Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1933/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 əşyaları ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, Təzə məhəllədə inşa olunmuş 3 otaqlı evdən çıxarılması və İddiaçı, övladı 09 iyun 2008-ci il təvəllüdlü X5 ilə birgə həmin evə köçürülməsi, cavabdehlər tərəfindən İddiaçı və övladı 09 iyun 2008-ci il təvəllüdlü X2 həmin evdə yaşamasına hər hansı maneə yaratmağın onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı 10 iyul 2006-cı il tarixdə Cavabdeh4 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 09 iyun 2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra Xəzər rayonu ərazisində “dəmir yolu” adlanan ərazidə ərinə məxsus evdə yaşamışlar. Sonra həmin evi satıb qayınatasıgilə köçmüşlər. 2009-cu ildə iddiaçı əri Seymurla birgə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, Təzə məhəllədə 2 sot torpaq sahəsində 3 otaqlı ev inşa etmişlər. Həmin evin tikilməsinə iddiaçının valideynləri və Seymur təxminən 30.000 manat məbləğində xərc çəkmişdir. 2010-cu ildən iddiaçı, əri Seymur və qızı Zəhra həmin evə köçmüşlər. Təxminən 2010-cu ildən indiyə qədər ötən 12-13 il müddətdə həmin evdə yaşamışlar. İddiaçının cehiz əşyaları da hazırda həmin evdədir. 2022-ci ilin avqustunda iddiaçının və həyat yoldaşı Seymurun müvəqqəti evdə olmamağından istifadə edən baldızı Cavabdeh2 və onun əri Cavabdeh3 evi zəbt etmiş, evi özbaşına olaraq Cavabdeh1 25000 manata qeyri-rəsmi satmışdır. Dəfələrlə cavabdehlərə müraciət edərək evin ona məxsus olduğunu, onların əməllərinin qanunsuz və özbaşına olduğunu, evin ona məxsus olduğunu bildirsə də heç bir xeyri olmamış, onlar iddiaçını evə buraxmamışlar. Onların qanunsuz əməlləri barədə iddiaçı tərəfindən polisə müraciət edilmiş, polisdə araşdırma aparılmış və iş mülki xarakterli olduğuna görə cinayət işinin başlanması rədd edilmişdir. İddia ərizəsinə əlavə olunan Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı S.Usubovun 07 aprel 2023cü il tarixli qərarından və rədd materialından görünür ki, Cavabdeh2 və əri Cavabdeh3 izahatlarında evi guya özlərinin tikdiyini və daha sonra satdıqlarını bildirmişlər. Lakin izahatı alınmış qonşular X1, X7, həmçinin iddiaçının qayınatası X3 tikilmiş evin iddiaçıya məxsus olduğunu, Afiqənin evi özbaşına satdığını bildirmişdir. Cavabdehlər heç bir hüququ əsas olmadan iddiaçını və azyaşlı övladını evdən qovub, onları həmin evə buraxmır, həmin evdə yaşamağa maneə törədirlər. İddiaçının cehiz əşyaları da hazırda həmin evdədir. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və vəkilinin izahatına oxşar məzmunda izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə ev almaq üçün “makler” işləyən Bilal adlı şəxsə müraciət etmişdir. Həmin şəxs hazırda 25000 manata aldığı evi Gülməmməd adlı şəxsin iştirakı ilə ona göstərmişdir. Evə baxan zaman iddiaçının iddia etdiyi heç bir cehiz əşyası evdə olmamış, yalnız 1 ədəd çarpayı və 1 ədəd köhnə televizor olmuşdur. Onunla söhbət edən Gülməməəd evin qızı Afiqəyə məxsus olduğunu, lakin alqı-satqı ilə onun məşğul olduğunu bildirmişdir. Həmin evi bəyənərək almaq qərarına gəlmişdir. O, Afiqə, Sakit, Gülməmməd və Bilalla Hövsan qəsəbəsində yerləşən 35 saylı notariusa gemişlər və orada Cavabdeh2 ona 80 il müddətinə həmin ev və torpaq sahəsi ilə bağlı etibanamə vermişdir. Bundan sonra Xəzər rayonu Binə qəsəbəsinə gəlmiş və 25000 manatı Cavabdeh2 təqdim etmişdir. Evin İddiaçı məxsus olmasından xəbəri yoxdur. Evin telefon nömrəsi Gülməmmədin adına, işıqsayğacı isə yeznəsinin adına olmuşdur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, İddiaçı qardaşı Cavabdeh4 həyat yoldaşıdır. Sözügedən ev 3 sot torpaq sahəsində inşa olunub, evin inşasında özü fəhlə kimi, əri Sakit isə usta kimi işləyib. 2008-ci ildə inşa etdikləri evdə qardaşı Seymurun evi olmadığı üçün ailəsi -yəni Elnara ilə birlikdə müvəqqəti yaşamalarına razılıq vermişdir. Həmin evdə yaşadıqları müddətdə 1 övladları dünyaya gəlib. 2021-ci ildən qardaşı Türkiyə Respublikasına işləməyə getdiyi üçün atası Gülməmməd və anası Ərkinaz həmin evdə Elnara ilə birlikdə yaşamağa gəlmişlər. 2022-ci ilin avqust ayında Elnara ilə atası Gülməmməd arasında münaqişə olmasına görə Elnara övladı Zəhra ilə birlikdə evdən çıxıb atası evinə getmişdir. Həmin vaxt Elnara etdiyi səhvi etiraf etmiş və onun evində yaşamağa üzü olmamışdır.Bu səbəbdən də bütün əşyalarını toplayaraq o evdən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə öz evini 25000 manata notarius vasitəsi ilə Yunus adlı şəxsə satmışdır. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və qeyd etdi ki, Seymur onun qaynı, Elnartə isə qaynının arvadıdır. Seymur və arvadı Elnarə əvvəllər “dəmiryolu”nun yanı adlanan ərazidə yaşamışlar. Sonradan zərurətlə bağlı həmin evi satmışlar. Bundan sonra Elnarə kənddə qaynatasıgillə yaşamışdır. Seymur isə imkansızlıqdan başqa şəxsə məxsus fermada qalmışdır. 2008-ci ildə şəxsi vəsaiti ilə 3 sot torpaq sahəsi almışdır. Uşaqları üçün həmin torpaqda 2 otaqlı ev tikmiş, lakin tam təmir elətdirməmişdir. Sonradan qardaşının ağır şəraitdə yaşamasını nəzərə alaraq, Afiqə həmin evi müvəqqəti olaraq yaşaması üçün Seymura verməsini xahiş etmişdir. O, da Afiqənin xahişini nəzərə alaraq Seymura və ailəsinə həmin evdə yaşamasına icazə vermişdir. Sonradan Elnarə baş vermiş mübahisəyə görə əşyalarınıda toplayıb ata evinə getmişdir. Daha sonra evi Yunusa satmışdır. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirdi ki, o, iddiaçının atasıdır. Hal-hazırda idman ustası kimi işləyir. Mübahisə predmeti olan yaşayış sahəsinə cavabdehlər heç bir pul xərcləməmişdir. Onun oğlu təxminən 2007-2008-ci illərdə 1500 manat pul verərək həmin torpağı almış və yeznəsi Seymura vermişdir. Seymur da orada 2 otaqlı ev tikmişdir. O, özü əvvəl rayonda yaşamış, sonradan Bakıya köçmüşdür. Sakit və Afiqənin maddi durumu o evi tikmək üçün kifayət qədər deyildi, onlar həmin vaxt o evi tikə bilməzdi. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirdi ki, o, iddiaçının qardaşıdır. Mübahisə predmeti olan evi o və yeznəsi Seymur tikmişdir. O, 2007-2010-cu illər arasında Ukraynada işləmişdir. Orada qazandığı pulu torpaq almaq üçün atasına göndərmişdir. Təxminən 1800 və 1000 dollar məbləğində pul göndərmişdir. Daha sonra kredit götürərək həmin torpaq sahəsində ev inşa etmişlər. Sakit həmin evin tikintisində usta kimi işləyib, zəhmət haqqı da ödənmişdir. Sakitdən əvvəl Namiq usta kimi işləmişdir. Daş-hörgü işlərini Namiq, damı və təmir işlərini isə Sakit etmişdir. 2700 manat təmirə pul xərcləmişlər. Atası anasının adına kredit götürərək qalan xərclərin pulunu vermişdir. Torpağın sənədi köhnə sənəd olub. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, o, Elnaranın qonşusudur. 2013-cü il tarixində Elnaranın yaşadığı evin yaxınlığına köçmüşlər. Orada Elnara və qızı yaşayırdı. X14 getmişdi. Torpağın kimə məxsus olması barədə məlumatı yoxdur. 2019-cu il tarixdə evin damı vurulmuşdur. Ev hissə-hissə təmir olunub. Usta kimi evdə Sakit işləmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, o, Elnaranın qonşusudur. 2012-ci il tarixdə həmin evin yaxınlığına köçmüşlər. Onlarla münasibətləri yaxşı olmuşdur. Həmin evdə Elnara, əri və qızı yaşamışdır. Torpağın kimə məxsus olması barədə məlumatı yoxdur. Ev hissə-hissə təmir olunub. Usta kimi evdə Sakit işləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -07 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı və Cavabdeh2 arasında olan mübahisənin mülki xarakterli olması hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı torpağın ona məxsus olduğunu, həmin torpaq sahəsində 3 otaqlı evi ailəsinin maddi yardımı ilə özünün tikdiyini, həmin evin də ona məxsus olduğunu bildirsə də, bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının yaxın qohumları (atası və qardaşı) olan A.Kişiyev və E.Kişiyevin izahatları heç bir digər sübutla təsdiq olunmadığından mötəbər sübut hesab oluna bilməz. Eyni zamanda digər şahidlər E.Eynullayeva və V.Bəkirova verdikləri izahatlarında həmin torpaq sahəsinin kim tərəfindən alınması, kimə məxsus olmasına dair məlumatlı olmadıqlarını bildirərək, İddiaçı mübahisəli evdə yaşadığını qeyd etmişlər. Hal-hazırda Cavabdeh1 həmin evi almışdır və orada yaşamaqdadır. Başqasına məxsus olan evə iddiaçının köçürülməsi mülkiyyətçini fundamental hüquqlarından məhrum edə bilər. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1933/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1933/2023
11.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver