Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2403/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları ilə birgə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Dənizkənarı küçəsində yerləşən evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və kompensasiyanın məbləğinin mövcud bazar qiymətlərinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh uşaqları ilə birgə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Dənizkənarı küçəsində yerləşən evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və kompensasiyanın məbləğinin aylıq icarə bazar dəyərinə uyğun olaraq 6600 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçının bacısı oğlu X6 və X4 03 noyabr 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 27 iyul 2011-ci il təvəllüdlü X7, 24 fevral 2013-cü il təvəllüdlü X11 və 04 oktyabr 2014-cü il təvəllüdlü X8 olmaqla üç övladları anadan olmuşdur. Bu barədə uşaqlara Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə X1 münasibətləri korlanmış və aralarında olan rəsmi nikah pozulmuşdur. Həmin vaxtdan cavabdeh Zərdab rayonu Sileyli kəndində yaşamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-138/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5242/022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Sözügedən evin yerləşdiyi torpaq sahəsi xx.xx.2017-ci il tarixli 034/2017 saylı icarə müqaviləsi əsasında iddiaçıya məxsusdur. İddiaçı bacısı oğluna və cavabdehə qısa müddət həmin mənzildə yaşamağa icazə vermişdir. Cavabdehlə iddiaçının qohum əlaqələri bitdikdən sonra davamlı olaraq aralarında münaqişələr baş vermiş və onların bərabər yaşamağı heç cür mümkün deyildir. İddiaçı mənzili faktiki olaraq satmış, bu da həmin mənzilə köçürülmə məsələsində xüsusi çətinlik yaradan amillərdəndir. Odur ki, cavabdehin istifadə hüququna qanuna müvafiq qaydada kompensassiya ödənilməklə xitam verilməlidir. Cavabdehin həmin evdə yaşaması iddiaçının hüquqlarını pozur. Cavabdeh razı olacağı təqdirdə kompensasiya məbləğini artırma barədə razılaşa bilərlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında göstərdi ki, sözügedən evi o və yoldaşı tikmişdir. Bunu qonşuları da təsdiq edə bilər. Keçmiş ərinin adına evin yerləşdiyi torpaq sahəsinin bələdiyyədən sənədi olsa da, onun çıxarışı olmamışdır. Ev 2017-ci il tarixdə tikilmişdir. Ev tikildikdən sonra onlar Bİnə qəsəbəsində yerləşən evlərini sataraq buraya köçmüşlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə onun uşaqları ilə birlikdə mübahisə predmeti olan evə köçürülməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya instansiyasında da qüvvədə qalmışdır. Hal-hazırda o, uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçının qeyd etdiyi kompensasiya məbləği ilə razılaşmır, ümumiyyətlə o, heç bir kompensasiya məbləğinə razı olmayacağını bildirdi. Əlavə olaraq qeyd etdi ki, Adilə xanımın ümumiyyətlə mübahisəli torpaq sahəainə və evə heç bir aidiyyəti olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Torpaq sahəsinin icarəyə verilməsi haqqında 034/2017 saylı xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, icarədar olan Buzovna Bələdiyyəsi tərəfindən icarəçi İddiaçı bağ-bostan bitkilərinin becərilməsi məqsədilə, hər il 5 manat icarə haqqı ödənilməklə, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 600 m2 torpaq sahəsi icarəyə verilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-138/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilməklə iddiaçı X5 xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı uşaqları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, yerləşən X3 yaşadığı evə (1 mərtəbəli olmaqla 3 otaq, 1 zal və 1 mətbəxdən ibarət olan tikiliyə) köçürülməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 5242/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq Xəzər Rayon Məhkəməsinin 2(003)-138/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, X5 3 uşağı ilə birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən evə köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən mübahisə predmeti olan yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 2006-cı il tarixdə Buzovna Bələdiyyəsi tərəfindən Təbriz İbişova icarə əsasında verilmişdir. 2010-cu il tarixdə X13 İbişova rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. 2017-ci il ilədək Binə qəsəbəsində kirayədə yaşamışlar. Həmin müddətdə Buzovna bələdiyyəsi tərəfindən verilən torpaqda mübahisə predmeti olan tikilini inşa etmişlər. Sonradan münasibətləri korlanmış və 2020-ci il tarixdə rəsmi olaraq aralarındakı nikah pozulmuşdur. Nikah pozulduqdan sonra X16 İbişovanın əşyalarını evdən çıxardaraq başqa bir ünvana aparmışdır. Bundan sonra Jalə İbişova məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə etdikləri pul hesabına tikilən həmin evə uşaqları ilə birgə köçürülməsini xahiş etmişdir. Həmin iddia tələbi məhkəmə tərəfindən təmin edilmiş və daha sonra apellyasiya instansiyasında da qüvvədə saxlanılmış və qanuni qüvvəsini alaraq icra edilmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim olunmuş xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, sahədə hər hansı tikinti və qurğu yoxdur. Halbuki, müqavilə bağlanan anda artıq mübahisə predmeti olan yaşayış sahəsi mövcud olmuşdur. Həmin torpaq sahəsi yalnız bağ-bostan bitkilərinin becərilməsi məqsədi ilə ayrılsa da, həmin torpaq sahəsində yaşayış sahəsi tikilmişdir. Özbaşına tikinti hesab edilən həmin yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənəd olmadığından İddiaçı cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Əksinə, onların arasında daha əvvəl olan məhkəmə çəkişmələrində yaşayış sahəsinin Təbriz İbişov və Jalə İbişovanın birgə nikah dövründə əldə etdikləri vəsait hesabına tikilməsi sübut edilmişdir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırkı halda iddiaçının fərdi yaşayış sahəsinə cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini tələb etməsinə subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, o, qeyd olunan torpaq sahəsində tikilmiş mübahisəli fərdi yaşayış evinin üzərində qanunla nəzərdə tutulmuş qaydada cavabdehin istifadə hüququna xitam verilməsini tələb edəcək hər hansı hüquq əldə etməmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2403/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2403/2023
04.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver