim etdilər. 13.10.2019-cu il tarixdə telefon zəngi ilə həmin şəxs ona “mənim arvadıma niyə sən deyə xitab edirsən, mən sənin anana sən desəm xoşun gələr” deyə cəfəngiyat xarakterli mübahisə mənbəli söhbəti yaratmağa cəhd etdi. 14.10.2019-cu il tarixdə cavabdeh ona zəng edərək, Ali Məhkəməyə niyə gəlməməyini soruşub öz etirazını bildirdi. Eyni zamanda ərinin mübahisəsi ilə bağlı üzr istədi. Lakin 22.10.2019-cu ildə Pretenziya yazaraq tərəfə təqdim etdi, cavabdeh 29.10.2019-cu il tarixdə Pretenziyanı imzalayıb işin davam etdirməyi kənar şəxslərin söhbətinə əhəmiyyət verməməyi əlavə olaraq Ali Məhkəmənin qərarı ilə bağlı müqavilə bağlanmasını xahiş etdi. DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə ərizə tərtib edildi 10.10.2019cu ildə cavabdehə təqdim edildi, cavabdeh isə həmin ərizəni 19.10.2019-cu il tarixdə göndərərək, miras əmlakda bütün tikililərə texniki pasport verilməsinə həmin tikililərin hamısının qeydiyyata alınmasını xahiş etmişdir. Reyestr xidmətindən gələn cavabın surəti ona təqdim edilməmiş, poçtla göndərilməmiş kserekopiya deyilən yerə verilməsi bildirilsə də, orada aşkar olunmamışdır. Nəhayət 27 dekabr 2019-cu ildə cavabdeh onunla uzun-uzadı danışaraq pulunu tələb etmək barədə fikrini bildirdi. Hətta telefonda danışarkən belə Əjdər Əlibekov tərəfindən ona nəyinsə diktə edilməsi aşkar göründü. Nəhayət 15.01.2019-cu il tarixdə həmin pretenziya təkrar olaraq ona göndərildi ki, münasibət bildirsin. Cavabında cavabdeh 21.01.2020-ci il tarixdə yazdığı pretenziyanı şəxsən təqdim edərək, pulunun da qaytarılmasını irəli sürdü. Cavabdehin davranışı bağlanmış tapşırıq müqaviləsinin tələblrinə ziddir. Tapşırıq müqaviləsi 12.05.2019-cu il tarixdə bağlanmaqla bütün müddəalar konkretdir. Xidmət haqqı 500 manat, mükafat məbləği 1000 manat, imtina zamanı ödəniləcək məbləğ 1000 manat, ümumilikdə 250 manat pul ödənilmişdir. Hesab edir ki, cavabdehin davranışı və müqavilə öhdəliklərinin məcburi qaydada şərtlərə müvafiq icra olunması barədə müvafiq məhkəmə qətnaməsi qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 12.05.2019-cu il tarixli tapşırıq müqaviləsindən görünür ki, X2 ilə Cavabdeh arasında vərəsəlik hüququ olan vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə, iddia ərizəsi, şikayət və məhkəmə iclaslarında müşayət edilməsi və bunun müqabilində xidmət haqqı olaraq 500 manat, mükafat məbləği 1000 manat imtina zamanı tapşırıq verənin ödəyəcəyi məbləğ 1000 manat müəyyən edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, X2 ilə Cavabdeh arasında bağlanmış olan tapşırıq müqaviləsinə əsasən xidmət haqqı əvəzi olaraq sonuncu tərəfindən 17.05.2019-cu il tarixli 100 manat, 23.07.2019-cu il tarixli 150 manat ödəniş edilmiş edilmişdir. Azərbaycan Respulikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Mülki işin materiallarından görünür ki, X2 ilə Cavabdeh arasında bağlanmış olan 12.05.2019-cu il tarixli tapşırıq müqaviləsinə əsasən X2 tapşırıq müqaviləsi üzrə vərəsəlik hüququ olan vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizənin, iddia ərizəsinin, şikayət və məhkəmə iclaslarında müşayət edilməsi ilə bağlı tapşırıqların icrasını həyata keçirməsi barədə öhdəlik götürmüş, həmin xidmətin müqabilində isə Cavabdeh xidmət haqqı olaraq 500 manat, mükafat məbləği olaraq 1000 manat, imtina zamanı 1000 manat vəkalət alana ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin müqavilə şərtləri üzrə vəkalət alan öz üzərinə düşən öhdəlikləri icra etsə də, vəkalət verən tərəfindən öz üzərinə düşən öhdəlik tam olaraq icra edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12.05.2019-cu il tarixli tapşırıq müqaviləsi üzrə tələblərin icra etməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməli, cavabdeh tərəfindən ödənilməmiş 250 manat xidmət haqqı və imtina zamanı ödənilməli olan 1000 manat olmaqla, ümumilikdə 1250 manat pul alınaraq iddiaçı X1 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12.05.2019-cu il tarixli tapşırıq müqaviləsi üzrə tələblərin icra etməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilsin, Cavabdeh tərəfindən ödənilməmiş 250 manat xidmət haqqı və imtina zamanı ödənilməli olan 1000 manat olmaqla, ümumilikdə 1250 manat pul alınaraq iddiaçı X1 ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1805/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-1805/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver