Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1961/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 907.20 manat borcun silinməsi və borcun hesablanmasına əsas olmuş ******* saylı aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcmini azaldaraq Cavabdeh tərəfindən ona əsassız hesablanmış 907.2 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanda yaşayır. Həmin ünvanda iki ev mövcüddur. Bir evdə o, ailəsi ilə birlikdə, digər evdə isə qardaşı, ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda yalnız ona məxsus evə gedən qaz xətt üçün sayğac quraşdırıldığından uzun müddət ərzində həmin xətt vasitəsilədə qazdan qardaşı da istifadə etmişdir. Sayğac onun evinə quraşdırıldığından və abonent hesabı onun adına olduğundan o, qardaşının da istifadə etdiyi qaza görə ödənişlər aparmışdır. Sonradan qardaşı öz evinə sayğac quraşdırılması üçün Cavabdehnə müraciət etmiş və qardaşının müraciəti əsasında qardaşının evinə yeni xətt çəkilmiş və sayğac quraşdırılmışdır. Bir müddətdən sonra müəyyən edilmişdir ki, qardaşının ünvanına quraşdırılmış sayğac başqa şəxsin adına qeydiyyatdadır. Qardaşı, bu barədə sayğacı quraşdırmış həmin Cavabdeh əməkdaşlarına müraciət edəndə onlar sayğacı çıxarmışlar, xətti bir başa quraşdırmaqla qardaşına bu formada işlətməsini və tezliklə ünvanına yeni sayğacın quraşdıracaqlarını bildirmişlər. Təxminən 1 həftədən sonra Cavabdeh başqa əməkdaşları gələrək həmin xətti kənar xətt kimi aktlaşdırmışlar. Daha sonra isə müəyyən etmişdir ki, həmin xəttə görə cəriməni ona hesablamışlar. Qeyd etmişdir ki, həmin xətt, qeyri-qanuni xətt olmamış, sayğac quraşdırılmış xətt olmuş, həmin xətt qardaşımın evinə gedən xətt olmuş və onun tərəfindən istifadə edilməmişdir. Belə ki, onun evinə başqa yerdən qaz xətt gedir və o, sayğac vasitəsilə qazdan istifadə edir. Həmin xətt, sayğacdan kənar xətt hesab olunsa belə tərəfindən çəkilmədiyi və təbii qazdan istifadə etmədiyi halda həmin xəttin ona aid edilməsini əsassız hesab edir. Həmçinin bildirmişdir ki, akt tərtib edilən zaman onun iştirakı təmin edilməmiş və bu barədə ona heç bir məlumat verilməmişdir. Bu halda, cavabdehin əməkdaşlarının onlara qarşı qərəzli olduqlarının sübutudur. Belə ki, o, sonra qardaşının evinə sayğac quraşdırmış cavabdehin əməkdaşlarını da tapa bilməmiş və ona həmin şəxslərin işdən çıxdıqları bildirilmişdir. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında bildirmişdir ki, iddiaçının ünvanında qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunması halı aşkar olunmuş, bu barədə müvafiq akt tərtib edilmişdir. İtirilmiş qazın dəyəri hesablanmaqla iddiaçının abonent hesabına yönəlmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Həmçinin bildirmişdir ki, həmin ünvanda sayğacdan kənar xətt başqa şəxs tərəfindən çəkilmiş və istifadə edilmiş olsa belə ünvanın bir abonent hesabı olduğundan borc iddiaçının adına hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 30.12.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 9072 m3 qaz midarında dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının hesabına 2019-cu ilin dekabr ayında akt əsasında 907,20 manat borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana iki ev mövcuddur həmin evlərdən biri iddiaçının qardaşının yaşadığı ev olmuşdur. Ünvanda quraşdırılmış sayğac iddiaçıya məxsusdur və o həmin sayğac vasitəsi ilə təbii qazdan qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə etmiş (əksi sübuta yetirilmir), lakin qardaşının yaşadığı evə görə iddiada göstərilən vaxtda ünvana ikinci sayğac quraşdırılmış, sonradan həmin sayğac açılmaqla götürülmüşdür. Bundan sonra isə həmin yerdən çəkilməklə qazdan qeyri-qanuni kənar xətt vasitəsi ilə istifadə edilməsi halı görünsə də, həmin xəttən qardaşının deyil, məhz iddiaçının istifadə etməsi sübuta yetirilmir. Abonent saldosundan göründüyü kimi, həmin vaxtlarda iddiaçı tərəfindən istifadə edilmiş qaz sərfiyyatına uyğun ödənişlər edilmişdir. Cavabdeh qurum tərəfindən isə istifadə olunmuş qazın dəyəri 907,20 manat hesablanmaqla iddiaçının abonent hesabına köçürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə edilməsi halı aşkar olunan zamanı iddiaçının iştirakı təmin edilməməklə akt tərtib edilmiş, həmçinin həmin xəttin kimin tərəfindən çəkilməsi və istifadə edilməsi araşdırılmadan ünvanın yalnız bir abonent hesabı olması səbəbindən dəymiş ziyan iş üzrə iddiaçıdan tələb olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunanlara əsasən, cavabdeh təşkilata dəymiş zərər, iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında dəymiş zərərlə bağlı hər hansı bir vəzifəsi yaranmamışdır. Bununla da ona hesablanmış borc əsassız hesab edilməklə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçı İddiaçı abonent koduna (abonent kodu **********00000) hesablanmış 907,20 manat məbləğində borc silinməli, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı İddiaçı abonent koduna (abonent kodu **********00000) hesablanmış 907,20 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1961/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1961/2021
06.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver