Məhkəmə qərarları › İş №2(003)-2387/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2387/2021

24.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2387/2021 24.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Fuad Qasımzadənin iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 2017-ci il tarixli aktın ləğv edilməsi və hesablanmış 4047.52 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında işığın alqı satqısı müqaviləsi imzalanaraq yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi,ev 56 A ünvanında yerləşən fərdi yaşayış evinə yeni işıq sayğacı quraşdırılmışdır. 2017-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yaşadığı ünvana gələrək sayğacın istismar müddətinin başa çatmasını ona bildirərək sayğacı çıxırmış və onu yeni tipli sayğacla əvəz etmiş və bu barədə akt tərtib etmiş və həmin akta ona imza etdirmişlər. Sonrada ona məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 2017-ci il tarixli, akt və həmin akt əsasında tərtib edilmiş qərar, həmin qərarda işıq sayğacına müdaxilə nəticəsində ona 4.047.52 manat məbləğində borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt işıq sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi işığa görə borcunu ödəmişdir. Lakin, cavabdeh təşkilat işıq sayğacına müdaxiləni onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və mənim təqsirli olmağını sübuta yetirməlidir. Daha sonra iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 3865.53 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, o, iddiaçının oğludur. Bir il əvvəl yaşadıqları ünvanına yeni smart tipli sayğac quraşdırılmışdır. Bir müddətdən sonra müəyyən etmişlər ki, karta yüklədikləri puldan tutulmalar. Həmin tutulmaların səbəbini müəyyən edən zaman onlara yüksək məbləğdə borc yazıldığını bilmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Fuad Qasımzadə iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və zahatında qeyd etdi ki, sistemdən verilmiş çıxarışda iddia tələbində qeyd edilən məbləğdə borcunun olması göstərilmişdir. Həmin borc məbləği hazırda da mövcuddur və iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi ünvana cavabdeh təşkilatı tərəfindən verilmiş **********6000A saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, hazırda iddiaçının abonent hesabına ümumilikdə 3865.53 manat məbləğində borc hesablanmışdır. Həmçinin həmin abunə haqqında çıxarışdan görünür ki, iddiaçıya 30.12.2001-ci il tarixdən 10.08.2021-ci il tarixədək sayğac göstəricilərinə görə 4296,89 manat məbləğində borc, bağlanan aktlara görə 25.01.2002-ci il tarixdən 10.08.2021-ci il tarixədək 2391,84 manat məbləğində borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsaəsn bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Belə olan halda tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının hazırki vaxta "xxxx" ASC-nə ödənişlər nəzərə alınmaqla ümumilikdə 3865,53 manat borcu vardır. Həmçinin həmin abonentin saldosundan görünür ki, 2016-cı ilin avqust ayından hazırki vaxtadək İddiaçı ümumilikdə hesablanmış borc 2146,53 manat (1846,25 manat sayğac göstəricilərinə görə yaranmış borc və 300,28 manat limitdən artıq istifadəyə görə yaranmış borc) təşkil edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçıya hesablanmış borcun 2016-cı ilin avqust ayınadək olan hissəsi silinməli, son beş ildə yaranmış borcun isə (2016-cı ilin avqust ayından 2021ci ilin avqust ayınadək) silinməsi üçün əsas olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçı Yaşar Abbasova hesablanmış 1719,0 (3865,53 saldo üzrə ümumi borc – 2146,53 manat 2016-cı ilin avqust ayından hazırki vaxta olan borc) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna (**********6000A) hesablanmış borcdan 1719 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli və "xxxx" ASC-dən 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna (**********6000A) hesablanmış borcdan 1719 manat silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar