Məhkəmə qərarları › İş №2(003)-239/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-239/2024

26.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-239/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona (abonent kodu **********00000) əsassız hesablanmış 15447,75 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına akt tərtib edilməklə əsassız olaraq borc hesablanmışdır. Qeyd edir ki,sözü gedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonra ona məlum olmuşdur ki, ’’Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş akt əsasında sayğacda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən aktlar əsasında onun üçün 15447,75 manat məbləğində qaz borcu hesablanmışdır. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı, heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq ’’Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Bildirir ki, cavabdeh təşkilat qaz xəttinə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cərimələr onun yaşadığı ünvana yazılmış, aktlar tərtib edildiyi vaxtlarda evdə yaşayış olmuşdur. Evdə dördgöz qaz peçi, kalonka və pitiminutka cihazları vardır. Evdə həmçinin bir müddət təmir işləri aparılmış, evin bir otağında yaşayış olmuş və bu müddətdə elektrik peçindən istifadə etmişlər. Təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Həmin müqavilədən görünür ki, evdə olan qaz avadanlıqları PQ-4 və QSSQ-dir. - iddiaçının adına olan abonent saldosundan ( abonent kodu **********00000) və iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən görünür ki, iddiaçının abonent hesabına təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında 2020-ci ilin yanvar ayında 885,60 manat, 2021-ci ilin yanvar ayında 885,60 manat, fevral ayında 295,20 manat, mart ayında 295,20 manat, aprel ayında 295,20 manat, iyun ayında ayında 388,80 manat, iyul ayında 194,40 manat, avqust ayında 194,40 manat, sentyabr ayında 295,20 manat, oktyabr ayında 504 manat, noyabr ayında 648 manat, dekabr ayında 648 manat, 2022-ci ilin yanvar ayında 648 manat, fevral ayında 648 manat, mart ayında 669,60 manat, aprel ayında 669,60 manat, may ayında 362,88 manat, iyun ayında 362,88 manat, oktyabr ayında 1451,52 manat, noyabr ayında 734,40 manat, dekabr ayında 734,40 manat və 2023-cü ilin fevral ayında 1468,80 manat, cəmi 13279,68 manat məbləğində pul hesablanmışdır. Həmçinin həmin abonent hesabından görünür ki, ümumi borcun məbləği 15442,75 manat təşkil edir. İş üzrə iddiaçının yaşadığı ünvan 2 ünvanında yerində müayinə keçirilmiş və yerində müayinə zamanı iddiaçının yaşadığı ünvanda hazırda qeyri-qanuni xəttin olmadığı, evdə PQ-4, QSSQ və “pitiminutka” olan qaz cihazlarının olması müəyyən edilmişdir. Yerində müayinədə iştirak edən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsinin çilingəri X2 bildirmişdir ki, iddiaçının yaşadığı ünvana dəfələrlə baxış keçirilmiş və ünvada təbii qazdan qeyri-qanuni xəttin olması aşkar edilmiş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Ünvandan çölə kimsə çıxmadığından aktların tərtibi zamanı istehlakçı və ya onun nümayəndəsi iştirak etməmiş, ona görə aktların istehlakçı tərəfindən imzalanması mümkün olmamışdır. Həmçinin aktlar tərtib olunan zaman ünvana baxış keçirilməmişdir. Qeyri-qanuni xətt vasitəsilə təbii qazdan qış aylarında istifadə edilmiş, yay aylarında isə qoşulma halları olmamışdır. Yerində müayinədə İddiaçı, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsinin çilingəri X1 bildirdiklərinə etiraz edərək qeyd etmişdir ki, o, təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməmişdir. Aktlara əlavə edilmiş fotoşəkillərdə olan xətti o qoşmamış və həmin xəttdən kim tərəfindən istifadə edilməsi barədə məlumatı yoxdur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci maddəsinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların: - 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. - 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi və istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. - 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-4-cü bəndinə əsasən Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. - 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. - 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçının yaşadığı ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktlarının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Hazırda iddiaçının abonent hesabına borcun hesablanmasına əsas olmuş qeyriqanuni xətt vasitəsilə qazdan istifadə edilməsinə görə tərtib edilmiş aktlar olunmasına baxmayaraq, həmin aktların etibarlı hesab edilməsinə, o cümlədən həmin aktların tərtib edilməsinə əsas olmuş bütün halların mövcud olmasına dəlalət edən sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda həmin aktlar «Qazdan istifadə Qaydaları»nın tələblərinə uyğun qaydada tərtib edilməmişdir. Belə ki, aktlar tərtib olunan zaman ünvanda yaşayan şəxslərin iştirakı təmin edilməmiş, ünvana baxış keçirilməmiş, aktların nüsxələri abonentə və ya ailə üzvlərinə təqdim edilməmişdir. Odur ki, məhkəmə tərtib edilmiş aktları iş üzrə sübut kimi qəbul edilməsini mümkün hesab etmir. Bundan başqa aktlarda istinad olunan qeyri-qanuni xətt vasitəsilə məhz iddiaçının yaşadığı ünvanda təbii qazdan istifadə edilməsi, hansı tarixlərdə və müddətdə istifadə olunması ilə bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında iddiaçının abonent hesabına dəymiş zərərin hesablanması əsassız olmuş və həmin aktlar əsasın hesablanmış borc məbləği silinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının istifadə edilmiş qaza görə dəyəri ödənilməmiş 2162,91 manat (ümumi borc 15442,75 manat – aktlar əsasında hesablanmış cəmi 13279,68 manat) məbləğində debitor borcu vardır. Bu hala dair məhkəmə münasibət bildirərək qeyd edir ki, 2162,91 manat məbləğində borc təbii qazdan istifadə edilməsinə görə yaranan borcdan və iddiaçı, istehlak etdiyi qaza görə dəyərinin ödəməli olduğundan iddia tələbi bu hissədə əsassdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında iddiaçının abonent hesabına dəymiş zərərin hesablanması əsassız olduğundan və həmin aktlar əsasın hesablanmış 13279,68 manat məbləğində borc məbləği silinməli, bununla da iddia qismən təmin edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.3-cü bəndində əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı adına olan **********00000 nömrəli abonent hesabından 13279,68 manat məbləğində borc silinməli, cavabdehdən dövlət mədaxilinə 129,84 manat manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı adına olan **********00000 nömrəli abonent hesabından 13279,68 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 129,84 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi (elektron kabinet vasitəsilə) ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar