Məhkəmə qərarları › İş №2(003)-2189/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2189/2023

04.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2189/2023 04.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 286742 saylı akt üzrə ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanına (abonent kodu **********00000) hesablanmış 294 manat məbləğində borcun silinməsinə və həmin aktın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Araz küçəsi, (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ev 9A onun mülkiyyətindədir və həmin ünvan üzrə "xxxx" ASC-nın **********00000 saylı kodu ilə abonentiçidir. Həmin ev 2022-ci il tarixdən alqı-satıqı müqaviləsinə əsasən onun mülkiyyətindədir. Qeyd etmək istəyir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evində heç bir yaşayış yoxdur. Belə ki, yaşayışa yararsız olduğundan uçuq sökük tikilini təmir etdirir. Hal-hazırda evdə təmir işləri gedir. Evi aldıqdan sonra təmir işləri getdiyi zaman sayğacda plombun olmadığını gördüyündən bu barədə "xxxx" ASC-yə müraciət etmişdir ki, sayğaca baxış keçirib plombu bərpa etsinlər. Onu da qeyd edir ki, sayğacda olan bu qüsur tərəfindən aşkar olunan kimi "xxxx" ASC-yə dərhal müraciət edərək məlumat vermişdir. Daha sonra 27 fevral 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən evdə olan elektrik sayğacına baxış keçirilmiş, tərtib edilmiş (AKT NDM) No 286742) nömrəli akt ilə qeyd edilmişdir ki, “elektrik sayğacının dövlət möhürü karroziya nəticəsində qırılmışdır. Alt qapaq möhürü naməlum səbəbdən qırılmışdır. Belə ki, həmin akt əsasında 294 manat cərimə edilmişdir. Həmin akt əsasında ona yazılmış cərimə tam olaraq əsassızdır. Çünki onun sayğacına kənar müdaxilə mümkün deyildir. Buna görə də o, "xxxx" ASC-yə şifahi müraciət edərək həmin cərimənin ləğv edilməsini (silinməsini) xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, əsassız və qanunsuz olaraq akt tərtib olunmuşdur. Ondan öncəki istifadəçi tərəfindən sərf edilmiş elektrik enerji üçün borcu da o ödəmişdir. "xxxx" ASC-nin baş idarəsinə gedərək şikayətini bildirsələr də heç bir nəticəsi olmamış, hətta əksinə kobud rəftarla qaşılaşmışlar. Bu onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını qanunsuz olaraq məhdudlaşdırılmasıdır. Borcu araşdırdıqda müəyyən etmişdir ki, həmin 294 manat hesablanmışdır. Belə hesablanma ilə o razı ola bilmir. "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən qanunsuz onun üzərinə yüksək məbləğdə cərimə yazılmışdır. Hesab edir ki, üzərinə qoyulmuş borc əsassızdır. Ona görə də məhkəməyə müraciət edir. "xxxx" ASC-nin irəli sürdüyü səbəblər bəhanədir və qeyd edilənlərə görə qanunsuz və əsassızdır: A) sayğaca kənar müdaxilənin olub-olmamasından xəbərsiz olmuş, həmçinin qeyd edilən səbəbdən onun həmin sayğacı qorumağı da fiziki cəhətdən qeyri-mümkün olmuşdur. B) Əgər sayğaca kənar müdaxilə olubsa, möhürü qırılıbsa, bu vizual olaraq müşahidə edilə bilər və akt elə yerində, qonşuların iştirakı ilə tərtib edilib, yerində də foto və video çəkiliş aparıla bilərdi. Bununla da onu deməyə imkan verir ki, sayğacda ya hər hansı problem olmamış, ya da sayğac onun təqsiri olmadan nasaz olmuşdur. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanına (abonent kodu **********00000) hesablanmış 290,36 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, sayğaca müdaxilə edilərək alt qapaq hissəsi qırılmışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin bildirmişdir ki, yeni sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -AN-İ seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X2, X5 və X4 paylı mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışlar. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, yeni qaydalarla : Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəriman Əliyev küçəsi, 212 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. -xx.xx.2023-cü il tarixli, R 286742 nömrəli aktın surətindən görünür ki, iddiaçının ünvanına quraşdırılmış sayğaca baxış keçirilmiş və yoxlama zamanı məlum olmuşdur ki, abonentə məxsus sayğacın dövlət möhürü karroziya nəticəsində qırılmışdır. Alt qapaq möhürü naməlum səbəbdən qırılmışdır. Sayğacdan axan yük ampermaşa vasitəsilə ölçülmüşdür. - "xxxx" ASC-nin Akt komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, yuxarıda qeyd olunan akt əsasında cəmi 290,36 manat dəymiş ziyan hesablanmışdır. -iddiaçının ünvanına aid **********00000 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışın bağlanan aktlar bölməsindən görünür ki, həmin abonent hesabına xx.xx.2023-cü il tarixdə R 286742 nömrəli akt əsasında cəmi 290,36 manat məbləğində pul hesablanmışdır. Həmçinin həmin çıxarışdan görünür ki, iddiaçının ünvanında olan sayğac xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəzlənmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qaydaların 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.17-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş aktın olmasını və həmin akt əsasında iddiaçının abunə hesabına borcun yazılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı (istehlakçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərindən görünür ki, elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalı, sayğaca müdaxilə, elektrik şəbəkəsinə qanunsuz qoşulma halları aşkar edildikdə enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının iştirakı ilə akt tərtib edilməli və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalı, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunmalıdır. Həmçinin hesablaşma elektrik sayğacının zədələnməsi laboratoriya şəraitində araşdırılmalı, bu zaman enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılmalı və ikitərəfli aktla sənədləşdirilməlidir. İstehlakçı, araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Həmçinin həmin qaydalara əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı, sayğacın yerləşdiyi evi xx.xx.2022-ci il tarixdə almışdır. İddiaçının ünvanına quraşdırılmış sayğacın dövlət möhürünün karroziya nəticəsində qırılması, alt qapağının möhürünün naməlum səbəbdən qırılması səbəbindən xx.xx.2023-cü il tarixli, R 286742 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında iddiaçının ünvanın abonent hesabına 290,36 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, R 286742 nömrəli akt əsasında iddiaçıya aid yaşayış evinin abonent hesabına 290,36 manat borcun hesablanması əsassız olmuşdur. Belə ki, iddiaçının ünvanında olan və baxış keçirilmiş sayğac müvafiq qaydada laboratoriya şəraitində yoxlanılmadan ona müdaxilə edilməsi və məhz müdaxilə nəticəsində zərərin dəyməsi müəyyən edilmədən sayğacın dövlət möhürünün karroziya nəticəsində qırılması, alt qapağının möhürünün naməlum səbəbdən qırılması səbəbindən tərtib edilmiş akt əsasında dəymiş zərər hesablanmışdır. Baxmayaraq ki, iddiaçının ünvanına aid abunə haqqında çıxarışdan görünür ki, iddiaçı tərəfindən sayğacın yerləşdiyi ev əldə edildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə kimi, eyni zamanda zərərlə bağlı aktın tərtib edildiyi tarix də daxil olmaqla sayğacın yenisi ilə əvəz edildiyi tarixədək, yəni xx.xx.2023-cü il tarixədək 5 ay ərzində hər ay sayğac tərəfindən istifadə edilmiş elektrik enerjisinin həcmi qeydə alınmışdır. Həmçinin məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının yaşayış evinin abonent hesabına borcun hesablanmasına əsas olmuş akt üzrə müəyyən edilmiş hallarla bağlı istehlakçının (iddiaçının) təqsirinin olması müəyyən edilmir. Belə ki, sayğacın dövlət möhürünün karroziya nəticəsində qırılması, alt qapağının möhürünün naməlum səbəbdən qırılması halları ilə sayğaca müdaxilə edilməsi və bu müdaxilənin sayğac tərəfindən istifadə olunan elektrik enerjisinin qeydə alınmaması üçün törədilməsi kimi qəbul edilməsinə əsas verən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, işin müəyyən olunmuş halları ilə sayğac tərəfindən istifadə olunan elektrik enerjisinin qeydə alınmaması halı müəyyən olunmur. Odur ki məhkəmə hesab edir, akt əsasında iddiaçıya məxsus yaşayış evinin abonent hesabına 290,36 manat pulun hesablanması da əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb olunan 294 manat məbləğində deyil, xx.xx.2023-cü il tarixli R 286742 nömrəli akt əsasında hesablanmış 290,36 manat məbləğində pul silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat rüsum ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus yaşayış evinin **********00000 nömrəli abonent hesabına xx.xx.2023-cü il tarixli, R 286742 nömrəli akt əsasında hesablanmış 290,36 manat məbləğində borc silinməli və "xxxx" ASC-dən 30 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus yaşayış evinin **********00000 nömrəli abonent hesabına xx.xx.2023cü il tarixli, R 286742 nömrəli akt əsasında hesablanmış 290,36 manat məbləğində borc silinsin. "xxxx" ASC-dən 30 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar