Məhkəmə qərarları › İş №2(003)-2089/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2089/2021

27.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2089/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 aprel 2021-ci il tarixli, NDM 021003 nömrəli aktın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, hesablanmış borcun silinməsi, elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən tərtib edilmiş 10 aprel 2021-ci il tarixli, NDM 021003 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında İddiaçı hesablanmış 5000 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna, Albalılıq-3 ünvanda yaşayır. 10 aprel 2021-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları C.Babayev, E.Zeynalov və Xəzər rayon Elektrik Təchizatı və Satışı İdarəsinin nəzarətçi mühəndisi R.Rəcəbov 10.04.2021-ci il tarixdə **********30283 saylı abonent kimi ona məxsus Buzovna, Albalılıq-3 ünvanda yerləşən ünvana gələrək yoxlama aparıb elektrik enerjisindən qanunsuz istifadə barədə həmin tarixli NDM 021003 NÖMRƏLİ akt tərtib etmişlər, aktın bir surəti isə ona verilmişdir. O, həmin vaxtı həyəcanlı olduğundan onların nə yazdıqlarını, nə yoxladıqlarını bilməmişdir. Sonradan ona təqdim etdikləri aktla tanış olarkən görmüşdür ki, aktda guya kənar elektrik xətti çəkərək istifadə etməyi yazılmışdır. Şifahi olaraq bildirilmişdir ki, guya o, elektrik enerjisi israfına yol verərək 5000 manat məbləğində ziyan vurmuşdur. Ancaq ona həmin zərərin necə hesablanması, nəyə əsasən hesablanması barədə heç bir sənəd verilməmiş, baxmayaraq ki, dəfələrlə bunu onlardan tələb etmişdir. Nəticədə məcbur qalaraq vəkilə müraciət etmişdir. Vəkil dəfələrlə cavabdehdən hadisə yerinin müayinə protokolunun, videoçəkilişin, eləcə də akt üzrə aparılmış araşdırma materialının, qəbul edilmiş qərarın, akt üzrə borc hesablanmasında istinad edilmiş hesablanma əsaslarına və qaydalarına dair sənədlərin (akta əlavələrin) təsdiq edilmiş surətlərinin verilməsini tələb etsə də, onlar həmin materialları verməkdən boyun qaçırmışlar. Əvəzində ona bildiriş vermişlər ki, 5000 manat yazılmış borcu təcili ödəməlidir. Eyni zamanda, bir tərəfdən də evinə elektrik enerjisi verilməsini dayandırıblar, işığını kəsiblər. Bunu cavabdeh ona görə etmişdir ki, bu yolla məcbur edərək əsassız yazılmış borcu ona təcili ödətdirsinlər. Cavabdeh bir tərəfdən əsassız akt yazır, aktla bağlı hesabladığı borcun sənədlərini ona vermir, şikayət etməyinə maneçilik törədir, digər tərəfdən də işığını kəsib bildiriş verir ki, təcili borcu ödə. Cavabdeh bununla, bu hərəkətləri ilə elektrik enerjisi təchizatı və satışı sahəsində inhisarçı olması mövqeyindən sui-istifadə edərək konstitusiya ilə təmin edilmiş insan və vətəndaş hüquqlarını, istehlakçı hüquqlarını ciddi şəkildə pozmuşdur. Cavabdehin hərəkətlərindən belə çıxır ki, istehlakçıya istənilən formada akt yazıb istədiyi məbləğdə borc yaza bilər və istehlakçının isə ondan bu barədə müvafiq sənədləri tələb etməyə, nədə günahlandırıldığını bilmək hüququ yoxdur. Ona görə də hesab edir ki, nə qədər ki, cavabdeh sənədləri gizlədərək ona vermir, barəsində aktı da əsassız və qanunsuz tərtib etmişdir. Cavabdehdən aktla bağlı aidiyyəti sənədləri məcbur olub poçt vasitəsi ilə tələb etmişlər. Ona görə də hesab edir ki, barəsində əsassız yazılmış aktı, onun əsasında hesablanmış borc ləğv edilərək evinə elektrik enerjisinin verilməsi və hüquqları bərpa edilməlidir. Qeyd olunanlara əsasən, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 aprel 2021-ci il tarixli, NDM 021003 nömrəli aktın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, hesablanmış borcun silinməsi, elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, “xxxx” ASC tərəfindən tərtib edilmiş 10 aprel 2021-ci il tarixli, NDM 021003 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında İddiaçı hesablanmış 5000 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, **********30289 sayla qeydiyyata alınmış İddiaçı məxsus ünvanda istehlakçının kənar xətdən istifadə etməsi ilə bağlı 10 aprel 2021ci il tarixli NDM 021003 saylı akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə araşdırması zamanı istehlakçı tərəfindən elektrik enerjisindən qeyriqanuni istifadə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, cavabdeh tərəf borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı tərtib edilmiş 10 aprel 2021-ci il tarixli, NDM 021003 nömrəli akt ləğv edilərək, onun əsasında hesablanmış 5000 manat borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə habelə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 5000 (beş min) manat borc silinsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 aprel 2021-ci il tarixli, NDM 021003 nömrəli akt ləğv edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar