Məhkəmə qərarları › İş №2(003)-2162/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2162/2025

08.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2162/2025 08.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı Əliyeva Zərifə Əli qızının və onun vəkili və nümayəndəsi Nağıyeva Şəfiqə Abdulqədir qızının, Cavabdeh Əliyev Baxşeyiş Əli oğlunun və onun vəkili və nümayəndəsi Səfərzadə Kənan Muxtar oğlunun, Cavabdeh Əliyeva Sevil Cümşüd qızın vəkili və nümayəndəsi Səfərzadə Kənan Muxtar oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vəliyeva Təranə Səfər qızının iştirakı ilə, İddiaçı Əliyeva Zərifə Əli qızının cavabdehlər Əliyev Baxşeyiş Əli oğluna və Əliyeva Sevil Cümşüd qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Vəliyeva Təranə Səfər qızı, Bakı şəhəri 31 saylı notariat ofisi, 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) «daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında aparılmış alqı-satqının etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Əliyeva Zərifə Əli qızı cavabdehlər Əliyev Baxşeyiş Əli oğluna və Əliyeva Sevil Cümşüd qızına qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında aparılmış alqı-satqının etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən, ümumi sahəsi 300.10 kvm olan fərdi yaşayış evinin və 0.0358 ha torpaq səhəsinin bağışlanmasına dair 03.10.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 63-cü Binə küçəsi 1-ci döngə ev 8 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsinin bağışlanmasına dair 03.10.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqavilələri əsasında aparılmış alqı-satqının etibarsız hesab edilməsi və Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 29.04.2024-cü il tarixli 1124056353 qeydiyyat nömrəli Çıxarışın və 26.04.2024-cü il tarixli 1124056353 qeydiyyat nömrəli çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Əliyev Baxşeyış Əli oğlu iddiaçının qardaşı, Əliyeva Sevil Cümşud qızı isə onun (qardaşının) arvadıdır. Əzizbəyov rayon Xalq deputatları Soveti İcraiyyə Komitəsinin "Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 29 oktyabr 1990-cı il tarixli qərarı ilə iddiaçı Əliyeva Zərifə Əli qızına fərdi ev tikmək uçun Binə qəsəbəsində 700 kv.m torpaq sahəsi ayrılmış, ümumi sahəsi 97 8 kv.m yaşayış sahəsi 54.7 kv.m olan təsdiq edilmiş 185-000-IIIc seriyalı layihə əsasında hündürlüyü 2.2 m kürsülü evin tikintisinin aparılması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 29.04.2024-cü il tarixli 1124056353 qeydiyyat nömrəli Çıxarışa əsəsən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m olan fərdi yaşayış evi və 0.0358 ha torpaq sahəsi və 26.04.2024-cü il tarixli 124056353 qeydiyyat nömrəli Çıxarışa əsəsən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cu Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsi iddiaçı Əliyeva Zərifə Əli qızının adına qeydiyyata alınmışdır və onun mülkiyyətindədir. Bəzi kommunal xidmətlər üzrə ödənişlərin, o cümlədən su, işıq, qaz, internet və sair xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı hər dəfə problemlər yarananda həmin məsələləri həll etməkdən ötrü cavabdeh (qardaşı) Əliyev Baxşeyiş Əli oğlu həmişə iddiaçı Əliyeva Zərifə Əli qızına müraciət edirmiş. İddiaçı da xəstə, həm də qadın xeylağı olduğuna görə hər dəfə həmin problemləri həll edərkən çox yorulduğuna görə onları cavabdeh Əliyev Baxşeyiş Əli oğlunun daha operativ həll edə biləcəyini zənn edərək bunu ona bildirdikdə, o, notariat kontoruna gedərək bununla bağlı ona etibarnamə verməyi məsləhət görmüşdür. Bu məqsədlə onlar 14.09.2024-cü il tarixdə birlikdə Bakı şəhəri 31 saylı notariat ofisinə getmiş, orada bir qədər gözlədikdən sonra iddiaçı müvafiq sənədləri imzalamağa dəvət edilmiş və iddiaçı heç nədən şübhələnmədən həmin sənədləri imzalamışdır. İddiaçı həmin vaxt eynəyini götürmədiyi üçün imzaladığı sənədləri oxuya bilməmiş, lakin notariat ofisinin xüsusi notariusuna etibarnaməni nə məqsədlə verdiyini qabaqcadan bildirdiyinə görə iddiaçının ağlına başqa şey gəlməmiş, o, etibarnamənin bir surətini qardaşından (cavabdehdən) istədikdə isə o, daha sonra etibarnamənin surətini verəcəyini deyərək onu sakitləşdirmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, qardaşı cavabdeh Əliyev Baxşeyiş Əli oğlu bir bacı olaraq onun sadəliyindən və xoş niyyətindən sui-istifadə edərək ona pis niyyət nümayiş etdirərək iddiaçının arzuladığı məzmunda deyil, tamam başqa məzmunda etibarnamə imzalatmışdır. İddiaçının qardaşı - cavabdeh Əliyev Baxşeyiş Əli oğlunun ssenarisi ilə: iddiaçı 14 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri 31 saylı notariat ofisində elektron qaydada rəsmiləşdirilmiş etibarnamələr ilə Dövlət Reyestrindən Çıxarış əsasında iddiaçıya məxsus olan həm Bak şəhəri Xəzər rayonu Binə qəsəbəsi – 8. 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən fərdi yaşayış evi və həmin ünvanda xüsusi mülkiyyətdə olan 0.0358 ha torpaq sahəsinin üzərində, həm də Bak şəhəri Xəzər rayonu Binə qəsəbəsi, 83-cü Binə kuçəsi 1-ci döngə, ev 8 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, üzərində məhdudiyyətin olmaması barədə forma 1 arayış almağı, qeydiyyatda olanlar barədə forma 2 arayışı almağı, iddiaçının adından sənədləri toplamağı, təqdim etməyi, almağı, onun adından ərizə verməyi alqı-satqı müqaviləsi bağlamağı, alqı-satqı üzrə iddiaçıya çatası pulu almağı, iddiaçının adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi cavabdeh Əliyev Baxşeyiş Əli oğluna etibar etmişdir. Qardaşı - cavabdeh Əliyev Baxşeyiş Əli oğlu 14 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri 31 saylı notariat ofisində elektron qaydada rəsmiləşdirilmiş etibarnamə əsasında iddiaçıya qarşı pis niyyətini həyata keçirərək iddiaçının əmlaklarını öz adına keçirib, sonra öz arvadı - cavabdeh Əliyeva Sevil Cümşüd qızına bağışlamış, o, da öz adına çıxarış əldə etdikdən sonra həmin əmlakları özgənikiləşdirmişdir. Belə ki, 03.10.2024-cü il tarixli daşınmaz əmlakın bağışlama müqavilələrinə əsasən Əliyev Baxşeyiş Əli oğlu (Əliyeva Zərifə Əli qızının əvəzinə) həm Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi 83-cu Binə kuçəsi, 1 –ci döngə, ev 8 ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m olan fərdi yaşayış evi və 0.0358 ha torpaq sahəsini, həm də Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsini arvadı (cavabdeh) Əliyeva Sevil Cümşüd qızına bağışlamışdır. Bir daha qeyd edir ki, o, (yəni iddiaçı) qardaşı (cavabdeh) Əliyev Baxşeyiş Əli oğluna həmin məqsədlər üçün etibarnamə verməmiş, niyyəti yalnız onun tərəfindən bəzi kommunal xidmətlər üzrə ödənişlərin, o cümlədən su, işıq, qaz, internet və sair xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı olmuşdur. Cavabdehlə notariat kontorunda olarkən aldadılmış və arzu etdiyi əqdi deyil, iradəsinin ifadəsini əks etdirməyən əqd bağlamışdır. Cavabdehlər pis niyyətlə onunla razılığa gəlmiş və nəticədə iddiaçı üçün son dərəcə əlverişsiz şərtlərlə sözügedən əqdi bağlamağa məcbur olmuşdur. Cavabdehin ona qarşı pis niyyətini həyata keçirməsindən xəbər tutan kimi 18 oktyabr 2024-cü il tarixdə o, Bakı şəhəri 31 saylı notariat ofisinə müraciət etmiş, orada 14 sentyabr 2024-cü il tarixli etibarnamələrə xitam verilmişdir. Cavabdehin onun iradəsinin ziddinə bağladığı həmin əqdlər iddiaçı Əliyeva Zərifə Əli qızını son dərəcə əlverişsiz vəziyyətə saldığına görə etibarsız hesab edilməlidir.

3. İddiaya qarşı cavabdehlər tərəfindən yazılı etiraz təqdim edilməmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2162/2025 saylı, 20.11.2025-ci il tarixli qərardadına əsasən, Vəliyeva Təranə Səfər qızı, Bakı şəhəri 31 saylı notariat ofisi, 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işdə iştiraka cəlb edilmişlər.

Proses iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva Zərifə Əli qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, izahatında həmçinin, 136 saylı orta məktəbdə müəllim işlədiyini, həmin vaxtdan bəri torpaq sahəsi ala bilmək üçün növbəyə durduğunu, ərinin 20 yanvar əlili olduğunu, onun daha sonra müharibədə şəhid olduğunu, İcraiyyə Komitəsi tərəfindən ona torpaq sahəsi verildiyini, həmin torpaq sahəsində iki mərtəbəli ev tikdirdiyini, torpaq sahəsinin əvvəlcə bir bütov olduğunu, ancaq sonradan onu 2 yerə ayırdığını, qaçqınlıq dövrü başlayanda atasının Qubadlıdan Bakıya köçməli olduğunu və ona evində qalmağı təklif etdiyini, atası razılaşdığı üçün evini yaşamaq üçün atasına verdiyini, sonradan qardaşının (cavabdehin) də ailəsi ilə birlikdə köçüb orda yaşadığını, 2 dəfə dövlətdən ev əldə etdiyini, ancaq qardaşının onu aldadaraq hər iki evi ələ keçirildiyini, özünün bir övladı ilə Əli İsazadə küçəsi, ev 4, mənzil 8 ünvanında qeydiyyatda olmaqla yaşadığını, cavabdehin (qardaşının) keçmiş polis işçisi olduğunu, vəzifəsindən istifadə edərək torpaq alıb sənədləşdirmək istədiyini, ancaq edə bilmədiyini qardaşının ona etibarnamə verməyi üçün çox müraciət etdiyini, lakin tərəddüd etdiyini, amma səhhətilə əlaqədar olaraq evin kommunal məsələlərində çətinlik çəkdiyinə görə qardaşına etibarnamə verdiyini, ancaq axşam qardaşıgilin evində onların həmin etibarnamədən başqa məqsədlə istifadə ediləcəyinin danışıldığını eşitdiyini, bu səbəbdən etibarnaməni ləğv etdirmək istədiyini, ona görə etibarnamənin verildiyi günün səhərisi notariat ofisinə getdiyini, lakin notariat ofisində etibarnamənin ləğv edilməsi üçün ondan etibarnamənin surətinin gətiriməsini tələb etdiklərini, cavabdehdən etibarnamənin surətini istəyəndə vermədiyini, qardaşının onu aldadacağını gözləmədiyini bildirmişdir. O izahatında qeyd etmişdir ki, bilmirdim ki, etibarnamə notariusda verilibsə özlərində etibarnamənin surəti var, heç etibarnamənin onlayn qaydada ləğv oluna bilməsi barədə də məlumatım yox idi. Etibarnaməni Binə qəsəbəsindəki notariat ofisində vermişəm, bağışlama 5 saylı Asan Xidmətdə, alqı-satqı isə 4 saylı Asan Xidmətdə baş tutub. Düşünürəm ki, notariat hərəkətlərinin bu şəkildə pərakəndə edilməsi planlı şəkildə olub. Əgər sadalanan bütün notariat hərəkətləri eyni notariat ofisində baş tutsaydı, notarius şübhələnərdi. O, suallara cavab olaraq da bildirmişdir ki, mübahisəli evdə daimi yaşamamış, ancaq gedib gəlmişdir, notariusda gözünün zəif gördüyünü bildirmiş, notariusda özləri də bunu görmüşdür, hüquqi biliyi olmadığı üçün xüsusi texniki vasitə tələb etməmiş, eynəyi yanında olmadığı üçün etibarnamənin məzmununu oxumamış, heç notaius da ona etibarnaməni oxumamış, sadəcə imza çəkməli olduğu yeri göstərmiş, evi yaşaması üçün atasına vermiş, sonradan qardaşı da o evdə yaşamış, kommunal ödənişləri əvvəllər özləri edirmiş, ona görə etibarnaməni də kommunalları onun adına keçirməsi üçün vermiş, 2 etibarnamə vermiş, birisi ev və onun torpağına, digəri isə yalnız torpaq sahəsinə dair.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva Zərifə Əli qızının vəkili və nümayəndəsi Nağıyeva Şəfiqə Abdulqədir qızı izahatında bildirmişdir ki, iddiaçı şəhid ailəsidir, torpaq sahəsi iddiaçıya İcraiyyə Komitəsi tərəfindən 1990-cı illərdə verilmişdir. Torpağın 300 kvadrat metrində ev tikilmiş, iddiaçı tərəfindən özəlləşdirilmişdir, əgər həmin ev cavabdehə aid idisə, iddiaçı tərəfindən özəlləşdirilən zaman cavabdeh harda idi. İddiaçının atası Qubadlı rayonundan qaçqın düşən zaman iddiaçı Zərifə atasına öz evində yaşamağı təklif etmişdir, atası da oğlunun, hazırki iş üzrə cavabdeh olan Başxeyişin kirayədə qalmasını istəməmiş, Zərifə də ona evində qalmağı təklif etmişdir. Atası vəfat etdikdən sonra qardaşı bu əməlləri törətmişdir. Belə ki, iddiaçı xəstədir, ayaqları ağrayır, həmçinin gözləri zəif görür, demək olar ki, görmür. Bu səbəbdən evin kommunal ödənişlərinin və torpağın vergisi ilə bağlı işlərinin qardaşı tərəfindən həll edilməsi üçün ona etibarnamə vermək üçün razılaşıblar, notariat ofisinə gediblər, iddiaçı kənarda gözləmiş, cavabdeh otağa keçərək notariusla nəsə danışmış, bundan sonra cavabdeh iddiaçıya etibarnaməni gətirib imzalatmışdır. İddiaçı hansı məzmunda etibarnamə imzaladığını bilməyib, o sadəcə kommunal məsələləri həll etmək üçün etibarnamə verdiyini düşünüb. Lakin onun əsil niyyətini bildikdən sonra həmin etibarnaməni ləğv etdirmək istəsə də, buna nail olmamışdır. Notariusda İbrahim adlı şəxs ona etibarnaməni ləğv etdirmək üçün etibarnaməni gətirməli olduğunu demiş, o da qardaşından etibarnaməni istəməsinə baxmayaraq qardaşı verməmişdir, onun da hüquqi savadı yoxdur. İddiaçı tərəfindən 2024cü ilin aprel ayında ev özəlləşdirilmişdir. 700 kvadrat metrlik torpaq sahəsinin 2 sotdan çox hissəsi qalmış, qalan hissəsində ev tikilmişdir. İddiaçı tərəfindən sentyabr ayında cavabdehə etibarnamə verilmiş və cavabdeh də oktyabr ayında evi arvadının adına bağışlama ilə keçirmişdir. Aldığım məlumata görə cavabdehlər tərəfindən mübahisəli əmlak satılmışdır. Əmlakın üzərinə məhkəmə qərarı əsasında həbs qoyulmuşdur, lakin 8 apreldə əmlak satılıb. Notarius həbsdə olan əmlakı necə sata bilərdi? Etibarnamədən 5 ay sonra əmlak satılıb, planlı olduğu məlumdur. Əgər iddiaçının həqiqətən də evi, torpağı bağışlamaq niyyəti olsaydı bunu birbaşa özü edərdi, dolayı yollara əl atmazdı. Etibarnamə evi satmaq üçün verilmişdisə, bəs onda niyə bağışlayırdı, ondan bağışlama etməsini istəyən olmamışdı ki, satırdısa da pulunu iddiaçıya verməli idi.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh Əliyev Baxşeyiş Əli oğlu izahatında iddia tələbinə etiraz edərək bildirmişdir ki, öz evimi bacıma (iddaçıya) vermişdim ki, qalsın orda, özüm isə kirayədə qalırdım. Mübahisəli evdə isə iş gedirdi, hasar çəkilmişdi, evi də təxminən 91-92-ci illərdə mən tikmişdim, həmin evə kommunal təchizatı da təmin etmişdim. Torpaq sahəsi sərəncamla iddiaçıya verilmişdi, kök sənəd onun idi, lakin orda yaşayan, evi tikən, kommunalları ödəyən mən idim. İddiaçı özü evi və torpağı satmaq istəyirdi, əmlakçılara satışa qoymuşdu, onun özü də internetdə şəkillərini paylaşmışdı ki, ev satılsın. Ev mənə aid idi, mən tikmişdim, iddiaçı isə satmağa kömək etmək üçün evin şəkillərini paylaşırdı. Sonra gördü ki, ev çıxarışsız satılmır, mənə dediki çıxarış alacaq, evi satmağa kömək edəcək. Sonra öz adına çıxarış aldı. O, mənə etibarnaməni evi və torpaqları satmaq üçün vermişdi, verəndə də dedi ki, evi tez bir zamanda onun adından çıxardım. Niyyəti də o idi ki, şəhid ailəsi adından istifadə edərək dövlətdən başqa nələrsə alsın, bu zaman adında əmlak görünməsin. Özü dedi ki, bu işlərlə məşğul olmağa vaxtı yoxdur, ona görə mənim etməyimi istəyirdi. Notariusa gedəndə də bilirdi nə üçün getdiyimizi. O, görmürəm deyir, ancaq yalan deyir, yaxşı görür, həm də notariusda eynəyini taxıb etibarnaməni oxumuşdu, notariusda şəklimizi də çəkmişdilər. Evi satmaq üçün elan verilmişdi, o, özü mənə deyirdi ki, evi onun adından tez çıxardım, ancaq satılması gec olacaqdı, mən də etibarnamə ilə öz adıma keçirə bilmirdim, ona görə bağışladım yoldaşıma ki, onun adından sataram. Sonradan bir nəfər gəldi, lakin həmin vaxt pulları yox idi, dedilər ki, öz evlərini satıb həmin pulla gəlib bu evi alacaqlar. Alıcını tanımırdım, maklerlər gətirmişdi, danışdıq, razılaşdıq, sonra da evlərini satıb gəlib aldılar. Qiyməti dəqiq xatırlamıram, təxminən 145-150 min manata satılmışdı. Əmlaklar satıldıqdan sonra Zərifəyə pul verilməmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Səfərzadə Kənan Muxtar oğlu iddia tələblərinə etiraz edərək, izahatında bildirmişdir ki, iddia tələbləri tamamilə qanunsuz və əsassızdır, notariat hərəkətləri notariusda, dövlət orqanında baş tutub. Cavabdehə etibarnamə verilmiş, o da etibarnamə əsasında bağışlama və alqısatqını həyata keçirmişdir. Notarial hərəkətlər tamamilə qanunauyğun şəkildə həyata keçirilmişdir. Ümumiyyətlə iddiaçının özünün də qeyd etdiyi kimi, o həmin evdə yaşamayıb, həmin ev 90-cı illərdən cavabdehlərin istifadəsində və sahibliyində olmuşdur. Sadəcə kök sənəd, sərəncam və çıxarış iddiaçının adına olub. Həmin evdə kommunallar, vergilər cavabdeh Sevil xanımın adına olub, ödənişlər də onun tərəfindən ödənilib, qəbzlər də təqdim olunub. Sadəcə etibarnamə verilmişdi ki, sənədləşmə işləri cavabdeh tərəfindən aparılsın. İddiaçı özü də dedi ki, 2 etibarnamə verib, həmin etibarnamələrdən birini kommunallara görə veribsə, bəs boş torpaq sahəsinə aid digər etibarnaməni nə üçün verib. Göründüyü kimi ev bağışlandıqdan 2 ay sonra satılıb, həmin vaxt ərzində evə bir çox alıcı baxmağa gəlsə də, hər kəs evin çıxarışı olmadığına görə almaq istəmirdi. Bu səbəbdən etibarnamə verilmişdi ki, evə çıxarış alınsın və satışı həyata keçirilsin. Alqısatqıdan əldə edilən pul iddiaçıya verilməyib, çünki ev Sevilə bağışlanmışdı və onun xüsusi mülkiyyətinə keçmişdi. Evi Sevil satıb və pulu da onun olub. Göründüyü kimi iddia tələbi tamamilə əsassızdır, ona görə təmin edilməməlidir.

9. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vəliyeva Təranə Səfər qızı iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, əvvəl Bakıxanov qəsəbəsində yaşamış, 40 ildir orada qalmış, anası vəfat etdikdən sonra qohumlarına daha yaxın qalmaq üçün öz evini satıb Binə qəsəbəsinə köçməyi qərara almış, Binə qəsəbəsində makler vasitəsilə köhnə bir ev tapmış, evə baxmış, maddi imkanlarına uyğun olduğu üçün danışıb razılaşmışlar ki, evini satıb gəlib bu evi alsın, martın 18-i tarixində öz evini satıb bu evi və torpağı almışlar. Alqı-satqı Bakıxanovda yerləşən 4 saylı Asan Xidmət mərkəzində həyata keçirilmiş, evi Sevildən almış, həmin zaman Baxşeyiş də orada olmuşdur. Onları əvvəldən tanımamış, onlarla hər hansı münasibətləri olmamışdır. Evi 150.000 (bir yüz əlli min) manat almışlar. Alqı-satqıda hər hansı problem yaranmamış, evin üzərində həbs olması barədə də onlara heç bir məlumat verilməmişdir. Mart ayından bəri həmin evdə yaşayırlar. Evin 2-ci mərtəbəsi yaşayış üçün əlverişli deyil, evin birinci mərtəbəsində qalırlar. Bundan 2-3 ay sonra qardaşının gəlib onlara evlə bağlı nəsə problem olduğunu dediyini, o vaxta kimi isə nə iddiaçı, nə də başqa şəxslər tərəfindən torpaq və evlə bağlı problemin olması barədə onlara müraciət edilmədiyini və məlumat verilmədiyini, özlərinin dövlət orqanlarının sənədlərinə güvənərək qanuni şəkildə alqı-satqı etdiklərini, heç bir günahları olmadığı halda indi onların evdən çıxarılmalarının tələb edilməsinin qanunsuz olduğunu bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10.AZ-IV seriyalı, 971837 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva Zərifə Əli qızı 17 sentyabr 1963-cü il tarixdə anadan olmuş, atası Əliyev Əli Baxşalı oğlu, anası Həsənova Fatma Rüstəm qızıdır. (iş v. 110)

11. ИЖ seriyalı 322507 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Əliyev Baxşeyiş Əli oğlu 1948-ci il tarixdə anadan olmuş, atası Əliyev Əli Baxşalı oğlu, anası Həsənova Fatma Rüstəm qızıdır. (iş v. 111) 12.II-ЖГ seriyalı 251080 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Əliyev Baxşeyiş Əli oğlu ilə Qurbanova Sevil Cümşüd qızı arasında 16.04.1978-cı il tarixində Bakı şəhəri Səadət Sarayında 1076 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. (iş v. 112) 13.Əzizbəyov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1990-cı il tarixli, 19/1806 №-li qərarının surətindən görünür ki, Binə qəsəbəsi, Zevin küçəsi, 37 №-li evdə 37 №-li mənzildə yaşayan, 136 №-li məktəbdə müəllimə işləyən, ailə tərkibi 1 nəfərdən ibarət, mənzil növbəsinə durmayan, lakin ev şəraitini yaxşılaşdırmaq üçün bütün əsasları olan Əliyeva Zərifə Əli qızına Binə qəsəbəsi №-li sahədə fərdi ev tikmək üçün 700 kv.m torpaq sahəsinin ayrılması, ümumi sahəsi 97.8 kv.m, yaşayış sahəsi 54.7 kv.m olan təsdiq edilmiş 185-000-IIIc seriyalı layihə əsasında hündürlüyü 2.2 m kürsülü evin tikintisinin aparılması qərara alınmışdır. (iş v. 34, 161) 14.Əzizbəyov rayon XDS İK-nın 19/806 saylı 29.10.1990-cı il tarixli qərarı ilə Binə qəsəbəsində vətəndaş Əliyeva Zərifə Əli qızına ayrılmış torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, Əliyeva Zərifə Əli qızının mövcud torpaq sahəsinin ümumi ölçüsü faktiki olaraq 600 kv.m təşkil edir (koordinatları: X 422912.14 Y 4478843.03). (iş v. 22, 159) 15.Xəzər Rayon İcra Hakimiyyətinə Əliyeva Zərifə Əli qızı tərəfindən ünvanlanmış 02.08.2023-cü il tarixli ərizədən görünür ki, Əliyeva Zərifə Əli qızı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən, sahəsi 350 m2, hündürlüyü 5.6 m, mərtəbəliliyi 2 olan fərdi yaşayış evini inşa etdiyini bildirərək, nəzərə alınmasını xahiş etmişdir. (iş v. 157) 16.31.07.2023-cü il tarixli “Memarlıq və planlaşdırma həlli”ndən görünür ki, Əliyeva Zərifə Əli qızının sifarişi əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən Əliyeva Zərifə Əli qızına məxsus fərdi yaşayış evinin mövcud vəziyyətə layihəsi Max Consulting tərəfindən hazırlanaraq təsdiq edilmişdir. (iş v. 163-174) 17.25.08.2023-cü il qeydiyyat tarixli, 1123126523 qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən ümum sahəsi 300.1 kv.m. fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Əliyeva Zərifə Əli qızının adına dövlət qeydiyyatına alınmışdır. (iş v. 147-156) 18.26.04.2024-cü il tarixli, 1124056353 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən ölçüsü 0.0242 ha olan torpaq sahəsi Əliyeva Zərifə Əli qızının adına dövlət qeydiyyatına alınmışdır. (iş v. 20, 100) 19.29.04.2024-cü il qeydiyyat tarixli, 1124056347 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m fərdi yaşayış evi və 0.0358 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Əliyeva Zərifə Əli qızının adına dövlət qeydiyyatına alınmışdır. (iş v. 19, 123) 20.Etibarnamənin surətindən görünür ki, Əliyeva Zərifə Əli qızı tərəfindən 14.09.2024cü il tarixdə 1 il 6 ay müddətinə (14.03.2026-cı il tarixədək) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsi üzərindəki hüquqları (torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, adından sənədləri toplamağı, təqdim etməyi və sair) Əliyev Baxşeyiş Əli oğluna etibar etmişdir. (iş v. 24, 106) 21.Etibarnamənin surətindən görünür ki, Əliyeva Zərifə Əli qızı tərəfindən 14.09.2024cü il tarixdə 1 il 6 ay müddətinə (14.03.2026-cı il tarixədək) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən fərdi yaşayış evi və həmin ünvanda xüsusi mülkiyyətdə olan 0.0358 ha torpaq sahəsi üzərindəki hüquqları (torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, adından sənədləri toplamağı, təqdim etməyi və sair) Əliyev Baxşeyiş Əli oğluna etibar etmişdir. (iş v. 25, 130) 22.03.10.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, hədiyyə verən Əliyeva Zərifə Əli qızı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsini tam hissədə Əliyeva Sevil Cümşüd qızının (hədiyyə alan) mülkiyyətinə vermişdir. Müqaviləni hədiyyə verən Əliyeva Zərifə Əli qızının adından etibarnamə üzrə nümayəndəsi (cavabdeh) Əliyev Baxşeyiş Əli oğlu imzalamışdır. (iş v. 27, 99) 23.03.10.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, hədiyyə verən Əliyeva Zərifə Əli qızı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən, ümumi sahəsi 300.1 kv/m olan fərdi yaşayış evini və 0.0358 ha olan torpaq sahəsini tam hissədə Əliyeva Sevil Cümşüd qızının (hədiyyə alan) mülkiyyətinə verir. Müqaviləni hədiyyə verən Əliyeva Zərifə Əli qızının adından etibarnamə üzrə nümayəndəsi (cavabdeh) Əliyev Baxşeyiş Əli oğlu imzalamışdır. (iş v. 37, 121) 24.18.03.2025-ci il tarixli, AN-I № 1364223 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı Əliyeva Sevil Cümşüd qızı ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 07.10.2024-cü il tarixli, 1124150352 qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü binə küçəsi, 1-ci döngə, 8A ünvanında yerləşən ümumi sahəsi 0.0242 ha olan torpaq sahəsini tam hissədə alıcı Vəliyeva Təranə Səfər qızına satır, alıcı isə həmin daşınmaz əmlaka görə 20000 (iyirmi min) manat məbləğində pulu satıcıya verir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 18.03.2025-ci il tarixli arayışa əsasən müqavilə bağlanandək həmin torpaq sahəsi həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Alqı-satqı üzrə daşınmaz əmlaka görə satıcıdan cəmi 145.20 AZN sadələşdirilmiş vergi məbləği tutulmuşdur. (iş v. 230) 25.18.03.2025-ci il tarixli, AN-I № 1364224 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı Əliyeva Sevil Cümşüd qızı ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 07.10.2024-cü il tarixli, 1124150399 qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü binə küçəsi, 1-ci döngə, 8 ünvanında yerləşən ümumi sahəsi 300.1 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.0358 ha olan torpaq sahəsini tam hissədə alıcı Vəliyeva Təranə Səfər qızına satır, alıcı isə həmin daşınmaz əmlaka görə 130.000 (bir yüz otuz min) manat (evə görə 100.000 mant, torpağa görə 30.000 manat) məbləğində pulu satıcıya verir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 18.03.2025-ci il tarixli arayışa əsasən müqavilə bağlanandək həmin tfərdi yaşayış evi və torpaq sahəsi həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Alqı-satqı üzrə daşınmaz əmlaka görə satıcıdan cəmi 5076.60 AZN (evə görə 4861.80 AZN, torpağa görə 214.80 AZN) sadələşdirilmiş vergi məbləği tutulmuşdur. (iş v. 231) 26.08.04.2025-cü il qeydiyyat tarixli, 1125050724 qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8B ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Vəliyeva Təranə Səfər qızının adına dövlət qeydiyyatına alınmışdır. (iş v. 143) 27.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 10.09.2025-ci il tarixli, 3-21-3-30/2-41980/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanı 08.04.2025-ci il tarixdə Vəliyeva Təranə Səfər qızının adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. (iş v. 140) 28.Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16(003)-51/2025 saylı 17.03.2025-ci il tarixli qərardadından görünür ki, 26.04.2022-ci il tarixində verilmiş, 003013059410 reyestr nömrəli 1124056353 qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən ümumi sahəsi 0.0242 ha olan torpaq sahəsi və 29.04.2024-cü il tarixdə verilmiş, 003013059428-10301 reyestr nömrəli, 1124056347 qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m olan fərdi yaşayış evinin həmin fərdi ayşayış evinin yerləşdiyi 0.0358 ha torpaq sahəsinin özgənikiləşdirilməsinin Əliyev Baxşeyiş Əli oğluna, Əliyeva Sevil Cümşüd qızına və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. (iş v. 223-227) 29.Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 01.04.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, icra məmuru Abbasov Mübariz Süleyman oğlu tərəfindən 01.04.2025-ci il tarixində Xəzər Rayon Məhkəməsinin 16(003)-51/2025-002 nömrəli, 17.03.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. (iş v. 228-229) 30.Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05.05.2025-ci il tarixli,1113 nömrəli arayışından görünür ki, Əliyeva Süvil Cümşüd qızı Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, döngə 1, ev 10 ünvanında evin alqı-satqı dövrünə qədər qeydiyyatsız yaşamışdır. (iş v. 61) 31.15.04.2020-ci il tarixli, 03-1069 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, Azəriqaz” İB ilə istehlakçı Əliyeva Sevil Cümşüd qızı arasında bağlanmış Xəzər rayonu, Binə qəsəbəsində istehlakçı kimi Əliyeva Sevil Cümşüd qızı həmin müqaviləni imzalamışdır. (iş v. 63-66) 32.10.03.2021-ci il tarixli abonent saldosundan çıxarışdan görünür ki, abonent Əliyeva Sevil Cümşüd qızının adına 100317700700190 abonent kodu olan sayğac Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2 №-li sahə, ev 7, mənzil 19 ünvanında quraşdırılmışdır. (iş v. 68) 33.22.04.2025-ci il tarixli abonent kartından çıxarışdan görünür ki, su xidmətləri ilə əlaqədar olaraq Əliyeva Sevil Cümşüd qızı ilə 02.03.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi ev-9/2m ünvanına müqavilə üzrə müvafiq xidmətlər göstərilmişdir. (iş v. 70) 34.“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin abunə haqqında çıxaırşından görünür ki, abonent Əliyeva Sevil Cümşüd qızının abonent kodu 030501300050062 olmaqla, müvafiq sayğac quraşdırılan ünvan Xəzər rayonu, Binə qəsəbəsi, Təzə sahə, ev (bina) 0005, Mənzil 0062-dir. (iş v. 72-82) 35.112 saylı Mənzil Kommunal İstismar sahəsinin 15.04.2025-ci il tarixli 67 nömrəli arayışından görünür ki, Əliyeva Zərifə Əli qızı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 4 mənzil 8 ünvanında qeydiyyatdadır. (iş v. 16) 36.112 saylı Mənzil Kommunal İstismar sahəsinin 15.04.2025-ci il tarixli 66 nömrəli arayışından görünür ki, Əliyev Bəxşeyiş Əli oğlu arvadı Əliyeva Sevil Cümşüd qızı ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 4 mənzil 8 ünvanında qeydiyyatdadır. (iş v. 17)

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının: 37.13 və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 38.26 və 60-cı maddələrinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”): 39.16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 40.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 41.139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 42.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 43.141.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 44.141.2-ci maddəsinə əsasən, bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 45.144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. 46.146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 47.146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 48.148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 49.149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 50.178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 51.203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 52.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 53.324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 54.331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 55.334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 56.337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 57.337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 58.337.4-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 59.337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 60.340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 61.354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 62.359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə ... əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 63.359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. 64.362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 65.390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 66.560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 67.646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 68.666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:

69. 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 70.16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

71. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, MM-in 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. MM-in 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. MM-in 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. MM-in 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. MM-in 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

72. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadında qeyd edilir ki, əqdə əsaslanan mübahisələrə baxılarkən işin düzgün həlli üçün ilk növbədə tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir.

Məhkəmənin mövqeyi:

73. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

74. Qeyd olunmalıdır ki, hüquqi qiymətləndirmə prosesi, ilk növbədə, iddia tələbinə uyğun gələn maddi hüquq normasının müəyyən edilməsindən və iş üzrə sübut edilmiş faktiki halların həmin normanın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin hüquqi əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin hüquqi əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

75. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdehlər yaxın qohumdur, belə ki, cavabdehlərdən Əliyev Baxşeyiş Əli oğlu iddiaçının qardaşı, Əliyeva Sevil Cümşud qızı isə onun (cavabdehin) arvadıdır. (§ 10-12) Onların hər üçü eyni ünvanda (Binə qəsəbəsi, Ə.İsazadə, ev 4, mənzil 8-də) daimi qeydiyyatdadır. (§ 35-36) Mübahisə obyekti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən torpaq sahəsi iddiaçı Əliyeva Zərifə Əli qızına Əzizbəyov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 29.10.1990-cı il tarixli qərarı ilə fərdi ev tikmək uçun ayrılmışdır. (§ 13-14) Həmin torpaq sahəsi üzərində 2 mərtəbəli fərdi yaşayış evi tikilmişdir. (§ 15-16) Mübahisəli daşınmaz əmlak əvvəlcə 300.1 kv.m. fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi olaraq vahid əmlak kimi (§ 17), daha sonra isə 300.10 kv.m fərdi yaşayış evi ilə 0.0358 ha torpaq sahəsi bir, 0.0242 ha torpaq sahəsi isə ayrı daşınmaz əmlak kimi iddiaçı Əliyeva Zərifə Əli qızının adına ayrı-ayrılıqda dövlət qeydiyyatına alınmış və müvafiq olaraq dövlət reyestrindən çıxarışlar verilmişdır. (§ 18-19) Hər iki daşınmaz əmlaka dair 14.09.2024-cü il tarixində iddiaçı tərəfindən cavabdeh Əliyev Baxşeyış Əli oğluna onları özgəninkiləşdirmək hüququnu da ehtiva edən iki ayrı etibarnamə verilmişdir. (§ 20-21) Cavabdeh Əliyev Baxşeyiş Əli oğlu 03.10.2024-cü il tarixində həmin etibarnamələr əsasında iddiaçı Əliyeva Zərifə Əli qızının adından çıxış edərək daşınmaz əmlakın bağışlanması müqavilələri bağlayaraq hər iki daşınmaz əmlakı digər cavabdeh (arvadı) Əliyeva Sevil Cümşüd qızına bağışlamaqla onun mülkiyyətinə vermişdir. (§ 22-23) Bundan sonra cavabdeh Əliyeva Sevil Cümşüd qızı da öz növbəsində 18.03.2025-ci il tarixində daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlayaraq hər iki daşınmaz əmlakı Vəliyeva Təranə Səfər qızına satmaqla onun mülkiyyətinə vermişdir. (§ 24-25) Həmin daşınmaz əmlak 08.04.2025-cü il tarixində xüsusi mülkiyyət hüququ ilə Vəliyeva Təranə Səfər qızının adına vahid əmlak (ümumi sahəsi 300.10 kv.m fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi) kimi dövlət qeydiyyatına alınmış və hazırda da onun mülkiyyətindədir. (§ 26-27)

76. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı ona məxsus daşınmaz əmlaka dair cavabdehə (qardaşına) əmlakın özgəninkiləşdirilməsi hüququ verən etibarnamələri aldadılması nəticəsində verdiyini, əslində məqsədinin sadəcə kommunal xidmətlərə görə xərclərin ödənilməsini nəzərdə tutan etibarnamə vermək olduğunu, yaxşı görmədiyi və eynəyini də götürmədiyi üçün etibarnamələri oxumadığını və notarius tərəfindən də izah olunmadığını, ona görə məzmununu bilmədən etibarnamələri imzaladığını, etibarnamələrin surətinin ona verilmədiyini, aldadıldığını anladıqdan dərhal sonra (etibarnamənin verildiyi günün səhərisi) notariusa gedib etibarnaməni ləğv etmək istədiyini, ancaq notariusun ondan etibarnamənin əslini istədiyi, o isə hüquqlarını bilmədiyi üçün etibarnaməni ləğv etdirə bilmədiyini, daha sonra qardaşının (cavabdehin) ona qarşı pis niyyətini həyata keçirərək həmin etibarnamələr əsasında onun evini və torpağını öz arvadına (digər cavabdehə) bağışladığını və digər cavabdeh də öz adına çıxarış əldə etdikdən sonra həmin əmlakları başqa şəxsə sadığını, nəticədə özünün aldadılaraq arzu etdiyi əqdi deyil, iradəsinin ifadəsini əks etdirməyən başqa əqd bağladığını bildirərək cavabdehin onun iradəsinin ziddinə bağladığı həmin əqdlər nəticədə iddiaçını son dərəcə əlverişsiz vəziyyətə saldığına görə həm bağışlama müqavilələrinin, həm də alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və verilmiş Çıxarışların ləğv edilməsini istəyir. (§ 2, 5-6) Cavabdehlər isə iddiaya qarşı etiraz edərək, torpaq iddiaçıya aid olsa da evi özlərinin tikdiyini, evin onlara məxsus olduğunu, uzun illər orda yaşadıqlarını, kommunal xərcləri və vergiləri ödədiklərini, iddiaçının özünün evi və torpağı satmaq istədiyini, məqsədinin şəhid adından istifadə edib dövlətdən əlavə əmlak almaq olduğunu, iddiaçının özünün də əmlak vasitəçilərinə müraciət etdiyini, internetdə elan verdiyini, evin şəkillərini paylaşdığını, ancaq həmin vaxt ərzində evə bir çox alıcı baxmağa gəlsə də, evin çıxarışı olmadığına görə heç kəsin evi almaq istəmədiyini, ona görə iddiaçının öz adına çıxarış aldığını, etibarnaməni də cavabdehə məhz evi və torpaqları satmaq üçün verdiyini, etibarnamə verərkən iddiaçının ona bu işlə məşğul olmağa vaxtı olmadığı üçün sənədləşmə işləri etməyi cavabdehdən istədiyini, iddiaçının notariusa gedəndə də nə üçün getdiyini bildiyini, etibarnaməni oxuyaraq imzaladığını, evi və torpağı satmaq üçün elan verildiyini, iddiaçının özünün evin onun adından tez vaxtda çıxarılmasını istədiyini, ancaq satışın uzun sürdüyü və cavabdehin də etibarnamə ilə öz adına keçirə bilməsi mümkün olmadığı üçün sonradan onun adından satmaq məqsədilə əmlakı əvvəlcə arvadına (digər cavabdehə) bağışladığını, sonra da onun adından satıldığını, alıcını əvvəldən tanımadığını, evin təxminən 145-150 min manata satıldığını, satışdan əldə edilmiş puldan isə iddiaçıya heç bir məbləğ verilmədiyini, ev və torpağın cavabdeh Sevil Əliyevaya bağışlandıqdan sonra onun xüsusi mülkiyyətinə keçdiyini, evi onun satdığını, ona görə pulun da iddiaçıya deyil, Sevilə çatmalı olduğunu, bütün notariat hərəkətlərinin qanunauyğun şəkildə həyata keçirildiyini, ona görə iddia tələbi əsassız olduğundan təmin edilməməli olduğunu bildirirlər. (§ 7-8)

77. Məhkəmə qeyd edir ki, məhkəmə icraatında olan hər bir idda tələbi üzrə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmaması araşdırılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmənin ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib, subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.”

78. İş materiallarından göründüyü kimi, etibarsız sayılması istənilən bağışlama və alqısatqı müqavilələrin və ləğv olunması istənilən Çıxarış(lar)ın aid olduğu daşınmaz əmlak (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi) iddiaçı Əliyeva Zərifə Əli qızının adına dövlət qeydiyyatına alınmaqla xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. (§ 13-19). İddiaçı hər nə qədər mübahisələndirilən alqı-satqı müqavilələrinin tərəfi olmasa da, həmin alqı-satqı müqavilələrinin tərəfi olan cavabdehə mübahisələndirilən daşınmaz əmlak etibarnamə ilə onun adından bağışlanmışdır. Mülki Məcəlləyə əsasən, bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bğladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. (MM mad. 359.1.) Hazırda iddianın predmeti həm də iddiaçının mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan və mübahisələndirilən həm bağışlama, həm də alqı-satqı müqavilələri və eləcə də Çıxarış bu hüququn realizəsinə mane olmaqla onun qanuni mənafeyinə toxunduğundan məhkəmə hesab edir ki, öz qanuni maraqlarını müdafiə etmək üçün iddiaçının hazırki tələblərlə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. 79.Hazırda tərəflər arasında mübahisə üç tələblə bağlıdır: birincisi, daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsızlığı; ikincisi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığı; üçüncüsü, daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt sayılan dövlət reyestrindən çıxarışın ləğv edilməsi. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı, müqavilələr və başqa əqdlərdən, habelə qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlir. Ona görə birinci və ikinci tələbə müqavilə öhdəliklərindən əmələ gələn hüquq münasibətlərini tənzimləyən normalar, üçüncü tələbə isə əşya hüquq münasibətlərini tənzimləyən normalar çərçivəsində hüquqi qiymət verilməlidir. 80.Bununla yanaşı, məhkəmə qeyd edir ki, hər nə qədər iddia ərizəsinin xahiş (tələb) hissəsində etibarnamələrin etibarsızlığı tələbi qeyd olunmasa da, mübahisələndirilən bağışlama müqavilələrinin etibarnamə əsasında bağlandığını nəzərə alaraq, habelə iddiaçı həm iddia ərizəsinin əsaslandırıcı hissəsində, həm də izahatlarında etibarnamələri aldadılma nəticəsində verdiyini və həmin etibarnamələr əsasında bağışlama müqavilələri bağlanıldığını iddia etdiyi üçün məhkəmə əvvəlcə həmin etibarnamələrin hüquqi qüvvəsinə qiymət verilməsini zəruri hesab edir. iddiada etibarnamələrin etibarsız sayılması barədə müstəqil tələbin irəli sürülməməsinə baxmayaraq, bağışlama müqavilələri məhz həmin sənədlər əsasında bağlanmışdır. İddiaçının etibarnamələrin aldadılma nəticəsində verilməsinə dair əsaslandırmasını və bu sənədlərin müqavilələrin hüquqi təməli olduğunu nəzərə alaraq, məhkəmə mübahisənin həlli üçün ilkin şərt kimi həmin etibarnamələrin hüquqi qüvvəsinə qiymət verilməsini zəruri hesab edir. Çünki, həm Konstitusiya Məhkəməsinin, həm də Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq işin düzgün həlli üçün ilk növbədə tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması məhkəmə tərəfindən mütləq araşdırılmalıdır. Ona görə də əvvəlcə, mübahisələndirilən bağışlama müqavilələrin əsasında duran etibarnamələrin (əqdin) mövcudluq və etibarlılıq şərtlərinə uyğunluq məsələsinə qiymət verilməlidir. (§ 70, 71) 81.Hazırki etibarnamələri yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müəyyən olunur ki, həmin etibarnamələr (əqd) forma və məzmun etibarı ilə qanunvericiliyin tələblərinə uyğun tərtib və təsdiq edilmişdir. (§ 45, 51-54). Bununla belə, iddiaçı həmin etibarnamələri cavabdeh (qardaşı) tərəfindən aldadılması nəticəsində verdiyini, əqdin onun həqiqi iradəsinə uyğun olmadığını bildirir. 82.Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. (“B.Qasımovun şikayəti üzrə” 9 dekabr 2019-cu il tarixli Qərar). 83.Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Məhkəmə qeyd edir ki, yazılı və notariat qaydasında təsdiq edilmiş əqdlərə münasibətdə həqiqilik prezumpsiyası tətbiq olunur. Bu prinsipə əsasən, əqd tərəflərin iradə ifadəsinin dürüst əksini tapdığı rəsmi sənəd hesab edilir və tərəflərin həqiqi iradəsinin məhz müqavilənin mətnində təsbit olunmuş şərtlərdən ibarət olduğu qəbul edilir. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla həm orada təsbit olunmuş şərtlərin öz həqiqi iradələrinə uyğunluğunu, həm də müqavilənin notariat qaydasında təsdiqi zamanı notarius tərəfindən sənədin məzmununun onlara izah edildiyi faktını qəbul etmiş sayılırlar. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlandığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. 84.O da nəzərə alınmalıdır ki, iddia edilən etibarsızlıq hallarını sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşür. İddiaçı məhkəməyə 14.09.2024-cü il tarixli etibarnamələrin verilməsi zamanı aldatma halının olması ilə əlaqədar ümumi məlumatlar bildirsə də, konkret olaraq həmin halları təsdiqləyən mötəbər və mümkün sübutlar təqdim edə bilməmişdir. Əksinə, məhkəmə iclasında etibarnamələrin (əqdin) qanunda nəzərdə tutulmuş qaydalara riayət edilərək verilməsi müəyyən edilmişdir. İddiaçının etibarnamələri cavabdehin onun adından kommunal xidmətlərə görə ödənişləri həyata keçirməsi məqsədi ilə vermək istədiyi barədə dəlilinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, mübahisələndirilən daşınmaz əmlaka dair kommunal xidmətlərin (qaz, elektik, su) göstərilməsi ilə əlaqədar müqavilə və sayğaclar iddiaçının deyil, əvvəldən cavabdeh Sevil Əliyevanın adına olmuşdur və kommunal xidmətlərə görə ödənişlərin həyata keçirilməsi üçün ümumiyyətlə etibarnaməyə ehtiyac olmamışdır. (§ 31-34) Digər tərəfdən, etibarnamələrin qısa müddətə (1 il 6 ay) verilməsi də onun məhz kommunal xidmətlərin ödənilməsi ilə bağlı verilməsi ehtimalını təkzib edir. Beləliklə, iddiaçı etibarnamələrin aldatma yolu ilə verilməsini (əqdin bağlanmasının) təsdiq edən hər hansı şübhədənkənar, təkzibedilməz, mümkün və mötəbər sübut təqdim etməmiş və məhkəmə araşdırması ilə də həmin etibarnamələrin (əqdlərin) etibarsızılığına səbəb olacaq hallar müəyyən edilməmişdir. 85.Məhkəmə birinci iddia tələbinə, yəni daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız olub-olmamasına münasibətdə qeyd edir ki, həmin bağşılama müqavilələri maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edildikdə müəyyən olunur ki, həmin müqavilələr etibarsızdır (əhəmiyyətsizdir). 86.Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamına yönəldilmiş iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) ... zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM mad. 324, 404.1, 404.2.) Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (MM mad. 337) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirak etməsi; onların arasında iradə ifadəsinin bildirilməsi və onların vahidliyinin mövcud olması; əqdin formasının və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu şərtləri pozmaqla bağlanılmış əqd etibarsızdır. (“Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli, “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli, “Mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli və s. Qərarları). 87.Etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyinə görə etibarsızlığın da növləri fərqləndirilir: 1. əhəmiyyətsiz əqdlər; 2. mübahisə edilən əqdlər; 3. müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; 4. məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, əhəmiyyətsiz əqdlər qanunvericiliyin məcburi (imperativ) göstərişlərinə zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. (“MM-nin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı) 88.Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin də etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluq (vahidlik) olmadığı hallarda iradə ifadəsi zədələnmiş olur. 89.Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də, görüntüdə bağlanan əqd tərəflərin üçüncü şəxslərdə hüquqauyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Tərəflərin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya məhkəməsi vurğulayır ki, o da xüsusilə qeyd edilməlidir ki, üçüncü şəxslərin dairəsi konkret şəxslərlə məhdudlaşmayaraq buraya əqdi təsdiqləyən notariusun da aid edilməsi istisna edilməməlidir. Belə ki, görüntüdə bağlanan əqd tərəflərin bütövlükdə istənilən cəmiyyət üzvündə həmin əqdin bağlanmasına dair yanlış təəssürat yaratmaq məqsədi ilə bağlanır və bu müxtəlif səbəblərdən (məsələn, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulan notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqlardan yayınma, qarşı tərəfin razılaşma şərtlərinə, işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan inam və s.) irəli gələ bilər. (“AR Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 20 iyun 2025-ci il tarixli Qərar.) Qeyd edilən hüquqi mövqeyə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd uydurma əqd olmaqla əhəmiyyətsizdir.Uydurma əqd halında ümumilikdə hüquq sisteminə zidd davranış olaraq ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün əqdin bağlanması çıxış edir ki, bu da publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Bu səbəbdən uydurma əqdin əhəmiyyətsiz əqd olaraq qanunvericiliklə etibarsız əqdlər üçün müəyyən edilmiş nəticələrdən başqa hər hansı hüquqi nəticələr yaratması mülki qanunvericiliklə qadağan edilmişdir.

90. Məhkəmə qanunvericilik normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin işin faktiki hallarına tətbiqi baxımından qeyd edir ki, hazırki bağışlama müqavilələri iddiaçının adından etibarnamə əsasında cavabdeh Əliyev Baxşeyiş Əli oğlu ilə onun arvadı (digər cavabdeh) Əliyeva Sevil Cümşüd qızı arasında bağlanılmışdır. İddiaçı ona istinad edir ki, ona məxsus olmuş daşınmaz əmlakın cavabdeh Əliyeva Sevil Cümşüd qızına bağışlanması ilə bağlı onun ümumiyyətlə nə iradəsi, nə də belə bir iradə ifadəsi olmuş, cavabdeh (qardaşı) onu aldatmışdır. Cavabdehlər isə etirazında iddiaçının özünün evi və torpağı satmaq istədiyini, məqsədinin şəhid adından istifadə edib dövlətdən əlavə əmlak almaq olduğunu, iddiaçının özünün əmlak vasitəçilərinə müraciət etdiyini, internetdə elan verdiyini, evin şəkillərini paylaşdığını, ancaq həmin vaxt ərzində bir çox alıcı baxmağa gəlsə də, çıxarış olmadığına görə heç kəsin evi almaq istəmədiyini, ona görə iddiaçının çıxarış aldığını, etibarnamələri də cavabdehə məhz evi və torpağı satmaq üçün verdiyini, iddiaçının ona bu işlə məşğul olmağa vaxtı olmadığı üçün sənədləşmə işləri etməyi cavabdehdən istədiyini, evi və torpağı satmaq üçün elan verildiyini, iddiaçının özünün evin onun adından tez vaxtda çıxarılmasını istədiyini, ancaq satışın uzun sürdüyü və cavabdehin də etibarnamə ilə öz adına keçirə bilməsi mümkün olmadığı üçün sonradan satmaq məqsədilə əmlakı əvvəlcə arvadına (digər cavabdehə) bağışladığını, sonra da onun adından təxminən 145-150 min manata satıldığını, satışdan əldə edilmiş pulun isə iddiaçıya verilmədiyini, ev və torpağın cavabdeh Sevil Əliyevaya bağışlandıqdan sonra onun xüsusi mülkiyyətinə keçdiyi üçün satışdan əldə edilən pulun da iddiaçıya deyil, cavabdeh Sevil Əliyevaya çatmalı olduğunu bildirirlər. (§ 7-8)

91. Qeyd olunduğu kimi, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İddiaçının isə ona məxsus olmuş daşınmaz əmlakın cavabdehə bağışlanması ilə bağlı iradəsi mövcud olmamışdır və bu barədə bağışlama müqaviləsinin hər iki tərəfi (həm hədiyyə verən, həm də hədiyyə alan) məlumatlı olmuşdur. Başqa sözlə, hər nə qədər hazrıki bağışlama müqavilələri səlahiyyətli subyektlər arasında, qanunvericiliyin müəyyən etdiyi forma və məzmun tələblərinə uyğun bağlanılsa da, o digər etibarlılıq şərtinə, yəni iradə və onun ifadəsi arasında vahidliyin mövcudluğuna cavab vermir. Qanunvericiliyin tələbinə görə iradə ifadəsinin təfsiri zamanı məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır və bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Cavabdehlərin izahatından göründüyü kimi, iddiaçı tərəfindən müvafiq etibarnamələr cavabdehə məhz həmin daşınmaz əmlakın satılması üçün verilmişdir, lakin cavabdehin həmin etibarnamələr əsasında daşınmaz əmlakı iddiaçının adından əvvəlcə öz arvadına (digər cavabdehə) bağışlayaraq, sonradan onun (arvadının) adından satması, əslində tərəflərin həqiqi iradəsini əks etdirmədiyindən, onların bağışlama müqavilələrini yalnız görünüş üçün, yəni bağşılamaya uyğun hüquqi nəticələr yaratmaq məqsədilə deyil, bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağlandığını təsdiq edir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarında qeyd edildiyi kimi, yanlış təəssürat yaratmaq istənilən üçüncü şəxslərin dairəsi ilə konkret şəxslərlə məhdudlaşmayaraq, buraya bütövlükdə istənilən cəmiyyət üzvü, hətta əqdi təsdiqləyən notarius da aid edilməlidir. Ona görə məhkəmə hesab edir ki, daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız, başqa sözlə uydurma əqddir (əhəmiyyətsizdir).

92. Məhkəmə cavabdehlərin kommunal xidmətlərlə bağlı müqavilələrin, abonent hesabların, sayğacların cavabdeh Sevil Əliyevanın adına olması, kommunal xidmət haqqlarının və vergilərin onlar tərəfindən ödənilməsi, hətta mübahisəli evin faktiki olaraq cavabdehlərin vəsaiti hesabına tikilməsi, onların uzun illər həmin evdə yaşaması cavabdehlər arasında bağlanılmış bağışlama müqavilələrinin etibarlı olmasına əsas olan hal kimi qiymətləndirilə bilməz və bütün bunlar sadəcə xərc çəkmiş şəxsə qanunvericiliyə uyğun şərtlər olduğu təqdirdə çəkilmiş xərclərin qarşı tərəfdən tələb edilməsi hüququ verə bilər.

93. Beləliklə, məhkəmə birinci iddia tələbinə münasibətdə belə qənaətə gəlir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü binə küçəsi, 1-ci döngə ev 8 ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m olan fərdi yaşayış evinin və 0.0358 ha torpaq səhəsinə dair 03.10.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, 63-cü Binə küçəsi, 1-ci döngə ev 8 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsinə dair 03.10.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsızdır (əhəmiyyətsizdir).

94. İkinci tələbə, yəni daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız sayılmasına münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Daşınmaz əşya üzərində mülkiyyət hüququna dair dövlət reyestrindəki rəsmi qeydiyyat xeyrinə qeydiyyat aparılmış şəxsin həmin daşınmaz əşyanın sahibi olduğuna dair qanuni ehtimal və əsas verir (Mülki Məcəllənin 166.3-cü maddəsi). Yəni o şəxslər daşınmaz əşyanın sahibi hesab olunur ki, həmin şəxslərin xeyrinə dövlət reyestrində müvafiq qeydiyyat vardır. (Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə” 10 mart 2020-ci il tarixli Qərarı)

95. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 18 iyul 2018-ci il tarixli Qərarı).

96. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulmasına səbəb olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli Qərarı).

97. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).

98. İş materiallarından görünür ki, Sevil Əliyeva ilə Təranə Vəliyeva arasında alqısatqı müqavilələri bağlanılan zaman ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 07.10.2024-cü il tarixli, 1124150352 qeydiyyat nömrəli və 07.10.2024cü il tarixli, 1124150399 qeydiyyat nömrəli çıxarışa əsasən satılan daşınmaz əmlaka mülkiyyət hüququ satıcı S.Əliyevaya məxsus olmuş, müqavilələr bağlanandək həmin daşınmaz əmlak həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamış və həmin daşınmaz əmlaka dair alqı-satqı müqavilələri məhz dövlət tərəfindən verilmiş bu çıxarışlara etimad və güvən əsasında bağlanmışdır. (§ 24-25) Habelə tərəflər həmin müqavilələri əqdin forması və məzmunu ilə bağlı qanunvericiliyin imperativ tələblərinə uyğun bağlamış və müqavilə üzrə öhdəliklər də tam icra olunmuşdur (satış predmeti olan daşınmaz əmlak alıcının mülkiyyətinə verilmiş, alıcı isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir). Bütün bunlar mübahisələndirilən alqı-satqı müqavilələrinin qanunvericiliyin müəyyən etdiyi imperativ tələblərə, müqavilənin mövcudluq və etibarlılıq şərtlərinə uyğun bağlanıldığını təsdiq edir.

99. Daşınmaz əmlakı əldə etmiş üçüncü şəxs Vəliyeva Təranə Səfər qızının vicdanlı əldə edən olmadığını təsdiq edən hal isə müəyyən edilmir. Əksinə məhkəmə icraatına məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vəliyeva Təranə Səfər qızı izahatında tərəfləri əvvəldən tanımadığını, onlarla hər hansı əlaqəsinin, münasibətinin olmadığını, həyət evində yaşamaq istədiklərini, ona görə çoxmərtəbəli binadakı evlərini satdığını, maddi imkanlarına uyğun ev axtardıqlarını, bunun üçün maklerlə əlaqə saxladığını, həmin torpağın və evin alqı-satqısı ilə bağlı internet saytında elanı gördüklərini, telefonla danışıb əmlak vasitəçisi ilə görüşdüklərini, onunla birlikdə evə gedib baxdıqlarını, evin hər hansı probleminin olması ilə bağlı onlara heç bir məlumat verilmədiyini, evin yalnız birinci mərtəbəsinin yaşayış üçün orta şəraitli olduğunu, ikinci mərtəbəsinin isə ümumiyyətlə yaşayış üçün əlverişli olmadığını, maddi imkanlarına uyğun olduğu üçün həmin torpaq sahələrinin və evin alınmasına razılaşdıqlarını, evin yiyəsi olan Sevil Əliyeva ilə notariat ofisinə gedib alqı-satqı müqaviləsi bağladıqlarını, daha sonra evi öz vəsaitləri hesabına təmir edib köçüb yaşadıqlarını, yalnız 2 ay sonra qardaşının gəlib evlə bağlı nəsə problem olduğunu onlara dediyini, o vaxta kimi isə nə iddiaçı Zərifə Əliyeva, nə də başqa şəxslər tərəfindən torpaq və evlə bağlı problemin olması barədə onlara müraciət edilmədiyini və məlumat verilmədiyini, özlərinin dövlət orqanlarının sənədlərinə güvənərək qanuni şəkildə alqı-satqı etdiklərini, heç bir günahları olmadığı halda indi onların evdən çıxarılmalarının tələb edilməsinin qanunsuz olduğunu bildirmişdir. İddiaçı da həmin üçüncü şəxsi tanımadığını, onunla əvvəllər görüşmədiyini, ona əmlakla bağlı problem olduğu barədə məlumat vermədiyini etiraf etsə də, alıcının alqısatqıdan 2 ay sonra qardaşı vasitəsilə məlumat əldə etməsini əsas gətirərək onun məlumatlı olduğuna istinad etmişdir. Halbuki, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanarkən və hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınaraq şəxsin mülkiyyətinə keçən anda üçüncü şəxsin vicdanlı olması faktı əhəmiyyət kəsb edir və həmin şəxsin hər hansı problemin olması barədə sonradan məlumat əldə etməsi onun vicdanlı olmasını aradan qaldıran hal hesab edilə bilməz. Digər tərəfdən iddiaçı tərəfin daşınmaz əmlak üzərində məhkəmə qərarı ilə həbs qoyulduğu halda onun üçüncü şəxsə satılmasının qanunsuz olduğu barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə Xəzər Rayon Məhkəməsinin qərardadı (icra sənədi) üzrə icraata 01.04.2025-ci il tarixində başlanılmışdır. (§ 26-27) Alqı-satqı müqaviləsi isə 18.03.2025-ci il tarixində bağlanmışdır. Yəni daşınmaz əmlakın üzərində yüklülüyün olmaması barədə arayış verilərkən, alqı-satqı müqaviləsi bağlanarkən və üçüncü şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən daşınmaz əmlakın dövlət reyestrində mübahisəli əmlak üzərində həbs qeydi mövcud olmamışdır. Belə olan halda üçüncü şəxsin həmin müvəqqəti təminat tədbirinin olmasından məlumatlı olması mümkün deyildi. Ona görə bu hal da üçüncü şəxsin vicdanlı olmasını aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Habelə cavabdehlər də həmin üçüncü şəxsi (alıcını) əvvəldən tanımadıqlarını, onun problemləri barəsində məlumatlı olmadığını təsdiq etmişlər. Beləliklə, hazırda daşınmaz əmlakın mülkiyyətçisi olan üçüncü şəxs Vəliyeva Təranə Səfər qızının müqavilələr bağlanarkən və əmlakı əldə edərkən vicdanlı olmamasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması ilə də belə hal müəyyən edilməmişdir. Məhkəmə sübuta yetirilməyən halı isə mövcud olmayan kimi qiymətləndirməlidir. Belə olan halda, həmin üçüncü şəxs vicdanlı sayılmalı və vicdanlılıqdan irəli gələrək onun Konstitusiya və qanunvericiliklə təminat verilən mülkiyyət hüququ qorunmalıdır. Beləliklə, mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarsızlığına səbəb olacaq hər hansı hal müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, Əliyeva Sevil Cümşüd qızı ilə Vəliyeva Təranə Səfər qızı arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Ona görə həmin hissədə iddia tələbi təmin edilməməlidir.

100. Üçüncü tələbə (Çıxarışların ləğv edilməsinə) münasibətdə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, DƏDRXin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış daşınmaz əmlakın qeydiyyatını əks etdirən sənəd hesab edilir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi aktdır, hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci və İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarı.) Göründüyü kimi, Çıxarış daşınmaz əmlakın dövlət qeydiyyatını əks etdirən bir hüquqi sənəd olduğundan onun ləğv edilə bilməsi üçün ilk növbədə onun əsasında dayanan hüquqi faktın özünə, yəni mülkiyyət hüququnun yaranmasına və bu hüququn qeydiyyatının qanuniliyinə qiymət verilməlidir.

101. Qanunvericilikdə daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının üç qaydası nəzərdə tutulmuşdur: verilmə yolu ilə; yeni yaranmış əmlakın qeydiyyatı ilə; əldə etmə müddəti ilə. Hazırki iş üzrə mülkiyyət hüququnun yaranması əsası kimi “verilmə yolu”, yəni alqı-satqı müqaviləsi çıxış edir. Qeyd edilməlidir ki, verilmə bir şəxsin (alanın) mülkiyyət hüququnun yaranmasına səbəb olarkən, eyni zamanda digər şəxsin (verənin) mülkiyyət hüququnun xitam olunmasına (nisbi xitam) səbəb olur. Belə ki, Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Verilmə yolu ilə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə yaranır. (MM mad. 178.1.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinin tələbinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Ona görə verilmənin qanuni sayılması və əsaslı hüquqi nəticə yarada bilməsi üçün onun qanunvericiliyin müəyyən etdiyi qaydlara və tələblərə uyğun şəkildə həyata keçirilməsi zəruridir.

102. Məhkəmə qanunvericilik normalarının tələbinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin işin faktiki hallarına tətbiqi baxımından qeyd edir ki, iddiaçı ərizəsində (tələbində) Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 29.04.2024-cü il tarixli 1124056353 qeydiyyat nömrəli Çıxarışın və 26.04.2024-cü il tarixli 1124056353 qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçının ləğv edilməsini istədiyi hər iki Çıxarış elə iddiaçının özünün mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair onun adına verilmiş çıxarışlardır. (§ 18- 19) Əvvəla, həmin çıxarışların qüvvəsinə sonradan müvafiq əmlaka dair başqa şəxsin adına verilmiş çıxarışlar əsasında artıq xitam verilmişdir. Qüvvədə olmayan çıxarışın ləğv edilməsi üçün isə hüquqi əsas yoxdur. Digər tərəfdən də, iddiaçının öz adına olan çıxarışların ləğv edilməsi üçün hər hansı hüquqi marağı yoxdur. İddiaçının hüquqi marağı ona məxsus olmuş daşınmaz əmlakın bağışlanması və daha sonra alqı-satqısı müqavilələrinin etibarsız sayılması və bunun nəticəsində həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməklə daşınmaz əmlakın onun mülkiyyətinə qaytarılmasıdır. Bununla yanaşı qeyd edilməlidir ki, bağışlama müqavilələri əsasında cavabdeh Sevil Əliyevanın adına rəsmiləşdirilmiş çıxarışlara, həmin daşınmaz əmlakın sonradan üçüncü şəxs Təranə Vəliyevaya satılması və onun adına yeni mülkiyyət hüququnun qeydiyyata alınması səbəbindən hüquqi qüvvəsinə xitam verilmişdir. Hazırda mübahisələndirilən daşınmaz əmlaka dair qüvvədə olan çıxarış üçüncü şəxs Vəliyeva Təranə Səfər qızının adına verilmiş 08.04.2025-cü il qeydiyyat tarixli, 1125050724 qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdır. (§ 26) Həmin çıxarışın ləğv edilməsi üçün isə hüquqi əsas yoxdur. Çünki işin hallarında göründüyü kimi, üçüncü şəxsin mülkiyyət hüququnun yaranmasının və bu hüququn dövlət qeydiyyatına alınmasının əsasını daşınmaz əmlakın alqı-satqı müqavilələri təşkil etmişdir. Həmin alqı-satqı müqavilələrinin isə, artıq qeyd olunduğu kimi, etibarsız sayılması üçün əsas yoxdur, yəni etibarlıdır. Etibarlı alqı-satqı müqavilələri əsasında aparılmış üçüncü şəxsin mülkiyyət hüququnun dövət qeydiyyatı qanuni olduğundan, bu qeydiyyata əsasən verilmiş çıxarış da qanunidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi çıxarışların ləğv edilməsi hissəsində təmin edilməməlidir.

103. Bununla yanaşı məhkəmə qeyd edir ki, daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız olduğundan, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq məhkəmə tərəfindən həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir.

104. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisə olunan daşınmaz əmlak bağışlanıldıqdan sonra, alqı-satqı müqavilələri əsasında üçüncü şəxsə özgəninkiləşdirilmiş və mülkiyyət hüququ ilə həmin şəxsin adına dövlət qeydiyyatına alınmışdır. Bağlanmış alqı-satqı müqavilələri isə etibarsız hesab edilmədiyi və üçüncü şəxsin adına verilmiş çıxarış ləğv edilmədiyi üçün hazırda etibarsız olan bağışlama müqavilələri çərçivəsində cavabdeh Sevil Əliyevanın mülkiyyətinə verilmiş daşınmaz əmlakın naturada geri qaytarılması mümkün deyildir. Qaunvericilikdə daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızılığının başqa nəticələri nəzərdə tutulmadığı üçün də qanunvericiliyin tələbinə uyğun olaraq daşınmaz əmlakın dəyəri pulla ödənilməlidir.

105. Həm işdə iştirak edən şəxslərin izahatları, həm də iş materiallarında olan alqısatqı müqavilələri ilə (§ 24-25) müəyyən edilir ki, alqı-satqı müqavilələri üzrə cavabdeh (satıcı) Sevil Əliyevaya mübahisə edilən daşınmaz əmlakın dəyəri kimi ümumi sahəsi 0.0242 ha olan torpaq sahəsinə görə 20.000 AZN, ümumi sahəsi 0.0358 ha olan torpaq sahəsinə görə 30.000 AZN və ümumi sahəsi 300.1 kv.m olan fərdi yaşayış evinə görə 100.000 AZN olmaqla, ümumilikdə 150.000 (bir yüz əlli min manat) məbləğində pul ödənilmişdir. Həmin məbləğdən müvafiq olaraq 145,2 AZN, 214,8 AZN və 4861,8 AZN olmaqla, ümumlikdə 5221,8 AZN (beş min iki yüz iyirmi bir manat səksən qəpik) sadələşdirilmiş vergi məbləği cavabdehdən (satıcıdan) tutulmuşdur. Nəticədə cavabdeh Əliyeva Sevil Cümşüd qızı iddiaçıya məxsus daşınmaz əmlakın dəyəri kimi (150.000- 5221,8) 144.778,2 AZN məbləğində pul vəsaitini əldə etmişdir. Ona görə məhkəmə hesab edir ki, restitusiya tətbiq olunmaqla 144.778,2 AZN (bir yüz qırx dörd min yeddi yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaiti cavabdeh Əliyeva Sevil Cümşüd qızından tutularaq iddiaçı Əliyeva Zərifə Əli qızına ödənilməlidir.

106. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

107. Məhkəmə qeyd edir ki, idia ərizəsinin verilməsinə görə ödənilməli olan, lakin ödənilməmiş dövlət rüsumunun məbləği cavabdehdən tutulmalıdır. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, iddiaçı Əliyeva Zərifə Əli qızı şəhid ailəsidir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci maddəsinə əsasən isə şəhid ailələləri məhkəmədə verilən iddia ərizəsinə görə dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki-Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən və hazırkı qiymətləndirilməyən iddia tələbi üzrə iddia ərizəsinin verilməsinə görə qanunvericiliklə 100 AZN məbləğində dövlət rüsumu müəyyən edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilməmiş 100 manat dövlət rüsumunun məbləği cavabdehlər Əliyev Baxşeyiş Əli oğlu və Əliyeva Sevil Cümşüd qızından müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.

108. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, 8 nömrəli ünvanda yerləşən 0,0242 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən 300.1 kv.m. fərdi yaşayış evi və 0,0.0358 ha torpaq sahəsinə dair Əliyeva Zərifə Əli qızı ilə Əliyeva Sevil Cümşüd qızı arasında bağlanmış 03 oktyabr 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız (əhəmiyyətsiz) hesab edilməli, bunun nəticəsində restitusiya tətbiq olunmaqla, daşınmaz əmlakın dəyəri kimi 144.778,2 AZN (bir yüz qırx dörd min yeddi yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaiti cavabdeh Əliyeva Sevil Cümşüd qızından tutularaq iddiaçı Əliyeva Zərifə Əli qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Habelə, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 100 AZN (bir yüz manat) dövlət rüsumunun məbləği cavabdehlər Əliyev Baxşeyiş Əli oğlu və Əliyeva Sevil Cümşüd qızından müştərək qaqydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, 8 nömrəli ünvanda yerləşən 0,0242 ha torpaq sahəsinə dair Əliyeva Zərifə Əli qızı ilə Əliyeva Sevil Cümşüd qızı arasında bağlanılmış və 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Xudiyev Pərvin Etibar oğlu tərəfindən təsdiq edilmiş 03 oktyabr 2024-cü il tarixli, 4Ə-2027 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız (əhəmiyyətsiz) hesab edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 83-cü Binə küçəsi, 1-ci döngə, ev 8 ünvanında yerləşən 300.1 kv.m. fərdi yaşayış evi və 0,0358 ha torpaq sahəsinə dair Əliyeva Zərifə Əli qızı ilə Əliyeva Sevil Cümşüd qızı arasında bağlanılmış və 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Xudiyev Pərvin Etibar oğlu tərəfindən təsdiq edilmiş 03 oktyabr 2024-cü il tarixli, 4Ə-2029 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız (əhəmiyyətsiz) hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız olduğundan, restitusiya tətbiq edilməklə daşınmaz əmlakın dəyəri kimi 144.778,2 AZN (bir yüz qırx dörd min yeddi yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaiti cavabdeh Əliyeva Sevil Cümşüd qızından tutularaq iddiaçı Əliyeva Zərifə Əli qızına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 100 AZN (bir yüz manat) dövlət rüsumunun məbləği cavabdehlər Əliyev Baxşeyiş Əli oğlu və Əliyeva Sevil Cümşüd qızından müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar