Məhkəmə qərarları › İş №2(003)-2352/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2352/2025

14.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2352/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik sayğacının abunə koduna yazılmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik sayğacının abunə koduna yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik sayğacının abonə kodu **********0700A üzərində olan 665.15 AZN, 1562.72 AZN və 3837.95 AZN məbləğinin silinməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, abonə kodu **********0700A olan elektrik sayğacı 15 oktyabr 1996-cı il tarixdə iddiaçının anası X1 adına olmaqla fərdi yaşayış evinə yerləşdirilmiş, həmin sayğac 2013-cü ilə kimi aktiv olmuş olsa da, dondurulmuş məbləğ olaraq 665.15 AZN, 1562.72 AZN və 3837.95 AZN qalıq borc qismində "xxxx" ASC tərəfindən iddiaçıdan tələb edilmişdir. İddiaçı hal-hazırda sayğac yerləşdirilən daşınmaz əmlakın mülkiyyətçisi olduğundan sayğacdan istifadə emək hüququnun bərpa olunması üçün mütləq sayğacda göstərilən borc silinməlidir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, ev də, sayğac da əvvəllər anası X1 adına olmuş, anası 1996-cı ildə vəfat etmiş, ondan sonra həmin evdə qardaşıgil və başqaları yaşamışdır, özü isə həmin evdə qeydiyyatda olsa da, Samuxda yaşamışdır, 2013-cü ildən sonra ödənişlər edilmədiyinə görə hökümət sayğacı söküb aparmışdır, ev 2016-cı ildə vərəsəlik yolu ilə ona keçmiş, 2017-ci ildə çıxarış almış və həmin vaxtdan orada yaşayır. Sayğacı bərpa etmək üçün müraciət edəndə ona bildirilmişdir ki, sayğacda borc var, işıq bərpa olunsa da hər ay ödədiyi puldan 20% borca görə tutulmuş, təxminən 60 manata yaxın tutulmuşdur. O, həmçinin bildirmişdir ki, qeyd olunan borc var, amma borcun yarandığı vaxt o həbsdə olmuş, orada yaşamamışdır, evdə qardaşıgil yaşamış və bu borc da onların borcudur, hesab edir ki, burda tərəflərin marağı olub, borcu gizlətmək istəyib, bu qədər vaxt ərzində borc ola-ola susublar, indi isə ondan tələb edilməsi əsassızdır, ona görə silinməlidir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" ASC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmənin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. X1 adına olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 7A, **********0700A saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, abonent hesabına 665,15 AZN, 1562,72 AZN və 3837,95 AZN məbləğində borc hesablanmışdır.

6. Abonə kodu **********0700A olan elektrik sayğacı ilə bağlı bildirişin surətindən görünür ki, "xxxx" ASC-yə ödənilməli olan 3837,95 (üç min səkkiz yüz otuz yeddi manat doxsan beş qəpik) borc vardır. Hesablamada xx.xx.2002-ci il tarixinə qədər olan borcun nəzərə alınmadığı qeyd olunmuşdur.

7. Xəzər rayon Qeydiyyat şöbəsinin 14 yanvar 2017 ci il tarixli, 60 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx xxxxxx 1964-cü ildə anadan olmuşdur, anası X2r.

8. Xəzər rayon Qeydiyyat şöbəsinin 14 yanvar 2017 ci il tarixli, 63 nömrəli arayışın surətindən görünür ki, X4 14 sentyabr 1996-cı ildə Bakı şəhəri, Xəzər rayonunda vəfat etmişdir.

9. Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən veilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixində İddiaçı adına dövlət qydiyyatına alınmışdır.

10. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-13/2-2/18-M-5382/2-5/2025 nömrəli müraciətin araşdırılmasına dair məktubundan görünür ki, **********0700A saylı kod üzrə istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 2002-ci il tarixədək 1562,72 manat və xx.xx.2006-cı il tarixədək 665,15 manat borcun yarandığı, bu borcların ödənişləri tələb olunmayan borclar qrafasına daxil olduğu, həmçinin xx.xx.2013-cü il tarixədək mənzildə enerji sərfiyyatına görə ödənişi tələb olunan borcun 3837,95 manat təşkil etdiyi və və həmin borcun istehlak edilmiş elektrik enerjisinə görə yarandığı bildirilmişdir.

11. İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, **********0700A sayğac kodunun üzərində yaradılmış borcun silinməsi üçün rəsmi cavabda göstərilən sərfiyyat borcu olduğu üçün silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:

12. 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir.

13. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

14. 8.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsilə abonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) uyğun olaraq aparılır.

15. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır.

16. 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır.

17. 8.14-cü bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.

18. 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və yayaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir.

19. 9.1-ci bəndinə əsasən, istehlakçı elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə ... görə məsuliyyət daşıyır.

20. 9.13.2-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının mübahisələndirdiyi 1562,72 AZN borc məbləği 2002-ci ilədək, 665,15 AZN borc məbləği xx.xx.2006-cı il tarixədək, 3837,95 AZN borc məbləği isə xx.xx.2013-cü il tarixədək istehlakçının elektrik enerjisindən istifadə etməsinə görə yaranmış və ödənilməmiş sərfiyyat borcudur. Həmin borc məbləğlərinin hesablandığı **********0700A saylı abunə kodu ünvan 2 ünvanına aid olmuşdur. Həmin ev və abunə kodu X3 məxsus olmuşdur. X4 iddiaçının anası olmuşdur. Həmin ev də X4 vəfat etdikdən sonra vərəsəlik qaydasında 2017-ci ildə İddiaçı mülkiyyətinə keçmişdir və hazırda da iddiaçının mülkiyyətindədir.

23. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, iddiaçı abunə koduna hesablanmış 665.15 AZN, 1562.72 AZN və 3837.95 AZN məbləğlərin onun tərəfindən deyil həmin evdə yaşamış başqa şəxslər tərəfindən istifadə edilmiş elektrik enerjisinə görə hesablandığı, ona görə borcun həmin şəxslərdən deyil, iddiaçıdan tələb edilməsi və tutulması qanunsuz hesab edilərək, borc məbləğlərinin silinməsini istəyir.

24. İş materiallarından və iddiaçının izahatlarından göründüyü kimi, borcun mövcudluğu deyil, onun məhz iddiaçıdan tutulması mübahisələndirilir. Başqa sözlə, idddiaçı izahatında evin və elektrik sayğacına dair abunə kodunun mərhum anası X3 məxsus olduğunu, anasının 1996-cı ildə vəfat etdiyini, ondan sonra həmin evdə qardaşının yaşadığını, elektrik enerjisindən də onların istifadə etdiyini və bu borc məbləğlərinin onlar tərəfindən istifadə edilmiş enerji sərfiyyatına görə yarandığını, ona görə borcun iddiaçıdan tələb edilməsinin və tutulmasının qanunsuz olduğunu bildirir. Bununla da hazırda qeyd edilən borc məbləğlərinin iddiaçının anasına məxsus olmuş və sonradan vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmiş evdə istifadə edilmiş, lakin ödənilməmiş elektrik enerjisinə görə yarandığı iddiaçı tərəfindən etiraf olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, qeyd edilən məbləğlər məhz həmin ünvanda elektrik enerjisindən istifadə edilməsinə və dəyərinin uzun müddət ərzində ödənilməməsinə görə yaranmış borcdan ibarətdir. Belə olan halda, həmin borcun əsassız olaraq hesablanması faktı müəyyən olunmur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı elektrik sayğacının abunə koduna yazılmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar