Məhkəmə qərarları › İş №2(003)-2347/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2347/2021

27.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2347/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, ev 8, mənzil 22-yə mirasın qəbul edilməsi və vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, ev 8, mənzil 22 atası X2 məxsus olmuşdur. Atası 26.07.2001-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra onun vərəsəsi kimi o, həmin evdə yaşamış və mirası faktiki olaraq qəbul etmişdir. Cavabdehlər bacı və qardaşlarıdır. Onlar atasının ölümündən əvvəl evdən köçmüş və atasının vəfatından sonra miras qalmış evi faktiki olaraq qəbul etməmişlər və notariat kontoruna hər hansı müraciət etməmişlər. Ona görə cavabdehlərin həmin evə dair heç bir vərəsəlik hüququ yoxdur. Atasının vəfatından sonra miras qalmış əmlak taktiki olaraq yalnız onun tərəfindən qəbul edilmiş və hal-hazırda həmin evdə o, yaşamaqla əmlaka faktiki sahiblik edir. Vərəsələrlə aralarında mübahisə olduğuna görə notariat kontoru şəhadətnamə verməkdən imtina etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, ev 8, mənzil 22-yə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, 2001-ci il tarixdə atası ölərkən həmin evdə atası və Leyla yaşamışlar. O və qardaşlarının başqa yaşayış yerləri vardır. Anası öləndən sonra isə yalnız Leyla yaşayır. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X3, anası X4r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 26.07.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21.07.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Məktəbli küçəsi ev 8, mənzil 22 16.03.1994-cü il tarixdə X1 adına xüsusi mülkiyyət kimi qeydiyyat keçmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisinin 22.04.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya mirasın qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan 31.03.2021-ci il tarixli aktdan görünür ki, 155 saylı MKİS-in rəisi, kargüzarı və iddiaçının qonşuları Cavabdeh2 1999-cu il tarixdən, Cavabdeh1 2000ci il tarixdən, Cavabdeh3 isə 1998-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, ev 8, mənzil 22-də qeydiyyatda olmalarına baxmayaraq yaşamadıqlarını öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin hallarından görünür ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Digər bacı və qardaşlar mübahisəli mənzildə yaşamırlar və onların özlərinə məxsus yaşayış yerləri vardır. Bu hal işin faktiki halları ilə də öz təsdiqini tapır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, ev 8, mənzil 22-yə dair mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar