Məhkəmə qərarları › İş №2(003)-224/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-224/2024

29.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-224/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evinə hesablanmış 32870,28 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi ev onlara məxsusdur. Ailələri ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayırlar. Bu ünvana cavabdeh təşkilat tərəfindən qazın alqı-satqısına dair müqavilə əsasında məişət qazı verilmişdir. Evdə ailəsi ilə birlikdə yaşamış və həmin qaz cihazlarından istifadə etmişlər. Cavabdeh təşkilatla bağladığı müqavilə əsasında qazdan istifadə edir. Cavabdeh təşkilat xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə aktlar tərib etmiş və aktda qeyd edilir ki, guya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiklərinə görə onların 32870,28 borcları vardır. O, borcu əsassız hesab edir və bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır. Eləcə də qeyd edir ki, hal-hazıra kimi onlardan əsassız olaraq borca görə tutmalar davam etdirilir. Onun abonent kodu (**********10000)-dır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında həmçinin bildirdi ki, iş üzrə keçirilmiş yerli baxış zamanı Cavabdeh əməkdaşı aktlarda olan imzanın ona məxsus olmamasını bildirmiş, həmçinin iş üzrə verilmiş ekspertiza rəyinə əsasən əlavə xəttin olmasını müəyyən edilməmişdir. Bu hallar iddianın əsaslı olduğuna dəlalət edir. İddiaçının bildirdiyinə görə istifadə edilmiş qaza görə dəyəri ödənilmiş, silinməsi tələb olunan borc məbləği aktlar əsasında hesablanmış borcdan ibarətdir. Aktların tərtib edildiyi ünvanda əsasən yaşayış olmamış, iddiaçının oğlu həmin ünvana gedib-gəlir. Evdə dördgöz qaz peçi və iran sobası vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Tehran Hacıyev iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, tərtib edilmiş aktlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçı tərəfindən qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçının adına olan abonent saldosundan (abonent kodu **********10000) görünür ki, iddiaçının abonent hesabına aktlar əsasında 2010-cu ilin noyabr ayında 62,50 manat, 2012-ci ilin fevral ayında 309,60 manat, 2014-cü ilin aprel ayında 172,80 manat, 2018-ci ilin dekabr ayında 1214,40 manat, 2019-cu ilin mart ayında 1680 manat, dekabr ayında 3717,10 manat, 2020-ci ilin fevral ayında 3717,10 manat, 2021-ci ilin fevral ayında 9504 manat, 2023-cü ilin yanvar ayında 10540,80 manat, aprel ayında 2203,20 manat, cəmi 33121,5 manat məbləğində borc hesablanmışdır. Həmçinin həmin abonent saldosundan görünür ki, 2010-cu ilin iyun ayından 2013cü ilin aprel ayınadək iddiaçı tərəfindən cəmi 393,10 manat məbləğində ödəniş aparılmışdır. - ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə istehlakçı Rufullayeva Bibixanımın ünvanına (Buzovna qəsəbəsi, Natavan küçəsi, ev 46A) baxış keçirilmiş və baxış zamanı abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. -dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünü ki, yuxarıda qeyd olunan akt əsasında 12144 m3 (12144 m3 x 0.10 manat = 1214,40 manat ) həcmində dəymiş zərər hesablanmışdır. -xx.xx.2019-cu il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə istehlakçı Rufullayeva Bibixanımın ünvanına (Buzovna qəsəbəsi, Natavan küçəsi, ev 46A) baxış keçirilmiş və baxış zamanı abonentin sayğacdan kənar təbii qazdan istixanada qeyriqanuni istifadə etməsi aşkar edilmişdir. -dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünü ki, yuxarıda qeyd olunan akt əsasında 16800 m3 (16800 m3 x 0.10 manat = 1680 manat ) həcmində dəymiş zərər hesablanmışdır. -xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə istehlakçı Haşımova Bibixanımın ünvanına (Buzovna qəsəbəsi, Natavan küçəsi, ev 46A) baxış keçirilmiş və baxış zamanı abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. -dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünü ki, yuxarıda qeyd olunan akt əsasında 87840 m3 (87840 m3 x 0.12 manat = 10540,80 manat ) həcmində dəymiş zərər hesablanmışdır. -xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə istehlakçı X1 ünvanına (Buzovna qəsəbəsi, Natavan küçəsi) baxış keçirilmiş və baxış zamanı abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. -dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünü ki, yuxarıda qeyd olunan akt əsasında 18360 m3 (18360 m3 x 0.12 manat = 2203,20 manat ) həcmində dəymiş zərər hesablanmışdır. Məhkəmə tərəfindən iddiaçının yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev 46 ünvanına yerində baxış keçirilmişdir. Yerli baxışda iştirak edən Cavabdeh İB Bakı RQSD Qazın balansı və satışı şöbəsinin çilingəri X3 bildirmişdir ki, hazırki ünvanda o sayğacdan kənar xətt görməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlarda olan imzaların ona aid olmadığını bildirmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3198/2023 saylı qərarına əsasən iş üzrə məhkəmə-trassoloji ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2 3/77 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Eksertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. “«Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanunun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında haqqında” Azərbaycan Respublikasının Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və həmin maddəyə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (qeyd olunan maddə xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. Həmin Qaydaların 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçının yaşadığı ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya aid ünvana baxış keçirilməsinə istinad olunmaqla bir neçə aktlar tərtib edilmiş və həmin aktlar əsasında iddiaçının ünvanında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi halları aşkar edilmişdir. Həmin aktların tərtib edildiyi vaxtı isə nə iddiaçının və nə də onun ailə üzvlərindən olan şəxsin iştirakı təmin olunması, nüsxələrinin istehlakçıya (iddiaçıya və ya onun ailə üzvlərindən olan şəxsə) təqdim edilməsi, ünvana baxış keçirilməklə evdə olan qaz qurğuları müəyyən edilməsi halların olması müəyyən edilməmişdir. Eyni zamanda iş üzrə məhkəmə tərəfindən iddiaçının ünvanına keçirilmiş yerli baxışda iştirak edən Cavabdeh İB Bakı RQSD Qazın balansı və satışı şöbəsinin çilingəri X3 bildirmişdir ki, iddiaçının ünvanda o, sayğacdan kənar xətt görməmiş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlarda olan imzalar ona məxsus deyil. Bununla da müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar qanunvericiliyin tələblərinə riayət olunmaqla tərtib edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının abonent hesabına 2010-cu ilin noyabr ayında, 2012-ci ilin fevral ayında və 2014-cü ilin aprel ayında borcun hesablanmasına əsas olmuş aktlar və ya həmin aylarda borcun hesablanmasına əsas olmuş hallar barəsində hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının abonent hesabına pul məbləğlərinin hesablanmasına əsas olmuş aktlardan görünür ki, iddiaçının ünvanında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istixanada istifadə edilməsi halları olmuş və həmin aktlara fotoşəkillər əlavə edilmişdir. Əlavə edilmiş fotokoşəkillərin üzərində olan tarixlər isə yalnız xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini həmçinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Bu hallarla bağlı da məhkəməyə hər hansı bir sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar əsasında aşkar olunmuş halların, yəni qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutlarda cavabdeh Birlik tərəfindən məhkəməyə təqdim olunmadığından həmin aktlar əsasında da iddiaçının abonent hesabına dəymiş zərərlə bağlı pul məbləğlərinin hesablanaraq onun abonent hesabına borc kimi yazılması əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına dəymiş zərərlə bağlı pul məbləğlərinin hesablanmasına əsas olmuş aktların etibarlı olması müəyyən edilmədiyindən, eyni zamanda iddiaçının ünvanında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, aktlar əsasında iddiaçının abonent hesabında qalıq qalmış borc silinməlidir. İşin hallarından isə görünür ki, iddiaçı tərəfindən ümumilikdə 393,1 manat pul ödənildiyindən hazırda aktlar əsasında cəmi 32728,4 manat borc (iddiaçının abonent hesabına aktlar əsasında hesablanmış cəmi 33121,5 manat - 393,1 manat =32728,4 manat) qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı adına olan **********10000 nömrəli abonent hesabından 32728,4 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia tələbinin qismən təmin edilməsini, eyni zamanda iş üzrə məhkəmə-trassoloji ekspertizanın təyin edilməsinə cavabdeh tərəfindən tərtib edilmiş aktlar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 188,18 manat məbləğində dövlət rüsumu tutularaq dövlət mədaxilinə, 64 manat isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı adına olan **********10000 nömrəli abonent hesabından 32728,4 manat məbləğində borc silinməli, Cavabdehndən 188,18 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-trassoloji ekspertiza tədqiqatının dəyəri olan 64 manat Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı adına olan **********10000 nömrəli abonent hesabından 32728,4 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 188,18 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-trassoloji ekspertiza tədqiqatının dəyəri olan 64 manat cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar