Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-202/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC tərəfindən əsassız olaraq hesablanmış 6775,94 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 28 May küçəsində yerləşən ev iddiaçının şəxsi mülkiyyətindədir. Həmin ünvan üzrə “xxxx” ASC-nin **********0044A saylı kodu ilə abonentidir. Həmin ünvanda iddiaçıya məxsus sayğac oğurlanmışdır. Avqust ayının 2-də həmin ünvana yeni sayğac quraşdırmışlar. Köhnə sayğacda borcu olmamışdır. Bu barədə qəbzləri var. xx xxxxxx 2020-ci il tarixdə iddiaçının yaşadığı ünvana təzə sayğac quraşdırılmış və ona bildirmişlər ki, guya 6775,94 manat borcu vardır. Əgər borcu var idisə, niyə bu vaxta qədər bu barədə məlumat verilməmişdir. “xxxx” ASC tərəfindən qanunsuz olaraq ona yüksək məbləğdə cərimə yazmışlar. Hesab edir ki, həmin borc əsassızdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, sayğaca iddiaçı tərəfindən müdaxilə olmamışdır, akt tərtib olunub, iddiaçının bundan xəbəri olmamışdır. Əvvəllər sayğac olmuş, 3-5 manat pul ödəmişdir. Sonradan sayğac oğurlanmış, bu barədə polisə müraciət etmişdir. İddiaçının yaşadığı əraziyə nəzarət edən “xxxx” ASC-nin əməkdaşı Rəşaddır. Onun bu məsələlərdən məlumatı var. Borcun yaranma səbəbi kimi, guya işıq xəttinə qanunsuz qoşulma göstərilmişdir. Halbuki həmin ünvanda yaşayış yoxdur. Bu barədə məhkəməyə fotoşəkil təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarə edilməsinə baxmayaraq, cavabdeh «xxxx» ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdeh «xxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvana baxış keçirilən zaman sayğacın olmadığı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Rəşad əraziyə xidmət göstərən şəxsdir. Sayğaca sonuncu yoxlama xx.xx.2021-ci ildə aparılmışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan ünvan 1 ünvana cavabdeh təşkilatı tərəfindən verilmiş **********0044A saylı kod üzrə bildirişdən görünür ki, iddiaçının 6775,94 manat qalıq borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 187273 nömrəli aktda qeyd edilmişdir ki, istehlakçı İddiaçı **********0044A nömrəli abonent kodu ilə istifadəsində olan sayğac yerində yoxdur. Xətt birbaşa şəbəkəyə qoşulub. Akt tərtib edilən zaman abonent iştirak etməmişdir. İş materiallarında olan MH seriyalı 093583 №-li xx xxxx 1997-ci il qeydiyyat tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi sahə 3/772 ünvanındakı yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan cinayət işinin başlanmasınnı rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə qeydiyyatda olduğu Bakı şəhəri Mərdəkan qəsəbəsi sahə 3/772 ünvanında elektrikin olmadığını görmüş və bayır tərəfdə quraşdırılmış sayğaca baxmağa getmişdir. Lakin o, sayğacın yerində olmadığını görmüş, ilk öncə sayğacın elektrik işçiləri tərəfindən aparıldığını və yeni sayğacın quraşdırılacağını düşünmüşdür. Həmin müddətdə evdə olmayacağı üçün aidiyyəti orqanlara məlumat verməmişdir. Lakin xx.xx.2020-ci il tarixdə yenidən evə qayıdan zaman sayğacın olmadığını görmüş və 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 019196 nömrəli aktın surətindən görünür ki, iddiaçının **********0044A nömrəli abonent kodu ilə istifadəsində olan sayğac yerində yoxdur. Xətt birbaşa şəbəkəyə qoşulub. Akt tərtib edilən zaman abonent iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “xxxx” ASC-nin akt komissiyasının rəyində qeyd edilmişdir ki, qüsur olaraq sayğac yerində yoxdur. Qüsur nəticəsində (7,26kvt x(0,7) x 24 saat x 524 gün)-801 kvt/s=63110 kvt/s hesabat aparılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Məhkəmə araşdırması zamanı istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus ünvana sayğac çöldə quraşdırılmış, həmin sayğac oğurlandığından iddiaçı bu barədə 102 xidmətinə zəng etmişdir. Bundan başqa, məhkəməyə təqdim edilmiş fotoşəkildən də görünür ki, həmin ünvanda yaşayış yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğunu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi 6775,94 manat borcun mövcud olmasını bildirsə də, həmin borcun hansı səbəbdən yarandığına dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, işin hallarından da müəyyən edilir ki, sayğac evin çöl divarında quraşdırılmış ki, belə olan vəziyyətdə abonent sayğacın çıxarılmasına və ya onda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 187273 saylı, xx.xx.2020-ci il tarixli aktdan isə görünür ki, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. «xxxx» Açıq Səhmdar Cəmiyyəti məhkəməyə şəbəkəyə birbaşa qoşulma halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Belə ki, MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış borc silinməlidir. İşin materiallarından həmçinin görünür ki, tərtib edilmiş həmin akta əsasən iddiaçıya 524 gün üçün itirilmiş elektrik enerjisinə görə borc hesablanmışdır. Halbuki, hər ay cavabdehin əməkdaşları tərəfindən əraziyə nəzarət edilməli və iddiaçının yaşadığı ünvanda elektrik enerjisindən istifadə ilə bağlı hər hansı pozuntu olardısa belə vaxtında aşkar edilməli idi. Beləliklə, bütün qeyd edilənləri nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmaqla, cavabdeh «xxxx» ASC tərəfindən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi yeni sahə ev 44 ünvanına əsassız yazılmış 6775,94 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. «xxxx» ASC tərəfindən İddiaçı məxsus **********0044A saylı abonent koduna hesablanmış 6775,94 manat məbləğində borc silinsin. «xxxx» ASC-dən 30 (otuz) manat alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-202/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-202/2021
01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver