Məhkəmə qərarları › İş №2(003)-1807/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1807/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1807/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.08.2015-ci il və 02.06.2017-ci il tarixli müqavilə öhdəliklərini icra etməməsinin qanunsuz hesab edilməsi, 20.08.2015-ci il tarixli müqavilə əsasında 1-ci ildə aliment və boşanma tələbi üzrə 1100 manat, 02.06.2017-ci il tarixli müqavilə əsasında 1500 manat ümumilikdə 2600 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20.08.2015-ci il tarixdə cavabdehlə müqavilə bağlanaraq boşanma və aliment, evə köçürülməsinə qadağa qoyulması predmetilə hər iş üçün xidmət haqqı 500 manat, hər iş üçün ayrı-ayrılıqda uğurlu nəticələndiyi halda 1000 manat mükafat məbləği ödənilməsi haqqında razılıq əldə edilmişdir. Müqavilənin icra yeri Sabunçu Rayon Məhkəməsi digər işdə isə Xəzər Rayon Məhkəməsi təyin edilmişdir. Daha sonr aidiyyət yeri dəyişdirilməklə Cəlilabad Rayon Məhkəməsində baxılmışdır. Həmin iş üzrə cavabdeh nə xidmət haqqını nə də mükafatı ödəməmişdir. 02.06.2017-ci il tarixdə mənzilə köçmə ilə əlaqədar yeni müqavilə bağlanmışdır. Xəzər Rayon Məhkəməsinin 31.08.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edildi. Lakin həmin iş üzrə də cavabdeh müqavilə öhdəliklərini icra etmədi. Mükafat məbləği tələbin qismən təmin edildiyi halda qismən ödənilməlidir. Belə ki, tələb 150 manat təmin edilsə idi 1000 manat ödənilməli idi. Lakin tələb 90 manat həcmində təmin edildiyindən mükafat məbləği 60 faiz həcmində təmin edilməlidir. Göstərilənlərdən aydın görünür ki, birinci müqavilə üzrə 500 manat xidmət haqqı 600 manat mükafat məbləği, ikinci müqavilə üzrə isə xidmət haqqı 500 manat, mükafat 1000 manat təmin edilməsi zəruridir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, iddiaçı ona hər iki iş üzrə cəmi 1000 manat pul verməli olacağını demişdir. Odur ki, 1000 manat pulu verməyə etiraz etmir. Həmçinin qeyd etmişdir ki, müqavilə şərtlərini oxumadan imza etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan tapşırıq verən Cavabdeh ilə tapşırıq icra edən İddiaçı arasında 20.08.2015-ci il tarixdə bağlanılmış tapşırıq müqaviləndən görünür ki, həmin müqavilə boşanma və aliment tələbi, evə köçməyə qadağa qoyulma tələbi üzrə işin nəticəsindən asılı olmayaraq işin aparılması Sabunçu Rayon Məhkəməsində 500 manat, işin icra mərhələsində aparılması 300 manat, yeni idda tələbinin irəli sürülməsi 1-ci instansiya məhkəməsində 500 manat, işin uğurlu nəticələnməsi nəticəsində hər iş üçün ayrı-ayrılıqda 1000 manat mükafat məbləğinin müəyyən edilməsi haqqında bağlanılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh nikahın pozulması və aliment tələbinə dair iddia tələbi qismən edilməklə hər ay hər uşağa görə 150 manat tələb edildiyi halda alimentin məbləği 90 manat müəyyən edilmişdir. İş materiallarında olan tapşırıq verən Cavabdeh ilə tapşırıq icra edən İddiaçı arasında 02.06.2017-ci il tarixdə bağlanılmış tapşırıq müqaviləndən görünür ki, həmin müqavilə mənzilə köçmə tələbi üzrə işin nəticəsindən asılı olmayaraq işin aparılması Xəzər Rayon Məhkəməsində 500 manat, işin uğurlu nəticələnməsi nəticəsində hər iş üçün ayrı-ayrılıqda 1000 manat mükafat məbləğinin müəyyən edilməsi haqqında bağlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31.08.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh evə köçürülmə tələbi təmin edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, cavabdehə tərəflər arasında bağlanmış tapşırıq müqavilələri üzrə xidmət və mükafat haqqının ödənilməməsi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşdən aydın göründüyü kimi hər iki müqavilə işin nəticələnməsindən asılı olan şərtlərlə bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 328.4-cü maddəsinə əsasən pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Həmin Məcəllənin 328.6-cı maddəsinə əsasən əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında bağlanılan tapşırıq müqavilələri pozitiv və təxirəsalıcı şərtlə bağlanılmaqla işin uğurlu nəticələndiyi halda hər iki müqavilə üzrə mükafat olaraq 1000 manatın Cavabdeh tərəfindən iddiaçıya ödənilməsi müəyyən edilmişdir. 20.08.2015-ci il tarixli müqavilə üzrə iddia tələbi qismən təmin edilmişdir. Həmin müqavilədə iddianın qismən təmin olunacağı təqdirdə müəyyən olunan hüquq və vəzifələr əks olunmadığından 20.08.2015-ci il tarixli müqavilə üzrə yalnız işin nəticəsindən asılı olmayaraq müəyyən edilən işin haqqı-500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 02.06.2017-ci il tarixli müqavilə üzrə isə mənzilə köçürülmə tələbi üzrə iddia tələbi tam təmin olunmaqla həm işin nəticəsindən asılı olmayaraq müəyyən edilən işin haqqı-500 manat, həm də işin uğurlu yekunlaşması nəticəsində 1000 manat mükafat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi iddiaçı öz üzərinə düşən öhdəliklərini yerinə yetirməklə cavabdehin xeyrinə müfaviq instansiyalarda onun mənafei naminə iddia tələbləri üzrə işlərin baxılması zamanı cavabdehin hüquqlarını müdafiə etmiş və müvafiq qərarların qəbul edilməsinə nail olmuş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmişdir. Odur ki, onun 20.08.2015-ci il tarixli və 02.06.2017-ci il tarixli tapşırıq müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi qanunsuz hesab edilməli, 20.08.2015-ci il tarixli müqavilə üzrə 500 manat, 02.06.2017-ci il tarixli müqavilə üzrə isə 1500 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktları normalarına və tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə hesab hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 20.08.2015-ci il tarixli müqavilə üzrə 500 manat, 02.06.2017-ci il tarixli müqavilə üzrə 1500 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar