Məhkəmə qərarları › İş №2(003)-232/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-232/2025

09.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-232/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və pay hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 iyul 2021-ci il tarixli İP 965 saylı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi 79A saylı evə dair Cavabdeh1 adına verilmiş 02 avqust 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi 79A saylı evin 1⁄2 hissəsi üzərində pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi ev 79A Cavabdeh2 ilə onun birgə nikah dövründə 30 aprel 2021-ci il tarixdə alınmışdır. Həmin əmlak üzərində onun da 1⁄2 hissədə pay hüququ vardır. Buna baxmayaraq 29 iyul 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi ev 79A Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmışdır. Evin satılmasına və ipoteka qoyulmasına hər hansı razılığı olmamışdır. Cavabdeh2 onu və bacısını evin 2-ci mərtəbəsini sənədləşdirmək adı ilə aldatmış və evi satmışdır. Cavabdeh2 ilə 31 oktyabr 2023-cü il tarixdə boşanmışdır. Evin satılmasından Cavabdeh1 evdən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra xəbər tutmuşdur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, hazırkı iddia ərizəsi işi uzatmaq məqsədilə verilmişdir. Məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi Y.R.Məlikov iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh3 ASC-nin nümayəndəsi A.A.Əhmədov etiraz ərizəsi ünvanlayaraq orada bildirmişdir ki, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(003)-3718/2024 saylı mülki iş icraatdadır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi 79A saylı evi xx.xx.2021-ci il tarixdən Cavabdeh2 mülkiyyətində olmuş, xx.xx.2021-ci il tarixli İP695 saylı ipoteka müqaviləsi ilə "xxxx" ASC-nin xeyrinə yüklü edilməklə Cavabdeh1 mülkiyyətinə keçmiş və bu barədə ƏMDK DƏDRX-də qeydə alınmaqla çıxarış verilmişdir. İddiaçı iddia ərizəsində əmlakın ipotekada yüklü vəziyyətdə olmasından xəbəri olmadığını, yalnız Cavabdeh1 evdən çıxarılması barədə iddia ərisəi ilə məhkəməyə müraciət etməsindən sonra xəbərinin olmasını qeyd etməsi işin faktiki halları ilə bağlı ziddiyyət təşkil edir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi 79A saylı evi üzərində xx.xx.2021-cu il tarixdən "xxxx" ASC-nin məhdud əşya hüququ yaranmışdır. Bununla birgə ipoteka saxlayan olaraq "xxxx" ASC-nin razılığı ilə həmin fərdi yaşayış evi Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən yüklü vəziyyətdə Cavabdeh1 adına DƏDRX-də qeydə alınmışdır (əlavə edilir). Qeyd edilən fərdi yaşayış evinin ipoteka saxlayan "xxxx" ASC olmaqla Cavabdeh1 (AZEN 03197951,xx.xx.2005-ci iltarixində Bakı- Binəqədi RPİ tərəfindən X2 və Qulamova Lalə oruc qızı tərəfindən etiraz edilməməsi verilmişdir) satılmasına İddiaçı, barədə Bakı şəhəri 31 saylı notariat ofisində ərizə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 29 iyul 2021-ci il tarixli 1P965 nömrəli kredit müqaviləsi imzalanmış və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 7% olmaqla 300 ay müddətinə 120,000 (bir yüz iyirmi min) manat məbləğində ipoteka krediti verilmişdir. Bununla yanaşı, qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilǝ Borcalan arasında 29 iyul 2021-ci il tarixli 1P965 nömrəli alqı-satqı və ipoteka müqaviləsi imzalanmış və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, 0.05828 ha torpaq sahəsində yerləşən 484.85 kv.m ümumi sahədən ibarət olan 79A saylı yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. iP965 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********30-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2021) dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 0,058280 ha olan torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 484,85 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. -xx.xx.2021-ci il tarixli İP 965 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı-mülkiyyətçi Cavabdeh2 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı 185000 manata alıcı-ipoteka qoyana satmışdır. -xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor Cavabdeh3 ASC borcalan Cavabdeh1 120000 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə ipotek krediti verir. Kredit borcalana ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınmasına verilir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-250/2024 saylı qətnamədən görünür ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh1 əsas borc üzrə 119250,61 manat, faiz borcu üzrə 18742,80 manat, cərimə borcu üzrə 500 manat olmaqla cəmi 138493,41 manat məbləğində borc, bildirişin qeyd alınması üçün ödənilmiş 30 manat, 30 manat xidmət haqqı və dövlət rüsumuna görə 428,49 manat, ümumilikdə 138981,9 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, Tələbin, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 79A saylı fərdi yaşayış evinə (0.05828 ha torpaq sahəsi və 484.85 kv.metr fərdi yaşayış evi) yönəldilməsi, həmin daşınmaz əmlak ilkin satış qiyməti (likvid qiyməti) 268000 manat olmaqla açıq hərracdan satılması, İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 tərəfindən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənməli olan ümumilikdə 138981,9 manat məbləğində borcun ödənilməsi və İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına borc məbləği qaytarıldıqdan sonra qalıq qalmış məbləğin Cavabdeh1 qaytarılması qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5026/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(003)- 250/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 486124 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 və İddiaçı arasında olan nikaha xitam verilmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 416 sayla qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli İP 965 saylı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, İddiaçı birgə nikah dövründə əldə etdikləri əmlakı əri Cavabdeh2 onu başqa vədlə aldadaraq sənədə imza etdirmiş, evi başqasına satmasından məlumatsız olmuşdur. Bu əsasla da həmin alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Lakin, iddiaçı tələbinin əsasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, cavabdehlərin satıcının iradə ifadəsinə zidd hər hansı hərəkət etmələri, həmçinin hər hansı əqdi pərdələmək məqsədi güddükləri müəyyən edilmir. Həmçinin, müqavilənin etibarsız hesab edilməsi tələbi təmin edilmədiyinə görə digər törəmə tələblər olan çıxarışın ləğvi və pay hüququnun tanınması tələbi də təmin edilməməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və pay hüququnun tanınması” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəsini alır. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar