Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2443/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 X3 Abdullayev küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş pilləkənin sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda onunla üzbəüz qonşuluqda yaşayan Cavabdeh təxminən 2020-ci ildə qanunsuz olaraq pilləkən tikməyə başlamışdır. Onun tikdiyi bu pilləkənin eni təxminən bir metr, uzunluğu isə təxminən yeddi metr, yəni təxminən 7 kv.m təşkil edir. Bu pilləkəni inşa edəndə Cavabdeh həyətində tikdiyi obyektə girib-çıxmağı nəzərdə tutmuşdur. O, ona bir neçə dəfə yaxınlaşıb bu işi dayandırmasını xahiş etmiş və bildirmişdir ki, onun tikdiyi pilləkən küçənin daralmağına, avtomobil və insanların rahat hərəkətinə mane olacaqdır. O isə heç nəyi nəzərə almadan pilləkəni tikib başa çatdırmışdır. Bundan bir müddət sonra məlum koronavirus pandemiyası başladı və demək olar ki, bir sıra aidiyyatı orqanlar pandemiyaya qarşı mübarizəyə səfərbər olduqlarından şikayət etmək mümkün olmamışdır. Bundan sonra o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzaərt Dövlət Agentliyinə rəsmi ərizə ilə müraciət etmişdir. Həmin təşkilatların nümayəndələri gəlib həmin əraziyə baxış keçirmiş, Cavabdehlə söhbət edib tikdiyi pilləkənin qanunsuz olduğunu, küçəni daraltdığını, gediş-gəlişə mane olduğunu ona izah edərək pilləkənin sökülməsini tövsiyə etmişlər. Lakin, bu izah və tövsiyələrin heç birinə Əifağa Ağayev məhəl qoymamış və pilləkən bu günə qədər hələ də sökülməmişdir. Cavabdeh tikdiyi pilləkənə aid olan obyekti stomotoloji kabinet kimi icarəyə vermişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, həmin qanunsuz tikili onun avtomobillə həyətinə (qarajına) girişçıxışına maneələr yaradır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, həmin küçədə üç maşın yan yana dayana və keçə bilər. Qapıya və girişə heç bir maneəçilik yoxdur. İddiaçının icarədarla prinsipi və şəxsi qərəzliyi vardır. Ərazidəki tikililərin hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-12-6/2-379/2023 saylı məktubunun surətindən görünür ki, qonşusu istifadəsində olan qeyri-yaşayış obyektini illər öncə tikdiyini və obyektin səkisinin qabağa çıxışı ilə bağlı heç bir narazılıq olmadığını bildirmişdir. Hazırda aralarında şəxsi münasibətlər zəmnində narazılıqlar və mübahisə yaranmışdır. Bu səbəbdən aidiyyatı orqanlara müraciət edilməsi tövsiyə edilir. - Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı ünvanladığı xx.xx.2023cü il tarixli təkrar məktubdan görünür ki, qeyd olunan əraziyə nümayəndəliyin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan obyektin qabağında bir metr küçəyə çıxaraq pilləkən tikildiyi müəyyən edilmişdir. Cavabdehlə aparılan söhbət zamanı qeyri-qanuni inşa etdiyi pilləkən tikintisinin sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, sözügedən ünvana mütəxəssislər tərəfindən baxış keçirilən zaman qeyro-yaşayış obyektinin illər öncə inşa edilməsi aşkar edilmişdir. Bu məsələ ilə bağlı Xəzər RİH-nə və ya məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-35-1/2-Y-1398-36- 497/2023 saylı məktubundan görünür ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı göstərilən ünvanda yerləşən mövcud qeyri-yaşayış obyektinin yol tərəfə olan fasadına bitişik sahədə uzun müddət öncə pilləkan inşa edildiyi müşahidə edilmişdir. - İşdə olan 2 ədəd fotoşəkildən görünür ki, cavabdeh tərəfindən qoyulmuş pilləkan onun qeyri-yaşayış sahəsinin qarşısında qoyulmuşdur və iddiaçının bildirdiyi kimi küçədə hərəkətə heç bir maneə yaratmır. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun öz yaşayış sahəsindən istifadəsi üçün hər hansı maneə və ya təhlükə yaratmır. Bu səbəbdən, həmin tikili özbaşına tikinti kimi müvafiq qurumların iddiası əsasında sökülməsi qərara alına bilər. Həmçinin, həmin qanunsuz tikilinin mövcudluğunun iddiaçının yaşayış sahəsindən istifadəsinə hər hansı maneə yaratmadığı məhkəmə araşdırması zamanı təsdiq olunduğuna görə, iddiaçını bu iddianı qaldırmaq üçün maraqlı tərəf hesab etmək olmaz. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən (157.4,157.8) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, İddiaçı cavabdehin inşa etdiyi tikilinin küçədən istifadəyə maneə yaratdığını bildirərək iddia qaldırmışdır. Lakin, məhkəmə araşdırması zamanı cavabdehin inşa etdiyi tikilinin iddiaçının yaşayış sahəsindən istifadəsinə maneçilik yaratması, onun hüquq və mənafeyinə hər-hansı qaydada toxunması sübut olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyinə görə ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və yolun əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2443/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2443/2024
09.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver