Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2400/2025 12.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı “Akt əsasında hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış ünvan 1ünvanında yerləşən fərdi yaşayış evimə (abonent kodu **********00010) hesablanmış 1168 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanmda yerləşən fərdi ev mənə məxsusdur və İddiaçı adına çıxarış verilmişdir. İddiaçı ailəsi ilə birlikdə yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Bu ünvana cavabdeh təşkilat tərəfindən qazın alqı-satqısma dair müqavilə əsasında məişət qazı verilmişdir. Cavabdeh təşkilatla bağlanılan müqavilə əsasında qazdan istifadə edilir. Lakin cavabdeh təşkilat tərəfindən xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən guya iddiaçı sayğacdan kənar qeyri-qanuni istifadə etmiş və ona görə də onun 1168 manat 00 qəpik borcu yaranmışdır. Akt tərtib edilən zaman iddiaçının heç nədən xəbəri olmamışdır. İddiaçı aktda qeyd olunanlarla razı deyil, çünki onun heç vaxt qaz istifadəsinə görə borcu olmamışdır. Bu borc İddiaçı əsassız olaraq yazılmışdır. İddiaçı borcu əsassız hesab edir və bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır. İddiaçı abonent kodum (**********00010)-dur. İddiaçı borcu əsassız hesab edir və bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır, İddiaçı heç bir vaxt kənar xətt qazdan istifadə etməmişdir.
3. Cavabdeh İB xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, borc məbləğinin iddiaçının sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadəsi nəticəsində yarandığını, faktla əlaqədar olaraq elektron məhkəmə portalı vasitəsilə fotoşəkil təqdim edildiyini, fotoşəkildə əməkdaşlar yerində fotoşəkil çəkmiş və fotoşəkildə əyani surətdə təbii qazdan əlavə boru vasitəsilə istifadə faktı müəyyən olunduğunu və bu üzdən iddia əsassız olduğundan rədd edilməsi haqqında qətnamə qəbul edilməsininin xahiş edildiyi qeyd olunmuşdur.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izhat verərək, tələbinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında qaz sayğacının küçədə yerləşdiyini, onun iştirakı olmadan cavabdeh qurumun əməkdaşları tərəfindən onun barəsində akt tərtib edildiyini, yoxlama və akt barəsindən ona xəbər verilmədiyini, yalandan aktı imzalamaqdan imtina etdiyinin qeyd edildiyini, aktın surətinin də ona təqdim edilmədiyini, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilmədiyini, ona əsassız borc yazıldığını qeyd etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X4 iddia tələbinin əsassız olduğunu, aktın qanuni şəkildə tərtib olunduğunu, borcun silinməsi üçün heç bir əsas olmadığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, həmçinin izahatında iddiaçının yoxlama keçirilmədən əvvəl məlumatlandırılması barədə onda məlumatın olmadığını qeyd etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. 23.11.2023-cü il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent X3, abonent kodu **********00010, ünvan ünvan 3 və həmin abonent koduna 10/2021-ci il tarixində 1188 manat borc qeyd edilmişdir. Hazırda mövcud borc 1168 manat təşkil edir.
7. xx.xx.2021-ci il tarixli (0315749 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası 11880 m3 qaz sərfiyyatı hesablanmışdır. Aktda İddiaçı aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur.
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/894 nömrəli məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahdə edilməmişdir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
11. Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
12. Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. - 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Məhkəmənin möqeyi:
16. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
17. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən iş materiallarında olan akt və tələbnamə əsasında təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə olunması əsası ilə zərər məbləği hesablanmış və bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilmişdir. Hazırda qeyd olunan borc məbləği 1168 manat təşkil edir. İddiaçı qaz sayğacının küçədə yerləşdiyini, sayğaca və qaz borusuna heç bir müdaxilə edilmədiyini, onun xəbəri və iştirakı olmadan cavabdeh qurumun əməkdaşları tərəfindən onun barəsində akt tərtib edildiyini, yoxlama və akt barəsindən ona məlumat verilmədiyini, onun guya aktı imzalamaqdan imtina etdiyinin qeyd edildiyini, aktın surətinin ona təqdim edilmədiyini, ona əsassız borc yazıldığını bildirərək, əsassız və qanunsuz hesablanmış borcun silinməsini xahiş edir. Cavabdeh İB-nin nümayəndəsi isə aktın əsaslı olaraq tərtib olunduğunu, iddiaçının təbii qazdan qeyri-qanuni olaraq istifadə etdiyini, bunu iş materiallarına əlavə olunan sübutların təsdiq etdiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
18. Prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. (MPM 14.2, 77.1) Məhkəmə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən aktların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq akt əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi aktın qanuniliyini, o cümlədən həmin aktda qeyd edilmiş qüsurları və həmin qüsurların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü aktı qəbul etmiş orqanın, yəni Cavabdeh üzərinə düşür.
19. Mübahisələndirilən borcun hesablanmasına əsas olan, cavabdeh tərəfindən tərtib edilmiş aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasının aşkar olunduğu qeyd edilir. Məhkəmə qeyd edir ki, əvvəla, cavabdeh tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman ona məlumat verilmədiyini və iştirakının təmin edilmədiyini bildirir. Halbuki qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki iş materiallarından görünür ki, həqiqətən də aktda iddiaçının imzası yoxdur və onun adının qarşısı “imtina” qeyd edilib. Habelə cavabdeh iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini dair dəlil və sübut təqdim etməmişdir.
20. Məhkəmə həmçinin qeyd edir ki, iş üçünü mühüm əhəmiyyət kəsb edən və məhkəmə tərəfindən qiymətləndirilməli olan işin faktiki halı sayğacdan kənar qanunsuz qaz xəttinin qoşulub-qoşulmadığıdır. Çünki cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində tərtib olunmuş akt və tələbnamə ilə istehlakçının təbii qazdan sayğacdan kənar çəkilmiş qaz xətti vasitəsilə istifadə etməsi halına istinad edilərək mübahisələndirilən borc məbləği hesablanmışdır. Qeyd edilən faktın müəyyən edilməsi üçün məhkəmə tərəfindən təyin edilərək keçirilmiş məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və qaz borusunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi halı müşahdə edilməmişdir. Məhkəmə araşdırması ilə eksert rəyinin mötəbərliliyini və həqiqiliyini şübhə altına alan hər hansı hal aşkar edilməmişdir. Ona görə ekspert rəyi iş üzrə mötəbər və mümkün sübut kimi qəbul edilməlidir. Həmin ekspert rəyi ilə də iddiaçı (abonent) tərəfindən qaz xəttinə qanunsuz müdaxilə etməsi və sayğacdan kənar xətlərin çəkilməsi halının olmadığı təsdiq olunmuşdur. Belə olan halda, iddiaçının vurmadığı və təqsirli olmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur.
21. Beləliklə, məhkəmə araşdırması zamanı sayğaca və qaz xəttinə iddiaçı tərəfindən müdaxilə edildiyi, zərərin iddiaçının təqsiri və hüquqazidd hərəkətləri nəticəsində yarandığı sübuta yetirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış borcun silinməsi tələbi əsaslıdır və ona görə iddia təmin edilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, mdəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı barəsində əsassız hesablanmış 1168 manat (bir min bir yüz altmış səkkiz manat) borc məbləği silinməlidir.
24. Bununla yanaşı, MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə məhkəmə xərclərinə daxil olan ödənilməmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Hazırkı iddia tələbi təmin edildiyindən 31.68 (otuz bir manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
25. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 AZN (səksən doqquz manat) da Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00010) dəymiş ziyanın bərpasına dair hesablanmış 1168 AZN (bir min bir yüz altmış səkkiz manat) məbləğində borc silinsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 31.68 AZN (otuz bir manat altmış səkkiz qəpik) dövlət rüsumunun məbləği Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 89 AZN (səksən doqquz manat) Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov