Məhkəmə qərarları › İş №2(003)-2424/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2424/2025

10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2424/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən və Bakı şəhəri Soveti İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli pasportların xx.xx.2013-cü il tarixdə vəfat etmiş X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ərizəçinin atası X3 mülkiyyətində olmuş, anası Murtuzova (Əliyeva) Mirxanım Heydər qızı xx.xx.1971-ci il tarixdə atası ilə nikaha daxil olaraq həmin evə gəlin gəlmiş, o və bacıları X11 və X12 həmin evdə doğulub böyümüş, atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş, atasından qalmış həmin miras əmlakı əldə etmək üçün Bakı şəhəri 25 saylı notariat ofisində vərəsəlik işi açılmış, notarius tərəfindən sözegedən fərdi yaşayış evi və torpaq sahəsi barədə arayışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin İdarənin cavab məktubunda sənədlər (notariat ofisinin məktubu və texniki pasport) arasında uyğunsuzluq olduğu (notariat ofisinin məktubunda hüquq sahibinin ata adı “Əliyulla” kimi göstərilsə də, texniki pasportda ata adı qeyd olunmamışdır) əsası ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hazırda atasından miras qalmış Buzovna qəsəbəsi, Vəzirov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsini vərəsəlik qaydasında əldə edə bilməsi üçün həmin əmlaka dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən və Bakı şəhər Soveti İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli pasportların atasına məxus olmasının təsdiq edilməsinə zərurət yarandığından və bu sənədləri başqa qaydada əldə edə bilmədiyindən hazırki tələblə məhkəməyə müraciət etmişdir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, izahatında bildirmişdir ki, vərəsəlik işinin açılması ilə əlaqədar notarius tərəfindən fərdi yaşayış evi və torpaq sahəsi barədə arayışın verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilsə də, təqdim edilmiş sənədlərdə uyğunsuzluq olduğu əsası ilə imtina verilmişdir. Sənədlərin aid olduğu fərdi yaşayış evi və torpaq sahəsi ərizəçinin atasının mülkiyyətində olub, barəsində hər hansı mübahisə yoxdur. O, həmçinin qeyd etdi ki, iddiaçının özünün qeydiyyatda olduğu Bakı şəhəri, Buzovna qəsəbəsi, Vəzirov küçəsi, ev 3 ilə hazırki iddianın obyekti olan Buzovna qəsəbəsi, Vəzirov küçəsi, ev 1 fərqli ünvanlardır, belə ki, ev 3 iddiaçının qeydiyyatda olduğu, ev 1 isə əzriəçinin atasına məxsus olan evdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmədə şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Ərizəçi ilə qonşudur, onların ata-babaları da qonşu olub, bir-birilərini lap çoxdan tanıyırlar. Ərizəçi atası Mirzə, babasının adı isə Əliyulla olub. Buzovna qəsəbəsi, ev 1 Nəcəfin atası X5 məxsus olub və onlar ata-babadan orda yaşayıblar.

6. Məhkəmədə şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, Ərizəçi tanıyır, onun atası Əliyev Mirzə babası Əliyulla olub, kəndin mollası olub, 1989-cu ildə vəfat edib. Onlar bu evdə çoxdan yaşayırlar, hətta ulu babası da bu evdə yaşayıb. Gözünü açandan onları orda görüb. Evin nömrəsini dəqiq deyə bilmir, ancaq Vəzirov küçəsində yerləşir, bir döngə məsafələri var, həmin həyət X5 məxsus olub.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

7. V-ЖГ seriyalı 407672 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X8, anası X2r.

8. İ-ЖГ seriyalı 400253 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1972-ci il tarixində Bakı şəhərində doğulmuş, atası X8, anası X2r.

9. İİİ-ЖГ seriyalı 266136 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1974-cü ci il tarixində Bakı şəhərində doğulmuş, atası X8, anası X2r.

10. Evlənmək haqqında AЗ seriyalı 258369 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1941-ci il təvəllüdlü X8 (Алиев Мирза Алиюлла оглы) Муртузаева Мирханум Гейдар кызы arasında 10 iyul 1971-ci il tarixində nikah qeydə alınmışdır.

11. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışının təsdiq edilmiş surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1939-1941-ci illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Buzovna qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 31 avqust 1941-ci ildə doğulan X6 təvəllüdü qeyd olunur. Atası: Əliyulla Kulmirzə; Anası: X7 qeyd olunur.

12. AZ-İ seriyalı 627908 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixində Bakı şəhərində vəfat etmişdir.

13. Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-tarixli məktubun surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş (xx.xx.1941-ci il təvəllüdlü) miras qoyan Əliyev Mirzə (X3) mirasə üzrə vərəsəlik işi açıldığı, mirasqoyanın miras əmlakına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Vəzirov küçəsi, ev ünavnında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət daşınmaz əmlak daxil olduğu bildirilərək, həmin əmlak barədə arayış verilməsi xahiş olunmuşdur.

14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2024 tarixli məktubundan görünür ki, təqdim edilmiş notariat ofisinin məktubunda hüquq sahibinin ata adı “Əliyulla” kimi göstərilsə də, texniki pasportda ata adı qeyd olunmamış, eyni zamanda texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Bu səbəblərdən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

15. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətlənirilməsinə aid Xİ 1963-cü il tarixli pasportun təsdiq olunmuş surətindən görünür ki, Buzovna qəsəbəsi, Vəzirov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə aid həmin X15 (Алиев Мирза) adına verilmişdir.

16. Bakı şəhər Soveti İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Xİ 1963-cü il tarixli pasportun təsdiq olunmuş surətindən görünür ki, Buzovna qəsəbəsi, Vəzirov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə aid həmin X15 (Алиев Мирза) adına verilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

17. 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.

18. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

19. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

20. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının:

21. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

22. 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

23. 6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.

24. 6.3-cü bəndinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

26. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına və Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki: 1) qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun; 2) ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3) qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın; 4) hüquq haqqında mübahisə olmasın. (§ 21).

27. Göstərilən hüquqi mövqeyə uyğun olaraq məhkəmə tərəfindən müəyyən olunur ki, Buzovna qəsəbəsi, Vəzirov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən və Bakı şəhər Soveti İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli pasportların ərizəçinin atasına məxus olması faktının müəyyən edilməsi ərizəçinin miras əmlakı vərəsəlik qaydasında əldə edə bilməsi üçün zəruri olmaqla onun əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olur. Həmçinin, iş materiallarından məlum olur ki, müvafiq sənədlər 1963-cü ilə aiddir və onu verən qurumlar artıq mövcud deyil, ona görə həmin sənədlərin hazırda yenidən alınması və ya ondakı uyğunsuzluğun məhkəmədən kənar qaydada aradan qaldırılması mümkün deyil. Eləcə də, iddiaçı və şahidlər tərəfindən sənədlərin aid olduğu fərdi yaşayış evinin və torpaq sahəsinin X5 məxsus olduğu, habelə həmin əmlak barədə heç bir mübahisənin olmadığı təsdiq edilmiş və həmin daşınmaz əmlakla bağlı mübahisə olduğuna dair nə iş üzrə maraqlı şəxs, nə də başqa üçüncü şəxslər tərəfindən etiraz bildirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda hüquqi əhəmiyyəti olan müvafiq faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsaslar mövcuddur.

28. Həmçinin, Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. (§ 22).

29. İşin halları üzrə birinci şərtə münasibətdə müəyyən olunur ki, ərizəçinin atasının şəxsiyyətini təsdiq edən sənəddəki adı (X8) ilə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən və Bakı şəhər Soveti İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli pasportlarda göstərilən adı (Əliyev Mirzə) arasında uyğunsuzluq var, başqa sözlə sonuncu sənədlərdə ata adı (Əliyulla) qeyd edilməyib. İkinci şərtə münasibətdə qeyd olunmalıdır ki, müvafiq sənədlər ərizəçinin miras əmlakı əldə etmək və mülkiyyət hüququnu reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəd olduğundan həmin sənədlər hüquqmüəyyənedici sənəd hesab edilir. Üçüncü şərtə münasibətdə, iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş müvafiq sənədlərin saxlanıldığı təşkilat olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizəçiyə müvafiq sənədlərdə uyğunsuzluq olduğu bildirilərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə müəyyən edilən hallar qeyd olunan şərtlərə uyğun olduğu üçün müvafiq hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında müəyyən edilməsi mümkündür.

30. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 2 ünvanıında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən və Bakı şəhər Soveti İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli pasportlar həqiqətən də X5 məxsusdur.

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanıında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli pasportun və Bakı şəhər Soveti İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli pasportun X5 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

Ərizə təmin edilsin. ünvan 2 ünvanıında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli pasportun və Bakı şəhər Soveti İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli pasportun X5 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar