Məhkəmə qərarları › İş №2(003)-2472/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2472/2025

25.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2472/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 691,2 manat məbləğində və 329,4 manat məbləğində borcların silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə Cavabdeh tərəfindən ******* və ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilməklə ona cərimə yazılmış, bununla bağlı Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etmiş, ona qaz sayğacına müdaxilə edildiyi və bu səbəbdən 691,2 manat və 329,4 manat cərimə yazıldığı bildirilmiş, halbuki o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və müntəzəm olaraq istehlak etdiyi qaza görə ödəniş etmişdir. Onun heç bir təqsiri olmadığı halda və cavabdeh qurum qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsini sübuta yetirmədən ona əsassız olaraq cərimə borcu hesablamışdır. O, müqaviləyə və qanunvericiliyə uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə məsuliyyət daşımır.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, ümumiyyətlə sayğaca heç bir müdaxilə etməyib və edilməsindən də xəbəri olmayıb; ev qaynanasıgilin olub, sonradan vərəsəlik qaydasında bölünüb və o 1969-cu ildən bəri orda yaşayır; xəstə oğlu ilə birlikdə həmin evdə yaşayır; sayğaca nəsə müdaxilə etmək imkanı olmayıb, borc əsassız yazılıb, sayğac hasarın çölündə (küçə tərəfdə) yerləşir, açıqdadır, hər hansı qoruyucu qutusu olmayıb; aktların tərtib edilməsində iştirak etməyib və ona bu barədə heç kim heç bir məlumat verməyib; ona 2 dəfə cərimə hesablanıb, amma bu cərimələrin necə hesablandığını bilmir, bu borcları əsassız və qanunsuz hesab edir və ləğv olunmasını xahiş edir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh İstehsalat Birlyinin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. O, həmçinin İddiaçı məxsus fərdi yaşayış evində yerləşdirilmiş sayğaca mütəxəssislər tərəfindən baxış keçirilərək müvafiq qüsurların aşkar edildiyini və bu faktların aktlarla rəsmiləşdirildiyini, aktın iddiaçı tərəfindən imzalanmaqdan imtina edildiyini, laboratoriya tərəfindən verilmiş rəydə sayğacın klapanının sınıq olduğunun və çıxış plastmas borusunun deşildiyinin qeyd olunduğunu, tələbnaməyə əsasən 90 günlük dövr üzrə borc hesablandığını, cavabdeh qurumun sayğacın işlək vəziyyətdə olmasına cavabdeh olduğunu, ona görə onlar tərəfindən belə qüsurlar aşkar edildiyini bildirmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. 14.02.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent İddiaçı, abonent kodu **********30000, ünvan ünvan 1 sayğac tipi smart G-4 X8, nömrəsi 4800155, quraşdırılma tarixi xx.xx.2019-cu il tarixdir və həmin abonent koduna akt əsasında 05/2018-ci il tarixinə 691,2 manat, 08/2019-cu il tarixinə 329,4 manat borc hesablanmışdır. (səh. 6)

6. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2018-ci il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Cavabdeh İB-in 29/1710-00149 saylı rəyinə əsasən sayğac minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir, sayğacın çıxış plastmas borusu deşilib. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib). (səh.11)

7. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, iddiaçıya məxsus abonent koduna hesabat müddəti 180 gün qəbul olunmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 3456 m3 qaz itkisi hesablanmışdır. Əsas: xx.xx.2018, tarixli, ******* saylı Akt. (səh. 10)

8. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2019-cu il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Cavabdeh İB-in 29/1710-00622-2 saylı rəyinə əsasən, 1702AZ**********50 nömrəli sayğacın klapanı sınıqdır, sayğacın çıxış plastmas borusu deşilib. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib). (səh. 9)

9. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, iddiaçıya məxsus abonent koduna hesabat müddəti 90 gün qəbul olunmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 3294 m3 qaz itkisi hesablanmışdır. Əsas: xx.xx.2019-cu il tarixli, ******* saylı Akt. Habelə tələbnamədə qeyd olunur ki, sənaye və məişət qaz sayğaclarını kalibretmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli, 29/1710-00622-2 saylı Aktına əsasən G-4 markalı 1702AZ**********50 nömrəli sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilərək təbii qaz itkisi yaranmışdır. (səh. 8)

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

11. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

14. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun:

16. 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

17. 4.1-ci maddəsinə əsasən, istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir.

18. 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

19. 1.3 və 1.4-cü bəndlərinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

20. 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.

21. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

22. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

23. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

24. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

25. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Məhkəmənin möqeyi:

26. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə təmin edilməlidir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına əsasən qətnamə çıxarılmalıdır. Ona görə, hazırki mübahisə predmetinin “əsassız hesablanmış borcun silinməsi” olduğu və həmin borc məbləğlərinin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli aktlar və tələbnamələr əsasında hesablandığı nəzərə alınaraq, müvafiq dövrdə qüvvədə olmuş yuxarıda qeyd olunan maddi hüquq normaları tətbiq olunmalıdır.

28. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında təbii qazın alqı-satqısına dair müqavilə mövcuddur. Yəni tərəflər arasında müqaviləyə əsaslanan öhdəlik münasibətləri olmuşdur.

29. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh tərəfindən iddiaçıya təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 691,2 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 329,4 manat borc hesablanmışdır. (§ 5-9)

30. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2019-cu il tarixli, ******* saylı aktlar və onların əsasında hesablanmış borc əsassız və qanunsuzdur. Belə ki, iddiaçı sayğaca onun tərəfindən heç vaxt müdaxilə edilmədiyini, yoxlama zamanı və akt tərtib edilərkən iştirak etmədiyini və cavabdeh tərəfindən qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi və onun təqsirliliyi sübuta yetirilmədən əsassız olaraq borc hesabladığını iddia edir. Cavabdeh isə etirazında mütəxəssislər tərəfindən iddiaçının evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən klapanın sınıq olduğunun və çıxış plastmas borusunun deşildiyinın aşkar edildiyini, bu faktların aktlarla rəsmiləşdirildiyini və iddiaçıya qanuna uyğun borc hesablandığını irəli sürmüşdür.

31. Prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. (MPM 14.2, 77.1) Məhkəmə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən aktların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq aktlar əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi aktların qanuniliyini, o cümlədən həmin aktlarda qeyd edilmiş qüsurları və həmin qüsurların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü aktı qəbul etmiş orqanın, yəni Cavabdeh üzərinə düşür.

32. Belə ki, cavabdehin abonentə (iddiaçıya) məxsus sayğaca mütəxəssislər tərəfindən baxış keçirilərkən sayğacın klapanının sınıq olduğunun və çıxış plastmas borusunun deşildiyinin aşkar edildiyinə və bu faktın müvafiq olaraq laboratoriya rəyləri və aktlar əsasında təsdiq olunduğuna dair dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:

33. Birincisi, cavabdeh tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini bildirir. Qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. (§ 17) Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. (§ 25) Halbuki iş materiallarından görünür ki, həqiqətən də aktlarda iddiaçının imzası yoxdur və onun adının qarşısında “imtina etdi” qeyd edilmişdir. (§ 6, 8) Habelə cavabdeh məhkəmə iclasında iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini sübuta yetirə bilməmişdir.

34. İkincisi, ******* saylı aktda istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2019-cu il tarixində yoxlama aparıldığı və “29/1710-00622-2 saylı laboratoriya rəyinə əsasən (§ 8), tələbnamədə isə kalibretmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli, 29/1710-00622-2 saylı aktına əsasən (§ 9) sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilərək təbii qaz itkisi yarandığı qeyd olunmuşdur. Rəyin yoxlama keçirilən və akt tərtib edilən tarixdən 4 ay əvvəl verilməsi heç bir halda əsaslı sayıla bilməz. Eləcə də ******* saylı aktın xx.xx.2018-ci il tarixində tərtib edilməsinə baxmayaraq, (§ 6), tələbnamədə xx.xx.2018, tarixli Aktın əsas alındığı qeyd olunur (§ 7).

35. Digər tərəfdən, cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün borc hesablanan zaman hesabat müddəti xx.xx.2018-ci il tarixli tələbnamə ilə 180 gün, xx.xx.2019-cu il tarixli tələbnamə ilə isə 90 gün qəbul olunmaqla fərqli mövqe göstərilmişdir. Cavabdeh məhkəmə iclasında hesabat müddətlərinin nəyə görə belə fərqli müəyyən edilməsini əsaslandıra bilməmişdir.

36. Beləliklə, qeyd olunan hallar cavabdeh tərəfindən yoxlama aparılarkən və akt tərtib edilərkən qanunvericiliyin tələbinin pozulduğuna dəlalət edir. Həmçinin cavabdeh tərəfindən tərtib edilmiş aktların və digər sənədlərin daxilən ziddiyətli olması və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi həmin aktların doğruluğunu, əsaslılığını və mötəbərliyini şübhə altına alır. Bu səbəbdən və eyni zamanda cavabdeh tərəfindən məhkəmə iclasında əksi sübuta yetirilmədiyi üçün bu aktlar iddiaçı tərəfindən müvafiq pozuntu hallarına yol verildiyini təsdiq edən əsaslı, şübhədən kənar və mötəbər sübut kimi qiymətləndirilə bilməz.

37. Bununla yanaşı, cavabdeh sayğacda yaranan qüsurların məhz iddiaçının (istehlakçının) təqsiri nəticəsində yarandığını sübuta yetirməli olduğu halda sübuta yetirə bilməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (§ 12, 13). Eləcə də, qaydalara əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarının müvafiq örtüklə örtülməsini təmin etmək, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasını təmin etmək, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirmək, onları texniki cəhətdən saz vəziyyətdə saxlamaq, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacını təmir etmək, texniki baxışdan keçirmək, dəyişdirmək öhdəliyini (məsuliyyəti) qaz paylayıcısı daşıyır. (§ 20-25).

38. Qeyd olunan normaların tələbinin hazırki işə tətbiqi baxımından məhkəmə qeyd edir ki, iddiaçıya (fiziki şəxs olan istehlakçıya) məxsus olan və hasarın çölündə yerləşən sayğacın müvafiq qoruyucu örtüklə örtülməsi, onun işlək vəziyyətdə saxlanılması, texniki cəhətdən saz vəziyyətdə saxlanılması iddiaçının risk dairəsinə daxil olan öhdəliklər deyil. Belə olan halda istehlakçının daşımadığı öhdəliklərin yerinə yetirilməsini ondan tələb etmək əsassızdır. Eləcə də, sayğacdakı qüsurların delikt çərçivəsində iddiaçının təqsirli, hüquqazidd əməli (hərəkətləri və ya hərkətsizliyi) nəticəsində yarandığı da iş materiallarında olan heç bir sübutla təsdiq olunmur və cavabdeh də məhkəmə iclasında bu halı sübuta yetirə bilməmişdir. Belə olan halda, iddiaçının vurmadığı və təqsirli olmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur.

39. Beləliklə, məhkəmə araşdırması zamanı sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyi və sayğacda yaranmış qüsurların məhz iddiaçının təqsiri və hüquqazidd hərəkətləri nəticəsində yarandığı, habelə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edildiyi sübuta yetirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, əsassız hesablanmış borcun silinməsi tələbi əsaslıdır və ona görə iddia təmin edilməlidir.

40. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən və məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

42. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

43. Qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, iddianın qiyməti 1020,6 manat təşkil etdiyindən, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, ödənilməli olan 30,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, mdəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (ünvan: ünvan 2 **********30000) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 691,2 AZN (altı yüz doxsan bir manat iyirmi qəpik) və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 329,4 AZN (üç yüz iyirmi doqquz manat qırx qəpik), cəmi 1020,6 AZN (bir min iyirmi manat altmış qəpik) məbləğində borc silinməli, 30,2 AZN (otuz manat iyirmi qəpik) məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********30000) təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 691,2 AZN (altı yüz doxsan bir manat iyirmi qəpik) və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 329,4 AZN (üç yüz iyirmi doqquz manat qırx qəpik), cəmi 1020,6 AZN (bir min iyirmi manat altmış qəpik) məbləğində borc silinsin. 30,2 AZN (otuz manat iyirmi qəpik) məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar