Məhkəmə qərarları › İş №2(003)-2115/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2115/2023

06.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2115/2023 06.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçı küçəsi, ev 56 ünvanında yerləşən evinə (abonent kodu **********00000) hesablanmış 2947,32 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda o, ancaq ailəsi ilə birlikdə 3 ay yayı yaşayır, qış aylarında isə hərdən bir gəlib baxıb gedir. Bu ünvana cavabdeh təşkilat tərəfindən müqavilə əsasında qazın alqı-satqısına dair müqavilə əsasında məişət qazı verilmişdir. Evdə yay aylarında ailəsi ilə birlikdə yaşamış və həmin qaz cihazlarından istifadə etmişlər. Cavabdeh təşkilatla bağladığı müqavilə əsasında qazdan istifadə edir. Cavabdeh təşkilat xx.xx.2023-cü il tarixdə akt tərtib etmiş və aktda qeyd edilir ki, guya sayğaza müdaxilə edilmiş, kənar xətt aşkar edilmişdir. Ona görə də onların 2947,32 manat borcu vardır. Onu da qeyd etmişdir ki, sözügedən sayğacı təxminən 2022-ci ilin iyul aylarında quraşdırılmışdır. Borcu əsassız hesab edir və bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, evinə quraşdırılmış sayğac qaz buraxdığından bu barədə cavabdeh təşkilata müraciət etmişdir. Bundan sonra onun ünvanına quraşdırlımış sayğaca baxış keçirilmiş və sayğacın içərisində olan balaca borunun zədələndiyi müəyyən edilmişdir. Bundan sonra sayğac dəyişdirilmişdir. Qeyd edir ki, həmin evdə o, yalnız yay aylarında yaşayır və istifadə etdiyi qazın dəyərini ödəmişdir. Onun heç vaxt qeyri-qanuni xətti olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə, paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Həmçinin həmin müqavilədən görünür ki, iddiaçının ünvanına “Zenner G4T Smart” markalı, **********484 nömrəli sayğac quraşdırılmışdır. -qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, iddiaçının ünvanına quraşdırılmış “İtron” markalı, **********200 nömrəli sayğac **********484 nömrəli sayğacla əvəzlənmişdir. Əvəzlənməsinin səbəbi isə sayğacın giriş borusunun deşici alətlə deşilməsi olmuşdur. -təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın surətindən görünür ki, həmin tarixdə abonent İddiaçı ünvanına baxış keçirilmiş və baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. - dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən yuxarıda qeyd olunan akt əsasında 90 gün üçün itirilmiş qazın həcmi 23760 m3 müəyyən edilmişdir -iddiaçının adına olan **********00000 nömrəli abonent saldosundan görünür ki, iddiaçının hesabına akt əsasında 2023-cü ilin mart ayında 2947,32 manat borc hesablanmışdır. -Cavabdeh Bakı X1 Departamentinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının “ yaranmış borcun araşdırılması barədə müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçı küçəsi, ev 56 ünvanında yerləşən mənzildə sayğacsız təbii qazdan istifadə olunması aşkar olunaraq bu barədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilərək 2947,32 manat dəymiş ziyan hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-4-cü maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar iddiaçının yaşadığı ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması halına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş (baxmayaraq ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Birliyə müvafiq qaydada məlumat verilmişdir) və həmin halların mövcüdluğu müəyyən edilməmişdir. Belə ki, iş üzrə müəyyən olunur ki, iddiaçının ünvanında olan sayğac ( xx.xx.2023-cü il tarixli akta əsasən) giriş borusunun deşici alətlə deşilməsi səbəbindən yenisi ilə əvəzlənmişdir. Bundan sonra cavabdeh Birliyinin ******* saylı aktına əsasən xx.xx.2023-cü il tarixdə iddiaçının ünvanına baxış keçirilməsi və həmin baxış zamanı ünvanda təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi halı aşkar edilməsi səbəbindən 90 gün müddətində itirilmiş qazın həcmi müəyyən edilməklə iddiaçının abonent hesabına 2947,32 manat borc hesablanmışdır. Eyni zamanda ******* saylı akta əlavə edilmiş fotoşəkillərdə isə hər hansı bir qeyri-qanuni xətt olması deyil, yalnız sayğacın fotoşəkilləri əks olunmuşdur. Məhkəmə, müəyyən olunmuş halları nəzərə alaraq hesab edir ki, iddiaçının ünvanına dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın əsaslı olması şübhə doğurmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə uyğun qaydada tərtib edilməmişdir. Eyni zamanda məhkəmə bir daha qeyd edir ki, həmin akta göstərilən halın mövcudluğu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, akta əlavə edilən fotoşəkillər isə həmin akt ilə müəyyən edilmiş halın mövcudluğunu dəlalət etmir. Odur ki, məhkəmə, tərtib edilmiş akt əsasında müəyyən edilmiş halın mövcudluğu müəyyən edilmədiyindən iddiaçının abonent hesabına həmin akt əsasında borcun hesablanmasını əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən iddiaçının yaşadığı ünvanın abonent hesabına hesablanmış borc məbləği cavabdeh Birlik tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların ( müqavilə və qanunvericilik normalarının tələblərinə uyğun olmayan) iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, bununla da iddiaçının abonent hesabına hesablanan borc məbləğinin əsaslı olması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddia tələbi təmin olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı adına olan **********00000 nömrəli abonent hesabından 2947,32 manat məbləğində borc silinməli, cavabdehdən dövlət mədaxilinə 49,47 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı adına olan **********00000 nömrəli abonent hesabından 2947,32 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 49,47 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar