Məhkəmə qərarları › İş №2(003)-2380/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2380/2024

17.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2380/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, xx.xx.1970-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il təvəllüdlü X5 onun doğma qardaşıdır. Qardaşı anadangəlmə qüsurlu doğulmuş və 2-ci dərəcəli əlil olmaqla (doğum travması nəticəsində kəskin ifadə olunan imbesillik) ruhi əsəb xəstəliyinə düçar olmuş, müstəqil olaraq özünü idarə edə bilmir. Onun daimi köməyə ehtiyacı vardır. Qardaşı psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Qardaşı xəstəliyi ilə əlaqədar bir sıra xüsusi imtiyazları var ki, bu imtiyazlardan istifadə edərək öz həyatını normal səviyyədə yaşamalı olmasını belə dərk etmir. Buna görə də o, onun bir sıra şəxsi işlərini görməyə məcbur olur ki, onun öz hərəkətlərini dərk etməməsinə baxmayaraq, fəaliyyət qabiliyyəti olması onun bəzi hüquqlarını həyata keçirməsində maneə törədir. Ona görə də o, qardaşının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir: xx.xx.2024-cü il tarixdə çap edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X5 müddətsiz 2-ci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1939 saylı ekspert rəyindən görünür ki, X3 “uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik (F72)” aşkar edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. X3 “uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik (F72)” qeyd olunduğundan onun məhkəmə iclasında iştirakı məqsədəmüvafiq deyil. AZE seriyalı 06062913 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək xx.xx.1970-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar