Məhkəmə qərarları › İş №2(003)-223/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-223/2024

07.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-223/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana Cavabdeh tərəfindən ona (abonent kodu: **********00240) əsassız hesablanmış 12905,0 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il tarixdə Cavabdeh tərəfindən ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilməklə ona cərimə yazılmışdır. Qeyd etmişdir ki, o, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Bununla bağlı müvafiq olaraq Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, onun tərəfindən kənar xətt çəkilərək qaz sayğacına müdaxilə edilmiş və ona 12905,0 manat cərimə yazılmışdır. Halbuki, iddiaçı heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona aktlar üzrə hesablanmış 13739,0 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan və “Gasrep” proqram təminatından çıxarışdan görünür ki, verilən qaz xətti üzrə **********00240 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2018-ci ilin fevral ayında 1707,8 manat, 2022-ci ilin yanvar ayında 8229,6 manat, 2022-ci ilin dekabr ayında 2073,6 manat, 2023-cü ilin mart ayında 1036,8 manat və 2023-cü ilin iyul ayında 691,2 manat olmaqla, ümumilikdə 5 akt əsasında 13739,0 manat zərər hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli akta əsasən və ******* saylı xx.xx.2022-ci il tarixli akta əsasən abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, görəcəyi işlər barədə 31 mart 2023-cü il, 31 yanvar 2022-ci il tarixli və 30 dekabr 2022-ci il tarixli tələbnamələrindən görünür ki, istehlakçıya məxsus ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və müvafiq olaraq 11340,0 ((8640 m3 +17280 m3 +68580 m3 ) x 0,12 manat = 11340,0) manat zərər hesablanmışdır. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyinin Bakı X3 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2023-cü il tarixli AKX-05613xx/xx-2023 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş materiallarında olan “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” xx.xx.2023-cü il tarixli aktın sürətindən görünür ki, tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacı **********00240 sayla qeydiyyata alınmış abonent kodu ilə abonent İddiaçı aiddir. Məhkəmə iddia tələbin üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə əlavə olaraq iddia tələbinin ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli aktlar üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimetməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazpaylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Müxtəlif vaxtlarda cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi əsası ilə aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 13739,0 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla hesablanmış borcun silinməsini tələb edir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilmiş aktlar heç bir hüquqi nəticə doğurmayaraq iddiaçı tərəfindən mübahisələndirilməsə də belə, hər bir halda iddiaçının silinməsini tələb etdiyi borc cavabdehin tərtib etdiyi aktların yaratdığı hüquqi nəticədir. Ona görə də bu hal cavabdeh tərəfindən sübut edilməli olan haldır. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş 5 aktdan yalnız 3 akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin 3 akt iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, abonentin saldosundan görünür ki, iddiaçıya 2018-2023-cü il tarixlərdə 5 müxtəlif akt üzrə ümumilikdə 13739,0 manat borc hesablanmış, həmin borcdan 11340,0 manatı iş materiallarında olan 3 akt üzrə hesablandığı qeyd edilsə də, geriyə qalan 2399,0 manat borca dair heç bir sənəd və sübut təqdim edilməmiş və borcun hansı qaydada və əsasla hesablanması da cavabdeh tərəfindən göstərilə bilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, abonentin saldosunda akt üzrə hesablanmış borcu sübut edəcək müvafiq aktlar ( 2018-ci ilin fevral ayı və 2023-cü ilin iyul ayı) istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar (xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli) tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməklə iddiaçıya (abonent kodu: **********00240 olan) hesablanmış 13739,0 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 100000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 131,22 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Təzə sahə ev 1, 24 saylı mənzilə məxsus abonent kodu **********00240 (İddiaçı) olan sayğaca hesablanmış 13739,0 manat məbləğində borc silinsin. Cavabdehndən 131,22 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar