Məhkəmə qərarları › İş №2(003)-2381/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2381/2022

13.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2381/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən tərtib edilmiş 0*.09.2020-ci il tarixli NDM 019831 nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən itirilmiş enerjinin bərpası kimi hesablanmış 1192,0 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı kimi qeyd edilmiş və abuna kodu **********1001A olan fərdi yaşayış evi ona məxsusdur. Bildirir ki, sərt karantin rejimi vaxtı, yəni 06 iyun 2020-ci il tarixdə mülkiyyətində olan ünvan 2 ünvanı kimi qeyd edilmiş fərdi yaşayış evinin (abonent № **********1001A) işiq sayğacı qısa qapanma nəticəsində yanaraq sıradan çıxmış və tərəfindən "xxxx" ASC-yə dərhal məlumat verilmişdir. Həmin gün "xxxx" ASC-nin nümayəndələri ünvana yaxınlaşmış və Baş İdarədən operator ilə əlaqə yaradaraq işiğın birbaşa (sayğacsız) birləşdirilməsi üçün razılıq əldə etdikdən sonra ünvanı işiq təchizatı ilə təmin etmişlər. Həftənin bazar ertəsi günü Xəzər rayon İşıq İdarəsinə yaxınlaşıb sözügedən fərdi yaşayış evinə yeni sayğacın quraşdırılması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra bir neçə dəfə həmin işıq idarəsinə yaxınlaşıb ərizəyə baxılmasının nəticəsi barədə maraqlanmışdır. Lakin, bütün bunlara baxmayaraq ünvana sayğac quraşdırılmamış, əksinə "xxxx" ASC tərəfindən sayğacın olmaması barədə 0* sentyabr 2020-ci il tarixli akt tərtib olunaraq 1192 manat məbləğində cərimə yazılmışdır. O hesab edir ki, “Azərişıq" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 0* sentyabr 2020-ci il tarixli, NDM 019831 nömrəli akt qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, ölkədə Covid-19 virusunun kəskin sürətdə yayılması ilə əlaqədar sərt karantin rejimi tətbiq edilən vaxtlarda ailə üzvləri ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən bağ evinə köçmüşdür. Elə həmin ərəfələrdə, daha dəqiq desək 2020-ci il iyunun 6-da işiq sayğacı qısa qapanma nəticəsində yanaraq sıradan çıxmış və bağa olan işıq təchizatı tamamilə kəsilmişdir. Bu barədə dərhal “199 Çağrı Mərkəzinə” məlumat verdikdən sonra qəza xidmətinin nümayəndələri ünvana yaxınlaşmış, yanan sayğacın tamamilə sıradan çıxdığını gördükdən sonra Baş İdarə ilə əlaqə yaradıb izah etmişlər. Elə həmin zaman işiğın birbaşa (sayğacsız) birləşdirilməsi üçün Baş idarədən razılıq əldə etdikdən sonra ünvanı işiq təchizatı ilə təmin etmişlər. 2020-ci ilin 6-sı və 7-si tarixləri şənbə-bazar günlərinə düşdüyündən növbəti iş günü, yəni bazar ertəsi günü (08 iyun 2020-ci i! tarixdə) Xəzər rayon İşıq İdarəsinə yaxınlaşaraq işıq sayğacının yenisi ilə əvəz edilməsinə dair ərizə ilə müraciət etmişdir. Bütün bunlardan sonra dəfələrlə Xəzər rayon İşıq idarəsinə ərizənin baxılması və onun nəticəsi barədə ona məlumat verilməsini tələb etməyisinə baxmayaraq, 0* sentyabr 2020-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsi tərəfindən “sayğacın olmaması və qanunsuz müdaxilə etmə” adı altında akt tərtib olunaraq 1192 manat məbləğində cərimə yazılmışdır. Məsələnin araşdırılması və qanunsuz hesablanmış cərimə borcunun silinməsi ilə bağlı iddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış müraciətə həmin Cəmiyyətin Müştəri Xidmətləri İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla cavab göndərilmişdir. Həmin cavab məktubunda **********1001A nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən 0*.09.2020-ci il tarixdə Satışa Nəzarət İdarəsinin nümayəndələri tərəfindən mənzilin sayğacına baxış keçirilən zaman sayğacın yanaraq istifadəyə yararsız olması aşkarlanması, habelə NDM 019831 nömrəli aktla rəsmiləşdirilməsi və itirilmiş enerjinin bərpası məqsədi ilə 12122 KVt.s - 1192.00 manat dəyərində əlavə sərfiyyatın hesablanması qeyd edilmişdir. Sayğacın yanaraq sıradan çıxdığı xx.xx.2020-ci il tarixdən itirilmiş enerjinin bərpası barədə 0*.09.2020-ci il tarixli NDM 019831 nömrəli aktın tərtib edilməsi aralığında 3 ay olduğunu nəzərə aldıqda, itirilmiş enerjinin məbləği hər ay üçün təxminən *00 manat hesablanmışdır. Qeyd edir ki, bura fərdi yaşayış evidir, hər hansı bir qeyri-yaşayış sahəsi - nə çörək sexi, nə də ki, restoran deyil. Sözügedən fərdiyaşayış evində yay aylarında tam yaşayış olduğu vaxtlarda enerji təchizatı üçün aylıq ödənilən məbləğlərin ən yuxarı həddi 80 manat olduğu təqdirdə Satışa Nəzarət İdarəsinin nümayəndələri tərəfindən aylıq *00 manatın hesablanması absurddur və bunun hesablanması mexanizmi ümumiyyətlə ağlabatan deyildir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 0*.09.2020-ci il tarixli NDM 019831 saylı aktdan görünür ki, ünvan 4 ünvanına 1192,0 manat borc hesablanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, ərizəçi yaşadığı ünvanda sayğacın (**********1001A) yanması ilə əlaqədar "xxxx" ASC-ni xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 0199/Ə-521/*713 saylı məktubda deyilir: “Sizin Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evində elektrik enerjisinə görə yaranmış borcun araşdırılması ilə bağlı "xxxx" ASC-yə göndərilmiş müraciətinizə (xx.xx.2021-ci il tarixli fƏ-521 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildiririk ki, **********1001A nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 0*.09.2020-ci il tarixində Satışa nəzarət idarəsinin nümayəndələri tərəfindən mənzilin sayğacına baxış keçirilən zaman sayğacın yanaraq istifadəyə yararsız olması aşkarlanaraq, NDM 019831 nömrəli aktla rəsmiləşdirilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 12122 kVt.s — 1192,00 manat dəyərində əlavə sərfiyyat hesablanılmışdır. Akta əsasən hesablanmış sərfiyyat 1xx.xx.2020-ci il tarixli Rİ 187012 nömrəli aktın gücü nəzərə alınmaqla hesablanmışdır. Akt tərtib edilərkən və sərfiyyat hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə riayət edilmişdir.” Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli akt əsasında 1192,0 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hərhansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. xx.xx.2020-ci tarixli akt qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış cərimə silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı (abonent kodu: **********1001A olan) hesablanmış 1192,0 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.*-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 0*.09.2020-ci il tarixli NDM 019831 nömrəli akt əsasında hesablanmış 1192,0 manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********1001A olan) silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar