Məhkəmə qərarları › İş №2(003)-1821/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1821/2025

17.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1821/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış (**********00001 saylı abonent) 4299,36 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən edilən ödənişlərdən cavabdeh “Azəriqaz İB” tərəfindən tutmalar aparılmış, bu barədə quruma müraciət olunmuş, İB tərəfindən sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuş, bundan sonra 4299,36 manat məbləğində borc hesablandığını bilmişdir. “Azəriqaz İB” tərəfindən onun xəbəri olmadan qaz sayğacına cərimə yazılmışdır. Cavabdeh İB tərəfindən tərtib olunmuş aktlardan onun heç vaxt xəbəri olmamış, ona bu barədə heç vaxt məlumat verilməmişdir. Onun heç bir təqsiri olmadığı, mənzildən kənarda quraşdırılmış qaz sayğacındakı pozuntu halının iddiaçı tərəfindən edilməsini sübuta yetirmədən ona əsassız olaraq cərimə borcu hesablamışdır.

3. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən yazılı etirazlar təqdim edilmişdir. Etirazda Gasrepdən əldə edilən çıxarışdan İddiaçı ödənişlərində (xüsusilə qış aylarında) qeyrimüntəzəmlik nəzərə çarpdığı (qeyri-müntəzəmlik aşağıdakı kimidir: a)- 2018-ci ilin dekabr ayında 50 (əlli) manat ödəniş etmişdir, b)- 2019-cu ilin dekabr ayında isə 14 (on dörd) manat ödəniş etmişdir, c) - 2020-ci ilin dekabr ayında isə 4 (dörd) manat ödəniş etmişdir, ç)- 2021-ci ilin dekabr ayında 15 (on beş) manat ödəniş etmişdir, d)- 2022-ci ilin dekabr ayında isə cəmi 6 (altı) manat ödəniş etmişdir, e)- 2025-ci ilin yanvar ayında isə cəmi 4 (dörd) manat ödəniş etmişdir. Ödənişlərdən məlum etmək olar ki, vaxtilə qış ayında 50 (əlli), 15 (on beş) manat ödəyən istehlakçı hansısa səbəbdən ödənişləri kəskin minimuma endirərək 4 (dörd), 6 (altı) manat ödəniş həyata keçirmişdir) və bu faktın istehlakçının paylayıcıya zərərvurma faktını sübut etdiyi qeyd edilmiş və bu səbəbdən iddianın rədd edilməsi xahiş edilmişdir.

Proses iştirakçılarının izahatı:

4. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin izahatında bildirdi ki, onun tərəfindən 2025-ci ilin mart ayında kənar xətt quraşdırılmış, ancaq dərhal sonra Azəriqaz İB-nin işçiləri gəlib həmin xətti kəsiblər. Ondan əvvəl, yəni qanunsuz aktların tərtib olunduğu 2024-cü ildə isə onun tərəfindən nə sayğaca, nə də qaz xəttinə müdaxilə edilməmiş, qazdan qanuni şəkildə istifadə etmiş və borcunu da hər ay vaxtında ödəmişdir. Belə bir hal olmadığı üçün hər hansı kənar qaz xəttinin qaynaq vasitəsilə kəsilməsi də baş verməmişdir. Eyni zamanda qeyd etmişdir ki, həmin aktlar tərtib olunan zaman onun ümumiyyətlə xəbəri olmamış, akt onun iştirakı olmadan tərtib edilmiş və sonradan da bu barədə ona məlumat verilməmişdir. Sonradan ona məlum olmuşdur ki, qanunsuz olaraq cərimə yazılıb. Aktlar qanunsuz və əsasız tərtib olunduğundan borcun silinməsini xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbinin əsassız olduğunu, aktların qanuni şəkildə tərtib olunduğunu, borcun silinməsi üçün heç bir əsas olmadığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, həmçinin izahatında, Gasrepdən əldə edilən çıxarışa əsasən iddiaçının ödənişlərində illər və xüsusilə qış ayları üzrə qeyri-müntəzəmlik olduğunu və eləcə də İddiaçı haqqında Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilməsinə görə barəsində 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cərimə olunduğunu, bununla iddiaçının sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan istifadə faktının təsdiq edildiyini bildirərək, qərar qəbul edərkən nəzərə alınmasını xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə bu barədə yazılı məlumat da təqdim edilmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. 02.03.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent İddiaçı, abonent kodu **********00001, ünvan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozu, ailə tərkibi 4, sayğac tipi smart G-4 İTRON DİAFRAGMA, nömrəsi 1702AZ**********30, quraşdırılma tarixi xx.xx.2018-ci il, cihazlar 4 gözlü qaz piltələri (PQ-4) 1 ədəd və həmin abonent koduna akt əsasında 02/2024-cü il tarixinə 3680.64 manat, 05/2024-cu il tarixinə 618.72 manat borc hesablanmışdır.

7. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvanda istehlakçının nümayəndəsi İddiaçı iştirakı ilə xx.xx.2024-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldığı, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Aktda İddiaçı imzası yoxdur, imza yeri boşdur.

8. xx.xx.2024-cü il tarixli ******* saylı Aktda təbi qaz təchizatının qaynaq vasitəsilə dayandırıldığı qeyd edilmişdir. Aktda İddiaçı imzası yoxdur, imza yeri boşdur.

9. Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, iddiaçıya məxsus abonent koduna qaz işlədicilərindən PQ4, QSSQ, Dəmir soba və İran sobası orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul olunmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 30672 m3 qaz itkisi hesablanmışdır. Əsas: xx.xx.2024 tarixli, ******* saylı Akt. 10.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçının nümayəndəsi İddiaçı iştirakı ilə xx.xx.2024-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldığı, abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Aktda İddiaçı imzası yoxdur, “iştirak etmədi” qeyd edilmişdir.

11. xx.xx.2024-cü il tarixli 04225163 saylı Aktda təbi qaz təchizatının qaynaq vasitəsilə dayandırıldığı qeyd edilmişdir. Aktda İddiaçı imzası yoxdur, “iştirak etmədi” qeyd olunub. 12.Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, iddiaçıya məxsus abonent koduna qaz işlədicilərindən PQ4, QSSQ orta günlük iş rejimi 12 saat, hesabat müddəti 92 gün, dəmir soba isə orta günlük iş rejimi 12 saat və hesabat müddəti 31 gün qəbul olunmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 5156 m3 qaz itkisi hesablanmışdır. Əsas: xx.xx.2024-cü il tarixli, ******* saylı Akt

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

13. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

14. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

15. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun:

18. 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

19. 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

21. 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.

22. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

24. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Məhkəmənin möqeyi:

25. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə təmin edilməlidir.

26. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli tələbnamərlə iddiaçıya təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 3680.64 manat və xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 618.72 manat olmaqla, cəmi 4299,36 manat borc hesablanmış və bu borc məbləğini iddiaçının abonent saldosuna daxil edilmişdir. İddiaçı qaz sayğacına və qaz şəbəkəsinə qeyd olunan dövrdə onun tərəfindən heç bir müdaxilə edilmədiyini, yoxlama zamanı və aktlar tərtib edilərkən iştirakının təmin edilmədiyini, tərtib edilən aktlardan ümumiyyətlə xəbəri olmadığını, pozuntu və borc barədə ona heç bir məlumat verilmədiyini və qaz sayğacına müdaxilənin olub-olmaması, varsa bu müdaxilənin iddiaçı tərəfindən edilməsi və təqsirliliyi sübuta yetirilmədən əsassız və qanunsuz olaraq borc hesabladığını iddia edərək, həmin borcun silinməsini xahiş edir.

27. Prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. Habelə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPM 14.2, 77.1, 81) Məhkəmə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən qərarların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq tələbnamələr əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni Cavabdeh İB-nin üzərinə düşür.

28. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin imperativ tələbinə uyğun olaraq cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki-prosessual qanunvericiliyin tələbinə görə də qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin müəyyən edilən hallarında görünür ki, iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə təsbit olunmamışdır. İddiaçının təqsirli olduğunu sübut etmək üçün cavabdehin istinad etdiyi 23 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati məsuliyyətə cəlb etmə barədə qərar isə iddiaçının xx.xx.2025-ci il tarixində yol verdiyi pozuntuya görə qəbul edilmişdir. Başqa sözlə həmin qərarın və o qərarla təsbit olunan pozuntunun hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli tələbnamərlə və borclarla heç bir bağlılığı yoxdur. Cavabdeh tərəfindən iddiaçının təqsirliliyini təsdiq edən başqa bir mötəbər sübut isə təqdim edilməmişdir. Belə olan halda, iddiaçının təqsirli olmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən cavabdeh tərəfindən iddiaçıdan vurulmuş zərərin ödənilməsinin tələbnamələrlə tələb edilməsi və həmin zərərin məbləğinin abonentin saldosuna daxil edilməsi əsassız və qanunsuz olmuşdur.

30. Bununla yanaşı, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar və tələbnamələr daxilən ziddiyətlidir və qanunvericiliyin tələbinə uyğun deyildir. Belə ki, aktlarda istehlakçının imzası yoxdur və imza hissəsində iştirak etmədiyi qeyd edilmişdir, ancaq aktın mətnində onun da yoxlamada iştirak etdiyi yazılmışdır. İddiaçı da cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman ona məlumat verilmədiyini, yoxlamada iştirakının təmin edilmədiyini və bu aktlardan xəbərdar olmadığını bildirmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Cavabdeh məhkəmə iclasında da iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini və tərtib edilmiş aktların iddiaçıya təqdim edildiyini sübuta yetirə bilməmişdir.

31. Digər tərəfdən, abonent saldosunda istehlakçıya məxsus yaşayış sahəsində 1 (bir) ədəd 4 gözlü qaz piltəsinin (PQ-4) olduğu qeyd edilsə də, akt və tələbnamələrdə PQ4, QSSQ, Dəmir soba və İran sobası nəzərə alınmış, eləcə də qış və yay ayları fərqləndirilmədən hər biri üçün orta günlük 12 saat, hesabat müddəti isə bir aktda 360 gün, digər aktda 92 gün qəbul olunmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bütün bunlar da ağlabatan və işin hallarına uyğun sayıla bilməz və qərarın doğruluğunu, əsaslılığını və mötəbərliyini şübhə altına alır. Bu səbəblərdən və eyni zamanda cavabdeh tərəfindən məhkəmə iclasında əksi sübuta yetirilmədiyi üçün bu aktlar da iddiaçı tərəfindən müvafiq pozuntu hallarına yol verildiyini təsdiq edən əsaslı, şübhədən kənar və mötəbər sübut kimi qiymətləndirilə bilməz.

32. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya (fiziki şəxs olan istehlakçıya) məxsus olan və evin çölündə yerləşən sayğacın müvafiq qoruyucu örtüklə örtülməsi, onun işlək vəziyyətdə saxlanılması, texniki cəhətdən saz vəziyyətdə saxlanılması istehlakçının (iddiaçının) deyil, qaz paylayıcısının (cavabdehin) öhdəliyidir. Belə olan halda istehlakçının (iddiaçının) risk dairəsinə daxil olmayan öhdəliklərin yerinə yetirilməsini ondan tələb etmək də əsassızdır.

33. Beləliklə, məhkəmə araşdırması zamanı sayğacda nöqsanların mövcudluğu, sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyi və sayğacda yaranmış qüsurların məhz iddiaçının təqsiri və hüquqazidd hərəkətləri nəticəsində yarandığı, habelə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edildiyi sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, istehlakçıya hesablanmış borc əsassızdır, ona görə də silinməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

35. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Azəriqaz” İB tərəfindən İddiaçı (ünvan: ünvan 2 **********00001) dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamə əsasında hesablanmış 3680.64 AZN (üç min altı yüz səksən manat altmış dörd qəpik) və xx.xx.2024-cü il tarixli tələbnamə əsasında hesablanmış 618.72 AZN (altı yüz on səkkiz manat yetmiş iki qəpik), cəmi 4299,36 AZN (dörd min iki yüz doxsan doqquz manat otuz altı qəpik) məbləğində borc silinməlidir.

36. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilməmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Hazırkı iddia qiyməti 4299,36 manat olduğuna görə dövlət rüsumunun məbləği 63 manat təşkil edir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbinin tam təmin edilməsi nəzərə alınaraq ödənilməli olan 63 (altmış üç) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00001) dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamə əsasında hesablanmış 3680.64 AZN (üç min altı yüz səksən manat altmış dörd qəpik) və xx.xx.2024-cü il tarixli tələbnamə əsasında hesablanmış 618.72 AZN (altı yüz on səkkiz manat yetmiş iki qəpik), cəmi 4299,36 AZN (dörd min iki yüz doxsan doqquz manat otuz altı qəpik) məbləğində borc silinsin. Cavabdehndən 63 AZN (altmış üç manat) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar