Məhkəmə qərarları › İş №2(003)-2186/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2186/2025

21.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2186/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh İstehsalah birliyinə qarşı aktların və borcların etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh İstehsalah birliyinə qarşı aktların və borcların etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə barəsində tərtib edilmiş aktların, borcların etibarsız hesab edilməsi, həmin aktlar əsasında hesablanmış borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. İddia ərizəsində isə iddiaçı, borcların etibarsız hesab edilməsi və silinməsi (borc məbləğini dəqiq göstərməməklə) barədə qeyri-müəyyən tələblə məhkəməyə müraciət etməklə Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələblərinə də riayət etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin iddia tələbinin tərtib edilmiş aktların etibarsız hesab edilməsi hissəsində qeyd olunur ki, bu aktlar abonentlə bağlı hər hansı yeni hüquqi status yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə tərtib edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozulması anlamına gəlmir. Ona görə də belə olan halda aktların özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Bu aktlar müvafiq əlavə sərfiyyatın hesablanmasıının qanuni olub-olmaması baxımından sübut kimi qiymətləndirilə bilər. Bu səbəbdən iddia tələbinin həmin hissəsinə məhkəmədə baxılmalı deyil əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi tərtib edilmiş aktların etibarsız hesab edilməsi hissəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, borcun silinməsi hissəsində geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh İstehsalah birliyinə qarşı aktların və borcların etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi tərtib edilmiş aktların etibarsız hesab edilməsi hissəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsi borcların etibarsız hesab edilməsi və silinməsi hissəsində geri qaytarılsın. İddiaçıya həmçinin izah edilsin ki, iddia tələbinin borcun silinməsinə dair qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra bu hissədə ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar