Məhkəmə qərarları › İş №2(060)-1768/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1768/2025

01.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1768/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4, ünvanında yerləşən 21 saylı mənzilin 68 kv.m sahəsinin Cavabdeh tərəfindən boşaldılıb onun o sahəyə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1967-ci ildə ünvan 1 ünvanda da qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi ərizəyə əlavə olunur. Bu hal Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 120 saylı arayışla da təsdiq edilir. Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4, mənzil 21 ünvanında üç otaq vardır. Bu otaqların iksi rəhmətlik atası Məmmədov Hamlet Feyzi oğlunun xüsusi mülkiyyətindədir. Atası Məmmədov Hamlet Feyzi oğlu xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Hal-hazırda atası rəhmətə getdikdən sonra vərəsilik prosesi başlanmışdır. İşin faktiki halı ilə bağlı məhəkomənin diqqətinə çatdırır ki, 1993-cü ildə ailəsinin razılığı olmadan X25 ilə ailə nikah münasibətlərinə daxil olmuşdur. Zaman keçdikcə sosial vəziyyəti bərbad olan X25 nikah münasibətinə daxil olduqdan sonra xarakteri dəyişdi və daha yaxşı yaşamaq istəyi onu gecə həyatını seçməyə məcbur etdi. Bu həyatın normal olmadığını və ailə dəyərlərinin üstün olduğunu bildirsə də fayda vermədi. Barəsində əsassız olaraq dəfələrlə polisə şikayət etmiş, uşaqlarını ona qarşı qalxan kimi istifadə edərək onlara psixoloji təsir göstərmiş, uşaqlarda ataya qarşı nifrət hissi yaratmışdır. Artıq məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Qətnamədə Cavabdehin yaşayış yeri kimi bu mənzil göstərilməmişdir. Nikahın pozulmasından sonra bütün dava-dalaşlara son qoymaq məqsədi ilə Rusiya Federasiyasına yollanmış və orda uzun illər yaşamışdır. Sonra qeydiyyatla bağlı problemlər meydana çxıdıqdan sonra vətənə qayıtmalı olmuşdur. Sumqayıta qayıtdığı vaxtda anası sağ ikən ona məxsus otaqda qalırdı. Cavabdeh özünün rahat seçdiyi həyat tərzini davam etdirməsinə göz yuma bilmədiyi üçün bütün tənələrdən boğaza yığılıb yenidən ölkə xaricinə, Ukraynaya işləmək üçün getdi. Anası 2022-ci ilin iyul ayının 14-ü tarixində dünyasını dəyişdi. Həmin ilin okyabr avında artıq Ukrayna Respublikasından deport edildi. Sumqayıta qeydiyyatda olduğu evə yaşamaq üçün qayıtdıqda yenidən keçmiş yoldaşı onu evə buraxmadı. Hal-hazırda öz evi ola-ola qohumlarının evində gününü keçirir. Hal-hazırda Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4, mənzil 21 ünvanında qeydiyyatdadır. Faktiki və qeydiyyatda olduğu ünvana həyat yoldaşı olan Cavabdeh tərəfindən buraxılmır. Cavabdeh öz əşyalarını evə daxil etmiş və evi zəbt etmişdir. Hər vəchlə evə daxil olmağını əngəlləyir və onu mənzildən məhrum edir. Cavabdeh şəxsi olaraq Sumqayıt şəhəri, Saray qəsəbəsi, Üzümlük adlanan sahədə villası var. Övladı Könülün "xxxx" MTK-da ayrıca evi vardır. Ancaq keçmiş həyat yoldaşı olan Cavabdeh bu evə onu buraxmamaqla mənzildən istifadə və sərəncam hüququnu özündə birləşdirən mülkiyyət hüququnu kobud sürətdə pozur. Hazırda cavadeh həmin evdə yaşayır və həmin evdən mülkiyyətçi kimi istifadə etməyinə suni maneələr yaradır, heç bir səbəb olmadan həmin evdə yaşamağına icazə vermir. Mülkiyyətçi kimi həmin evdən istifadə etmək və evə dair sərəncam vermək hüququndan istifadəsinə məhrum edir. Dəfələrlə atasının mülkiyyətində olan mənzilə köçmək istəsə də, cavabdeh ciddi-cəhdlə buna mane olmuşdur. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh həm evlilik, həm nikahın pozulmasından sonra öz məkrli və qisascıl hisslərinə qapılaraq onla mütəmadi olaraq ailə-daxili söz söhbətlərin yaranmasına şərait yaratmışdır. Mütəmadi olaraq o evdə görmək istəmədiyini və hər vasitə ilə onu o evdən məhrum etmək istəyirdi. Ailə-daxili bütün planlarını üzərində quraraq kənar salmaq və digər arzu və istəklərini məhz onu bu evdən məhrum etməkdə görürdü.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sözügedən mənzil 1996-cı il tarixdə alınmışdır. O isə 1994-cü il tarixdə nikaha daxil olumşdur. Ailə qurduqdan sonra orada yaşamışdır. 2004-cü ildə həmin mənzildən çıxmışdır. Belə ki, ona hədə-qorxu gəldikləri üçün mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Həmin vaxtdan bu günə qədər məhkəməyə müraciət etməmişdir. Mənzilin 1otağı bacısının mülkiyyətindədir. Mənzil 3 otaqlıdır. 1 otağa çıxarış verilmişdir. Digər 2 otağın özəlləşdirilməsi ilə bağlı müvafiq orqanın nümayəndələri ünvana gəlmiş, lakin cavabdeh buna icazə verməmişdir. Mənzilə dair cavabdehin adına hər hansısa sənəd yoxdur. Sadəcə mənzildə qeydiyyatdadır. Cavabdehin öz evi vardır. Həmin evdə yaşaya bilər.

4. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 izahatında bildirdi ki, anasına məxsus olan evə köçə bilmir. Hal-hazırda həmin evdə cavabdehin anası, qızı, oğlu yaşayırlar. Anası vəfat etdikdən sonra həmin evdən çıxmışdır. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə cavabdehin həmin mənzildən çıxarılması və onun həmin evə köçməyi əks etdirilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayət verilsə də, şikayət təmin olunmamışdır. Qardaşının ona məxsus mənzilə köçürülməsinə etiraz etmir.

5. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında bildirdi ki, ər gün mübahisə olduğu üçün həmin evdən çıxmışdırlar. Bir neçə ildir ki, orada yaşamırlar. Evə dair hüquqmüəyyənedici sənəd orderdir. 2 otaq həyat yoldaşına məxsus olmuşdur.

6. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 izahatında bildirdi ki, 2008-2009-cu illərdən həmin evdə yaşamırlar. Vərəsəlik işi açılmamışdır.

Tədqiq olunan sübutlar:

7. AZ-T 229626 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. X2, anası isə X20r.

8. AZ-İİ 408679 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədov Hamlet Feyzi oğlu xx.xx.2004-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 278 nömrə ilə qeyd edilmişdir.

9. AZ-İİ 295260 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.2022ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 1105 nömrə ilə qeyd edilmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 1998-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28/4, mənzil 21-də yerləşən sahələri 17 və 13 kv.m olan iki otaq yaşamaq üçün Məmmədov Hamlet Feyzi oğlu, X7, onun oğlu X8 verilməsi, sahəsi 17 kv.m olan digər otaq yaşamaq üçün X21 verilməsi qət edilmişdir.

11. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 28a/4 saylı evin 21 saylı mənzilinin kirayəçisi Məmmədov Hamlet Feyzi oğlunun razılığı olmadan qeydiyyata alınmış İddiaçı, X9, X22, X23, X16, X14 və X3 qeydiyyatdan çıxarılmasının Sumqayıt şəhəri 12 saylı MİS-in rəisinə məcbur edilməsi qət edilmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.1994-cü ildə Sumqayıt şəhər Nikah evində bağlanmış 937 saylı nikah qeydinin ləğv olunması qət edilmişdir.

13. AZ-İ 430823 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş, bu barədə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 247 nömrə ilə qeyd edilmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6249/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X6 mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsinin Cavabdeh tərəfindən boşaldılması qət edilmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-504/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6249/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28a/4, mənzil 21-ə dair 01 avqust 2003-cü il tarixli 21 saylı protokol əsasında X17 adına aparılmış özəlləşdirmənin etibarsız hesab edilməsi, bu əsasda M.A.Mehdiyevanın adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi qət edilmişdir.

17. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2006-cı il tarixli Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 28A/4 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1ci mərtəbəsində yerləşən 17 kv.m ümumi, 17 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 108 nömrəli vərəqində qeydiyyata alınmışdır.

18. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2022ci ildə vəfat etmiş X13 irs qalmış, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından mirasın ona çatası hissəsindən imtina etmişdir.

19. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X17 vərəsələri Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4, mənzil 21 ünvanında qeydiyyatda olan X10r, o, miras əmlakdan tam hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X24 verilmiş **********69-05101-093018 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4cü mikrorayon, ev 28A/4, mənzil 21 ünvanında yerləşən ümumi sahəsi 17 kv.m, yaşayış sahəsi 17 kv.m 1 otaqlı mənzildən ibarətdir.

20. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4, 21 saylı mənzil (17 kv.m) xx.xx.2023-cü il tarixdə tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır.

21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X14, X7, X11, X26, X43 oğlu, X31, Cavabdeh, X15, X18, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadırlar.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

23. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə uyğun olaraq, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

25. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

26. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının hal-hazırda boşaldılmasını və köçürülməsini istədiyi mənzilin faktiki sahəsi 47 kv.metrdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 1998-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28/4, mənzil 21-də yerləşən sahələri 17 və 13 kv.m olan iki otağın yaşamaq üçün Məmmədov Hamlet Feyzi oğluna, X4 və onun oğlu X8 verilməsi, sahəsi 17 kv.m olan digər otağın isə yaşamaq üçün X21 verilməsi qət edilmişdir. Məmmədov Hamlet Feyzi oğlu iddiaçının atası, X32 isə iddiaçının anası olmuşdur. X7 iddiaçının atası Məmmədov Hamlet Feyzi oğlunun ikinci arvadıdır. İddiaçının hazırda mənzildən çıxarılmasını istədiyi Cavabdeh isə onun keçmiş arvadıdır. Anası vəfat etdikdən sonra iddiaçı anasından ona çatacaq miras paydan imtina etmiş və mənzilin anasına məxsus hissəsinə dair iddiaçının bacısı X12 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

27. Mübahisə predmeti olan mənzilin 17 kv.m-i üzərində X6 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mənzilin qalan 30 kv.m-i üzərində isə mülkiyyət hüququ qeydiyyata alınmayaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud deyildir.

28. İddiaçı iddia ərizəsində sahəsi 68 kv.m olan mənzilin boşaldılmasını və həmin mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə iclasında izahatında mənzilin bacısına məxsus hissəsinə köçürülməsi niyyətinin olduğunu və iddiasının da həmin hissəyə köçürülməsini istəməsi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

29. Məhkəmə ilk növbədə mənzilin iddiaçının keçmiş arvadı Cavabdeh tərəfindən boşaldılmasına münasibətdə qeyd edir ki, həmin əmlakdan başqa şəxslərin istifadəsini qadağan (hazırki tələb üzrə cavabdehin həmin evdən çıxarılması onların həmin evdən istifadəsinə son qoyulmasına yönəlmişdir) etməsini tələb etmək üçün, həmin əmlaka ixtiyarı olmalıdır. Bu ixtiyar isə onun yalnız həmin əmlaka sərəncam vermək hüquqi ilə realizə oluna bilər. Lakin iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüquqları olmadığı üçün, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur.

30. Qeyd olunduğu kimi mənzilin 17 kv.m-i üzərində iddiaçının bacısının mülkiyyət hüququ mövcuddur, qalan hissəsi üzərində hər hansı bir şəxsin mülkiyyət hüququ qeydiyyata alınmamışdır.

31. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

32. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

33. İddianın digər hissəsinə, yəni iddiaçının həmin mənzilə köçürülməsinə dair hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı mənzilin bacısına aid hissəsinə, istərsə də digər hissəsinə köçürülməsi üçün həmin mənzilə hüququ olan şəxslərə qarşı iddia irəli sürə bilər. Belə ki, iddiaçının köçürülməsini istədiyi mənzilin bir hissəsi bacısının mülkiyyətində olmaqla (məhkəmə iclasında cavabdeh məhz bacısına aid hissəyə köçürülməsini istədiyini bildirmişdir) həmin mənzillə bağlı hüquqi ixtiyara da məhz bacısı malikdir. Məhkəmə iclasına müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X14 da qardaşının ona məxsus mənzilə köçürülməsinə etiraz etməmişdir.

34. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.

35. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir.

37. İstinad olunan prosessual normaların tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir.

38. Lakin hazırki işdə iddiaçının köçürülməsini tələb etdiyi mənzilin mülkiyyətçisi bacısı olduğu halda, öz keçmiş arvadını cavabdeh qismində qoyaraq mənzilə köçürülməsini məhkəmədən xahiş edir . Məhkəmə hesab edir ki, iddiaçının keçmiş arvadı hazırki iddia üzrə cavabdehlik daşımır. Mənzilin bir hissəsi mülkiyyət hüququ ilə bacısına məxsusdur ki, bacısı tərəfindən ona həmin mənzilə köçürülməsinə dair hər hansı maneələr yaradılacağı halda ona qarşı iddia ilə məhkəməyə müraciət edə bilər. Lakin bunun əksinə olaraq məhkəmə iclasında mənzilin bir hissəsinin mülkiyyətçisi qardaşının həmin mənzilə köçürülməsinə razı olduğunu bildirmişdir.

39. Belə olan halda iddiaçıya izah olunur ki, hazırki iddia ilə mübahisə predmeti olan mənzilin mülkiyyətçisinə qarşı iddia ilə məhkəməyə müraciət edə bilər və ya həmin mənzilin mülkiyyətçisinə də qardaşının həmin mənzilə köçürməsi ilə bağlı hüququnun həyata keçirilməsi ilə bağlı maneələr yaranarsa, həmin şəxs tərəfindən bu maneələrin aradan qaldırılması ilə bağlı iddia ilə məhkəməyə müraciət oluna bilər.

Məhkəmə xərcləri:

40. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və həmin mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar