Məhkəmə qərarları › İş №2(003)-2318/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2318/2022

17.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2318/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi daxil olmuşdur. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Hazırki iş üzrə ərizəçi ərizəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2. maddəsinə uyğun qaydada iş üzrə maraqlı şəxsin adını və onun poçt ünvanını göstərməmişdir. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları və poçt ünvanları göstərilməlidir. Bu, işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Buna görə də məhkəməyə müraciət edilərkən hər bir şəxs ərizənin və ya iddia ərizəsinin verilməsinin Azərbaycan Respublikası MPM-lə müəyyən edilmiş qaydasına, formasına və məzmununa, həmin sənədlərə aid müəyyən edilmiş tələblərə əməl etməlidir. Bunlara əməl edilməklə məhkəməyə müraciət edildiyi hallarda məhkəmədə iş başlanılır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1. maddəsindən görünür ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar